Modern.az

Köçkünlük bitir, xidməti evlər Şəhid ailələri və qazilərə veriləcək

Köçkünlük bitir, xidməti evlər Şəhid ailələri və qazilərə veriləcək

Qarabağ

17 İyul 2023, 11:48

İşğaldan azad olunmuş ərazilərə köç davam edir. Zəngilanın Ağalı kəndindən sonra Laçın şəhər sakinləri öz evlərinə qayıdırlar. Uzun illər yurd həsrətilə yaşayan sakinlər müvəqqəti məskunlaşdıqları evləri şəhid ailələri və qazilərə əmanət edərək, yeni bir həyata qədəm qoyurlar. Keçmiş köçkünlərin mənzillərinin qayıdış üçün canlarını fəda etmiş şəhidlərimizin ailələrinə verilməsinin çox böyük mənəvi tərəfi var. Onlar belə bir addım atmaqla sanki şəhid ailələri qarşısında mənəvi borclarını qaytarmağa çalışırlar.

 

Mən şəhid xanımı kimi bu təşəbbüsü dəstəkləyirəm...

 

Xankəndi şəhərinin keçmiş deputatı, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Modern.az-a bildirib ki, keçmiş məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələri və qazilərə verilməsi gözəl təşəbbüsdür.

 

 

Onun sözlərinə görə, bu addım ilk növbədə Azərbaycan dövlətinin və xalqının şəhid ailələrinə, qazilərə olan hörmət və diqqətinin göstəricisidir.

 

“Keçmiş köçkünlərin yaşadıqları evlərin şəhid ailələrinə, eləcə də qazilərə verilməsi mənəvi baxımdan çox əhəmiyyətli addımdır. 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərimiz, ağır zədələr almış qazilərimiz var. Onlar hər zaman dövlətin diqqət mərkəzindədir. Əlbəttə, Azərbaycan xalqı şəhidlərimizin əmanətlərinə həmişə hörmətlə yanaşır, onlara dəstək olur. Belə məqamda keçmiş köçkünlərin evlərinin şəhid ailələrinə verilməsini müsbət qiymətləndirilməlidir. İnanmıram ki, kimsə buna etiraz etsin. Onlara qayğı göstərmək nəinki dövlətin, hər birimizin borcudur. Təbii ki, bütün şəhid ailələri, qazilər evlə təmin olunmalıdır. Dövlətimiz tərəfindən bu istiqamətdə böyük işlər görülür. Biz 30 il torpaq həsrəti çəkmiş adamlarıq. Mən keçmiş köçkün ailəsi kimi, şəhid vermiş ailənin nümayəndəsi kimi bunu çox müsbət dəyərləndirirəm”, - şəhid xanımı vurğulayıb.

 

Hər birimiz şəhidlərimizə borcluyuq…

 

 

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov isə hesab edir ki, mənzillərin şəhid ailələrinə verilməsinin siyasi əhəmiyyəti də kifayət qədər çoxdur.

 

“Qeyd etmək lazımdır ki, bunun mənəvi əhəmiyyəti həddindən artıq böyükdür. Həmçinin siyasi əhəmiyyəti də kifayət qədər önəmlidir. Hər birimiz Qarabağda əldə etdiyimiz Zəfərə görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların sayəsində torpaqlarımızı azad etdik və məğlub xalqdan qalib xalqa çevrildik. Bu gün bizim məcburi köçkün olan insanlarımız məhz şəhidlərin qəhramanlıqları sayəsində öz doğma yurdlarına qayıdırlar. Biz əslində bu günü çox böyük səbirsizliklə gözləyirdik. Bu günün gəlməsini ən çox gözləyənlər isə məhz məcburi köçkünlər idi. Məcburi köçkünlər üçün tikilən evlər artıq şəhid ailələrinə verilir. Bununla da məcburi köçkünlər öz mənəvi borclarını yerinə yetirirlər. Onların etdiklərini çox yüksək qiymətləndiririk. Cənab Prezidentin rəhbərliyi ilə Böyük Qayıdış olduqca sürətlə həyata keçirilir. Görünən odur ki, biz ən qısa vaxtda öz doğma yurdumuza qayıdacağıq. Bu, həm də onu deməyə əsas verir ki, Azərbaycan bütün hədəflərinə çatacaq”,- parlamentari vurğulayıb.

 

Bu addım mənəvi zənginlikdən irəli gəlir…

 

 

Deputat Aydın Mirzəzadənin fikrincə, bu addım Azərbaycan xalqının necə yüksək mənəvi dəyərlərə malik olduğunu göstərir.

 

“Məcburi köçkünlər xalqımızın dəyərli bir hissəsidir. Onlar 30 il ərzində hər cür çətinliklərə dözüblər və hər zaman dövlətçiliyimizin, Prezidentimizin yanında olublar. Artıq onlar tədricən öz doğma yurdlarına qayıdırlar. Biz dövlət tərəfindən onlara yaşamaq üçün verilən mənzillərin şəhid və qazi ailələrinə verilməsi ilə bağlı məlumatlar alırıq. Bu, onu göstərir ki, onların qəlblərində şəhid və qazi ailələrinə böyük bir məhəbbət var. Məcburi köçkünlər vaxtilə dövlətin onlara verdiyi mənzilləri şəhid ailələrinə verməkdən məmnunluq hissi duyurlar. Mən məcburi köçkünlərə bu xoş məramlarına görə təşəkkürümü bildirirəm. Məcburi köçkünlərin arasında dostlarım, qardaşlarım, tələbə yoldaşlarım, keçmiş iş yoldaşlarım var. Bu addım Azərbaycan xalqının nə qədər zəngin mənəvi dəyərlərə malik oldugunu göstərir. Eyni zamanda bütün dünya Azərbaycan xalqının torpağına bağlı olduğunu görür”, - YAP funksioneri əlavə edib.

 

Qeyd edək ki, qanunvericiklə də məcburi köçkünlərin istifadə etdikləri mənzillərdən onlar öz torpaqlarına qayıdana qədər istifadə edə bilərlər. Onların öz dədə-baba yurdunda evləri bərpa olunduqdan sonra həmin mənzillər dövlətin balansına keçir. İndiki vaxtda isə həm Şəhid ailələri, həm də qazilər üçün mənzillər vacibdir. Eyni zamanda öz dogma torpağında mənzillə təmin edildikdən sonra məcburi köçkünlüyün bütün güzəştləri bitir. Bu isə o deməkdir ki, yaxın zamanlarda məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdacaq. Məcburi köçkünlük həyatı tamamən bitəcək. Məcburi köçkünlərin xidməti istifadələrində olan mənzillər Şəhid ailələri və qazilərə veriləcək. Bütün Şəhid ailələri və qazilərəmiz evlə təmin olunacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti