44 günlük müharibədən sonra Qarabağ iqtisadi rayonunda bərpa və yenidənqurma işlərinin aparılması, bölgə iqtisadiyyatının inkişaf etdirilməsi prioritet hesab olunur. Bu kontekstdə Qarabağ iqtisadi rayonunda kiçik və orta sahibkarlığın inkişafı da çox vacibdir. Bunun üçün regionda bu sahə ilə bağlı mövcud vəziyyət öyrənilməli, gələcək perspektivlər, güclü və zəif tərəflər araşdırılmalı, imkanlar və təhdidlər nəzərdən keçirilməlidir.
Əvvəlcə qeyd edək ki, Qarabağ iqtisadi rayonu 2021-ci ildə təsis olunub. İqtisadi rayona Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Şuşa, Tərtər, Xocalı və Xocavənd rayonları, eləcə də Xankəndi şəhəri daxildir.
Bölgədə sahibkarlıq fəaliyyətinin inkişafı üçün hansı şərait var?
Regionun başlıca güclü tərəflərindən biri coğrafi müxtəlifliyidir ki, bu, iqtisadi imkanların diversifikasiyasına fürsət yaradır. Həm dağlıq, həm də düzən əraziləri əhatə edən bölgədən çoxlu çaylar keçir. Kənd təsərrüfatı sahəsində dənli və dənli-paxlalı bitkilər, pambıq, şəkər çuğunduru, günəbaxan, kartof, tərəvəz, bostan bitkiləri, müxtəlif giləmeyvələr, üzüm istehsalı üçün böyük potensial var. Strateji məhsul olan taxıl və pambıq xüsusi çəkisi ilə seçilir. İşğal vaxtı da regiondan taxılçılıqda geniş istifadə olunub. Bölgədə anbar təsərrüfatı sahəsində yaxşı imkanlar var. Region təbii sərvətlər və faydalı qazıntılar, tikinti materialları ilə zəngindir ki, bu, sənaye və tikinti üzrə fəaliyyət göstərmək üçün olduqca əlverişlidir.
Xammal tədarükü və satışın təşkilində vacib olan nəqliyyat və logistika infrastrukturu qurulmaqdadır. Xüsusən, nəqliyyat, eləcə də ticarət və nəqliyyat vasitələrinin təmirində ixtisaslaşan biznes subyektləri üçün əlverişli fürsətlər yaranacaq. Naxçıvan istiqamətində kommunikasiyanın açılması regionu beynəlxalq nəqliyyat qovşağına yaxınlaşdıracaq, eyni zamanda biznes subyektlərinin öz məhsullarını xarici bazarlara çıxarmasını asanlaşdıracaq.
Turizm sahəsi ilə bağlı təbii rekreasiya, ekoturizm və aqroturizm imkanları mövcuddur. Xüsusən, Qarabağda zəngin tarixi və mədəniyyət abidələri yerləşir.
Zəif tərəflərə gəldikdə, bunlar işğalın vurduğu iqtisadi zərərlə əlaqədardır. Belə ki, işğal dövründə region iqtisadiyyatı tam dağıdılıb və tənəzzül edib. Bu səbəbdən iqtisadiyyat tamamilə bərpa olunmalı və iqtisadi münasibətlər yenidən qurulmalıdır. Habelə təsərrüfat sıfırdan yaradılmalıdır. Bu, uzun müddət tələb edir. 30 ilə yaxın regionda əhali olmayıb. Əhali həm kadr potensialı və işçi qüvvəsi, həm də alıcı və istehlakçı deməkdir. Yəni biznesin inkişafı üçün məcburi köçkünlərin qayıdışı vacibdir. Lakin obyektiv və subyektiv amillər bu prosesin uzanacağını göstərir.
Digər zəif cəhət kəskin militarizasiyadır. Qarabağda böyük ərazilər minalanmışdır. Bu, yenidənqurma və bərpa prosesini ləngidir. Ərazidə partlamamış sursatlar da var. Ekoloji cinayətlərlə təbii şəraitin pozulması, münaqişə dövründə xarici sərmayədarlar üçün yaranmış mənəvi-psixoloji təzyiq, sülhməramlıların nəzarətindəki hissənin iqtisadi potensialının realizasiyası məsələsi və bölgədə yaşayan ermənilərin Azərbaycana reinteqrasiya problemləri və s. hərbi-siyasi maneələr Qarabağda biznesin inkişafı üçün zəif tərəflərdir.
Bununla belə, dövlətin fiskal və monetar alətlərlə müxtəlif stimullaşdırıcı addımlar atması nəzərdə tutulub. Məsələn, biznes subyektlərinə vergi və gömrük güzəştləri, bürokratik sadələşdirmələr, rüsumlardan azad edilmə, maliyyə yardımları, güzəştli kreditlər, ödənişsiz təlim və kurslar və s. Qarabağ iqtisadi rayonunda kiçik və orta sahibkarlığın inkişaf etməsi üçün geniş imkanlar açacaq.
Bölgədə "Yaşıl enerji" zonalarının elan edilməsi də mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu məqsədlə müvafiq konsepsiyanın və planın hazırlanması üzrə ixtisaslaşmış beynəlxalq konsaltinq şirkətinin təyin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 391 040 manat ayrılmasına qərar verilib. Bu, xarici sərmayədarların regiona marağını artıracaq ki, nəticədə biznesin inkişafı üçün əlverişli imkanlar daha da genişlənəcək.
Qeyd etmək lazımdır ki, Qarabağ iqtisadi rayonunda kiçik və orta biznesin inkişafı üçün problem təşkil edən amillərin mütləq əksəriyyəti iqtisadi yox, hərbi-siyasi xarakterə malikdir. Məsələn, üçtərəfli bəyanata baxmayaraq, qanunsuz erməni silahlı birləşmələri ərazidən hələ də tam çıxarılmayıb. Bu, stabilliyə, sülh və təhlükəsizliyə mane olur, eləcə də iqtisadi və sosial çətinliklər yaradır. Tez-tez təxribatlar törədilir, atəşkəs pozulur və eskalasiya riski artır.
Siyasi və hərbi sabitliyin iqtisadi inkişafa təsirini nəzərə alsaq, problemin ciddiliyi daha qabarıq formada özünü büruzə verər və mənzərə daha aydın görünər. Kommunikasiyaların açılmasının gecikdirilməsi, sülh müqaviləsinin hələ də imzalanmaması və sərhədlərin demarkasiya və delimitasiya prosesinin uzanması iqtisadi vəziyyətə, inkişaf perspektivlərinə, o cümlədən kiçik və orta biznesin inkişafına mənfi təsir göstərir.
Ümumilikdə, Qarabağ iqtisadi rayonunun böyük iqtisadi potensialı var. Regionun təbii şəraiti, qurulan infrastruktur və s. amillər müxtəlif sahələrdə ixtisaslaşan biznes subyektləri üçün parlaq gələcək vəd edir. Lakin görülməli olan işlər də var. Ekoloji problemlər, məcburi köçkünlərin qayıdışı, minatəmizləmə, hərbi-siyasi təhlükələr, regionda iqtisadi stabillik, yenidənqurma və bərpa prosesinin sürətləndirilməsi, xüsusi güzəştli şərtlərin tətbiqi, əlverişli mühitin formalaşdırılması işləri həyata keçirilməli, həmçinin ümumölkə miqyasındakı bir sıra iqtisadi xarakterli problemlər həllini tapmalıdır.
Modern Təhlil və Araşdırma Qrupu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda dərc olunub.