Modern.az

Taxıl sazişi: Ərdoğan israr edir, Putin narazıdır...

Taxıl sazişi: Ərdoğan israr edir, Putin narazıdır...

Analitika

18 İyul 2023, 09:00

Rusiya iyulun 17-də Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdə iştirakını dayandırıb. Kreml sazişin Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddia edir. 

 

Sazişin bağlanmasında vasitəçilik edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacağını bildirib.

 

"Vladimir Putinlə "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcəyik. Putinin "Taxıl sazişi"nin uzadılmasını istədiyini bilirəm", - Ərdoğan deyib.

 

Ukrayna lideri Volodimir Zelenski isə bildirib ki, əslində Rusiya Ukrayna ilə deyil, Türkiyə və BMT ilə imzaladığı sazişi pozub. 

 

“Bizim iki razılaşmamız vardı: Ukrayna, Türkiyə, BMT; digər razılaşma isə Rusiya, Türkiyə, BMT-dir. Ona görə də Rusiya iştirakını dayandırdığını deyəndə, BMT-nin Baş katibi Quterreş və Prezident Ərdoğanla razılaşmalarını pozur, bizimlə yox. Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb”, - deyə Zelenski vurğulayıb. O diqqətə çatdırıb ki, Ukrayna taxıl sazişini davam etdirməyə hazırdır, lakin bunun üçün Türkiyə və BMT-dən cavab lazımdır.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın sazişə qayıtması şərtini açıqlayıb. Ötən gün mətbuata açıqlama verən Putinin sözçüsü deyib ki, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən zaman Moskva dərhal taxıl sazişinə qayıdacaq.

 

Modern.az oxucuların marağını nəzərə alaraq sazişlə bağlı maraqlı məlumatları diqqətə çatdırır.

 

22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib. Taxıl sazişi yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çornomorsk və Pivdennyi limanlarına təhlükəsiz keçməsinə imkan verir. Razılığa əsasən, 2022-ci ilin avqust ayının əvvəlindən taxılın daşınmasına başlanılıb.

 

Sazişə uyğun olaraq gəmilər yük yerlərinin boş olduğundan əmin olmaq üçün İstanbul yaxınlığında yoxlamadan keçir, daha sonra yüklənmək üçün dəniz humanitar dəhlizindən keçərək Ukrayna limanlarına yol alırdı. Dəhliz İstanbuldakı Koordinasiya Mərkəzi tərəfindən yaradılıb və gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün 24/7 rejimində nəzarət edilib. Dönüş yolunda olan gəmilər İstanbul yaxınlığında yenidən yoxlanılıb.

 

 

Nə qədər taxıl daşınıb?

 

BMT-nin məlumatına görə, taxıl sazişi çərçivəsində bu vaxtadək Ukraynadan 32,9 milyon ton taxıl və digər məhsullar ixrac edilib. İxrac edilən məhsulun 51%-ni qarğıdalı, 27%-ni taxıl, 6%-ni günəbaxan yemi, 5%-ni günəbaxan yağı, 11%-ni isə digər məhsullar təşkil edib.

 

Saziş çərçivəsində Ukraynadan ən çox məhsul idxal edən ölkələr aşağıdakılardır: 

 

1. Çin – 8 milyon ton;
2. İspaniya – 6 milyon ton;
3. Türkiyə - 3,2 milyon ton;
4. İtaliya – 2,1 milyon ton;
5. Niderland – 2 milyon ton;
6. Misir – 1.6 milyon ton;
7. Banqladeş – 1.1 milyon ton.

 

Saziş dünyada ərzaq böhranının qismən aradan qaldırılmasınnda mühüm rol oynadı. BMT bildirir ki, taxıl sazişi bütün dünyada insanlara fayda verib, çünki saziş qlobal bazara daha çox ərzaq məhsulu çıxarıb və buna görə də qiymətləri aşağı salıb. 

 

 

Bəs Rusiya niyə narazıdır?

 

Bir neçə dəfə uzadılan İstanbul sazişi iyulun 17-də başa çatıb və Rusiya sazişdə iştirakını dayandırıb. Rusiya Prezidenti Vladimir Putin çıxışlarında Ukraynanı inkişaf etməkdə olan ölkələrə məhsul ixrac etmədiyinə görə tənqid edib. Ancaq BMT-nin məlumatlarına görə, Əfqanıstan, Efiopiya, Keniya, Somali, Sudan və Yəmənə humanitar yardım üçün Ukraynadan 625 min ton yük göndərilib. 2022-ci ildə BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən alınan buğdanın yarıdan çoxu məhz Ukraynadan gətirilib.


Üstəlik Rusiya sazişin özünə məxsus olan hissəsinin yerinə yetirilmədiyini deyir. Rəsmi Moskva bildirir ki, Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqqında saziş icra edilməyib.

 

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, sazişdə nəzərdə tutulan naviqasiya təhlükəsizliyinə dair təminatlar ləğv edilib, dənizdəki humanitar dəhliz məhdudlaşdırılıb, Qara dənizin şimal-qərbində müvəqqəti təhlükəli ərazi rejimi bərpa olunub, habelə İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzi fəaliyyətini dayandırıb.

 

Bundan əlavə, Rusiya Ukrayna, Türkiyə və BMT-yə taxıl müqaviləsinin uzadılmasına etiraz məqsədi ilə məlumat verib. Kremldən bildirilib ki, taxıl müqaviləsi Rusiyanın şərtləri yerinə yetirilənə qədər dayandırılıb. Bununla belə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, həmkarı Vladimir Putin taxıl müqaviləsinin uzadılmasında maraqlıdır. Ərdoğan hazırda tazıl sazişi ilə bağlı dünyanı düşündürən bir çox suallara aydınlıq gətirmək üçün rusiyalı həmkarı ilə danışıqlar aparmaq niyyətindədir. Lakin danışıqların nə vaxt olacağı hələ bəlli deyil.

 

Modern.az Təhlil və Araşdırma Qrupu

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər