Modern.az

İmran Cəfərzadə Almaniyada əməliyyat olunub, vəziyyəti kafidir

İmran Cəfərzadə Almaniyada əməliyyat olunub, vəziyyəti kafidir

Təhsil

27 İyul 2013, 16:49

Xaçmazdakı “Nabran Holiday Village" istirahət mərkəzində bir ayağını itirərək ciddi xəsarət almış 2 yaşlı İmran Cəfərzadə Almaniyanın ən yaxşı klinikalarından olan "Charite"də əməliyyat olunub.
Bu barədə əməkaşımıza onun xalası Əzizə Baxşıyeva bildirib. 6 saatdan çox çəkən əməliyyat dünən baş tutub. Əməliyyatdan sonra reanimasiyaya yerləşdirilən İmranın ayaqlarına xüsusi cihazlar - fiksatorlar qoyulub ki, infeksiya yaranarsa, onu sorsun, sağalmaya kömək etsin. Xalası onun vəziyyətinin kafi olduğunu bildirib.   
Amma İmranın ayağının yenidən əməliyyat olunacağı da gözlənilir.

Xatırladaq ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində atası ilə hovuzda çimərkən ağır xəsarət alıb. Onlar çimərkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb. Onun sağ ayağı qopub, digəri isə ağır xəsarətdən sonra yerinə tikilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən İmran Cəfərzadəyə zəruri tibbi yardımın göstərilməsi üçün təşkilati məsələlər həyata keçirilib.  

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Mədəniyyət və Turizm Nazirliyi "Nabran Holiday Village" istirahət mərkəzinin lisenziyasını ləğv edib.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım