Modern.az

Prezident 2 yaşlı İmran Cəfərzadə ilə bağlı istintaqı şəxsi nəzarətə götürdü

Prezident 2 yaşlı İmran Cəfərzadə ilə bağlı istintaqı şəxsi nəzarətə götürdü

Ölkə

29 İyul 2013, 10:52

İyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində ağır bədən xəsarətləri almış İmran Cəfərzadənin müayinə və müalicəsi, eyni zamanda baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzarətə götürülüb, həmin iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.

Bu barədə Modern.az-a Respublika Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, cinayət işinin istintaqı Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzarətə götürülüb, həmin iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.

Cinayət işi üzrə zəruri ekspertizalar, o cümlədən, məhkəmə-texniki, məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər istintaq hərəkətləri yerinə yetirilib.

Ədliyyə Nazirliyinin Məhkəmə-ekspertiza mərkəzinin 25 iyul 2013-cü il tarixli ilkin rəyi ilə müəyyən edilmişdir ki, istirahət mərkəzinin vəzifəli və digər şəxslərinin xidməti vəzifələrinə laqeyd münasibətləri nəticəsində “Su attraksionları. Konstruksiyalarının təhlükəsizliyi” standartının  6.4-cü bəndinin tələbləri kobud şəkildə pozulmuş və nəticədə azyaşlı İ.Cəfərzadə ağır bədən xəsarətləri alıb.

Cinayəti törətməkdə şübhəli bilinən “CTF” firmasının və “Nabran Holiday Village” istirahət mərkəzinin direktoru Rəşad Zərbəliyev, istirahət mərkəzinin icarəçisi Firdovsi İsmayılov və istirahət mərkəzində hovuz xidmətçisi vəzifəsində işləyən Aslan Hacıməmmədkərimov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.

“İş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla “CTF” firması və “Nabran Holiday Village” istirahət mərkəzinin fəaliyyətindəki qanun pozuntularının və həmin qanun pozuntularına yol vermiş digər təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək”-deyə rəsmi məlumatda bildirlir.

Qeyd edək ki, Xaçmazdakı “Nabran Holiday Village" istirahət mərkəzində bir ayağını itirərək ciddi xəsarət almış 2 yaşlı İmran Cəfərzadə Almaniyanın ən yaxşı klinikalarından olan "Charite"də əməliyyat olunub.
Bu barədə əməkaşımıza onun xalası Əzizə Baxşıyeva bildirib.  Əməliyyatdan sonra reanimasiyaya yerləşdirilən İmranın ayaqlarına xüsusi cihazlar - fiksatorlar qoyulub ki, infeksiya yaranarsa, onu sorsun, sağalmaya kömək etsin. Xalası onun vəziyyətinin kafi olduğunu bildirib.  
 
Amma İmranın ayağının yenidən əməliyyat olunacağı da gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi