Modern.az

Universitetlərin bölgələrə köçürülməsi yenidən gündəmdə - Yaxın vaxtlarda...

Universitetlərin bölgələrə köçürülməsi yenidən gündəmdə - Yaxın vaxtlarda...

Təhsil

20 İyul 2023, 11:04

Son illər Bakıda ciddi sıxlıq müşahidə edilir. Regionlardan paytaxta kütləvi axının davam etməsi, eyni zamanda nəqliyyat vasitələrinin sayının artması səbəbindən küləklər şəhəri xeyli yüklənib. Ölkə əhalisinin böyük hissəsi məhz paytaxtda cəmləşib. Nəticədə şəhərdə həm insan, həm də nəqliyyat vasitələrinin sıxlığı dözülməz hal alıb. Xüsusilə də tədris ili ərzində yalnız pik saatlarda deyil, günün istənilən saatında tıxac müşahidə etmək olar.

 

Mövcud vəziyyətdən çıxış yolu ilə bağlı müxtləlif təkliflər səsləndirilir, mətbuatda və sosial şəbəkələrdə tez-tez müzakirələr açılır. Deputatlar və ictimaiyyət nümayəndələri tərəfindən ən çox ortaya qoyulan fikir  Bakıda yerləşən bir sıra universitetlərin bölgələrə köçürülməsi ilə bağlıdır.

 

Ölkəmizdə təhsil ocaqlarının böyük bir qismi, habelə iri müəssisələr paytaxtda yerləşib. Dünyanın əksər ölkələrində iri təhsil müəssələri, çoxsaylı işçiləri olan müəssisələr və böyük qurumlar yalnız paytaxtda deyil, bölgələrdə də fəaliyyət göstərir. Bu, həm sıxlığın, həm də bölgələrin iqtisadi potensialının gücləndirilməsi üçün önəmli addımdır. Bizdə isə vəziyyət tamamilə fərqlidir.

 

 

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. Bakıda yerləşən ali təhsil müəssisələrinin sayı 35-dir. Ölkədə ümumilikdə 167 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 130 947 ( bakalavr), 11 740 ( magistr) nəfər Bakıda təhsil alır.

 

Rəqəmlərdən də göründüyü kimi, bu qədər təhsil müəssisəsinin bir şəhərdə fəaliyyət göstərməsi paytaxtdakı sıxlığın əsas səbəblərindən biri hesab oluna bilər. Dünya təcrübəsində belə mənzərəyə nadir hallarda rast gəlmək olar.

 

Bəs problemi və çıxış yolunu bildiyimiz halda, universitetlərin bölgələrə köçürülməsi niyə reallaşmır? Buna nə mane olur?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Azərbaycanda yeni universitetlərin yaradılmasına ehtiyac olduğunu bildirib.

 

“Nəzərə almaq lazımdır ki, universitetlərin köçürülməsi asan məsələ deyil. Mən bütün universitetlərin Bakıdan kənara köçürülməsinin tərəfdarı deyiləm  və düşünmürəm ki  bütün sıxlığın əsas səbəbi Bakıda universitetlərin olmasıdır. Türkiyə nümunəsində görə bilərik ki, orada hər iri şəhərdə ayrıca universitet fəaliyyət göstərir. Biz də böyük şəhərlərdə bu məsələyə baxa bilərik və bəzi sahələr üzrə eyni istiqamətdə eyni sahədə fəaliyyət göstərən universitlərin köçürülməsi məsələsini nəzərdən keçirə bilərik”, - parlamentari vurğulayıb.

 

Təhsil eksperti Kamran Əsədov isə universitetlərin şəhərdən kənara köçürülməsini məqsədəduyğun hesab edir.

 

Onun fikrincə, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının artmasına səbəb olur, universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi və ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır.

 

 

“Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetdir. Çünki bu universitetlərin binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt , Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı. Bu, həm də Bakıətrafı ərazilərin inkişafına təkan verərdi.

 

Dünya təcrübəsinə gəlincə, Amerikada və  başqa böyük ölkələrdə universitetlər şəhərdə və şəhərdən kənarda yerləşir. Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedə bilərlər”, - Kamran Əsədov vurğulayıb.

 

“Xatırladım ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu, o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik”, - deyə ekspert əlavə edib.

 

Jalə Rövşən

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi