Ukraynanın əks-hücumunun ləng getməsi heç də təəccüblü deyil.
Modern.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri üçün irəliləyiş asan olmayacaq.
MKİ rəhbərinin fikrincə, hücum etmək müdafiədən qat-qat çətindir: "Məncə, əks-hücumun çətin iş olması heç kəsi təəccübləndirməməlidir".
Baş kəşfiyyatçı qeyd edib ki, Rusiya hərbçilərinin Ukraynanın cənubundakı Zaporojyedə təkcə uzunmüddətli müdafiə deyil, həm də kifayət qədər böyük və sıx mina sahələri hazırlamaq üçün bir neçə ay vaxtı olub.
“Bu, bir qədər vaxt aparacaq və irəliləyiş əldə etmək asan olmayacaq", - ABŞ rəsmisi vurğulayıb.
Börnsün sözlərinə görə, ABŞ hakimiyyəti "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin hərbi qiyamı barədə əvvəlcədən məlumatlı olub. Lakin o, təfərrüatları açıqlamayıb.
O, Rusiyanın nüvə silahından istifadə edib-etməyəcəyinə də toxunub. MKİ rəhbəri əlavə edib ki, ABŞ hadisələri diqqətlə izləyir: "Bu günə qədər biz nüvə silahının istifadəsinə hazırlığı göstərən heç bir əlamət müşahidə etmirik".
Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.