Şamil VƏLİYEV
BDU-nun jurnalistika
fakültəsinin dekanı,
filologiya elmləri doktoru,
əməkdar jurnalist
Yaxşıya doğru
Öz peşə və ixtisas xüsusiyyətlərimlə əlaqədar olaraq mən təhsil və jurnalistika ilə sıx bağlıyam. Odur ki, Mikayıl Cabbarov və Cəmil Quliyevin fəaliyyətini izləmək mənə çox maraqlı görünür. Onlardan birincisi vəzifəsinin icrasına yenicə başlamışdı ki, sələflərinin çox-çox əvvəllər etməli olduqları işi gördü. O, cahilləri hər kəsin veriləni götürməyə qadir olması haqqında xülyadan məhrum etdi. Artıq hamı anlamalıdır ki, bu, təhsilə də aiddir: hamıya verilir, amma heç də hər kəs götürmür. Eyni zamanda tədris müəssisələrində zəhmətsiz gəlir kanallarından mühümü bağlandı. İndi daha belədir: təhsil müddətin başa çatdı - xoş getdin. Gedəndə attestatını götürməyi unutma. Orada isə öz zəhmətinin bəhrələridir: "beş", …"üç"və hətta …"iki". Başlıcası budur ki, sonunculara məktəbdə vaxt itirməyəcək, yaşıdlarının həyat tempindən geri qalmayacaqsan. İrəlidə isə, yeni nazirin sözlərinə görə, bizi «qartımış» qiyabi təhsil formasının ləğvi gözləyir. İstiqamət aydındır: o, sahədəki problemlərin aradan götürülməsinə, orta və ali tədris ocaqlarında iş səviyyəsinin yüksəldilməsnə yönəldilib.
İTV-nin yeni baş direktoru Cəmil Quliyev də işə prinsipial tərzdə köklənib. İctimaiyyət onun televiziya sahəsindəki fəaliyyəti ilə "Mədəniyyət" kanalındakı işi sayəsində tanışdır. O, mədəniyyət üzrə ölkədə yaradılan ilk ixtisaslaşdırılmış kanalın birinci rəhbəri olub.
Həmin vaxt təyinat dövlət başçısı tərəfindən edilmişdi. İndi etimad İctimai Televiziyanın Yayım Şurası üzvlərinin səsverməsi ilə göstərilib. Həmin vaxt kanal elə startdan başlayaraq, özünü mədəniyyətdə həqiqi dəyərlərin daşıyıcısı kimi göstərdi, incəsənətdə bayağılığa, zövqsüzlüyə müharibə elan etdi. Cəmiyyət bunu həmin an duydu və lazımınca qiymətləndirdi. Maraqlıdır ki, milli televiziyamızın patriarxı Elşad Quliyev uzun illər Azərbaycanda «Mədəniyyət» kanalının yaradılmasını təkidlə israr edirdi. Heyf ki, arzuladığı kanalın efirini görmək, xüsusilə də «Mədəniyyət»ə doğma oğlu Cəmilin başçılıq etdiyini bilmək ona qismət olmadı.
İndi isə Cəmil Quliyev öz məsləkinə sadiq qalaraq İTV efirində də yüksək zövq duyğusunu təsdiqləyir. Və …mədəniyyəti tətbiq edir. Axı mədəniyyətin yeri təkcə eyni adlı kanalda deyil, həyatımızın hər bir sahəsindədir. "İctimai"də baş direktor kimi fəaliyyətinə isə C.Quliyev səhvlərin düzəldilməsindən başladı. Həmin səhvlərin ki, onları İTV-nin əvvəlki rəhbərliyi buraxmışdı. Məhz əvvəlki rəhbərlik öz kanalını xəcalət çəkmədən «Birinci» adlandırırdı, ekranın küncünü isə qəsdən "1" rəqəmi zəbt etmişdi. Bu hal son zamanadək davam edirdi: cəmi səkkiz yaşlı İTV özünü «Birinci» deyə reklam edərkən, ölkə televiziyasının 57 illik tarixini yerə çırpırdı. Artıq həmin cəfəng iddia geri götürülüb, loqotip dəyişdirilib. Lakin ağır təəssürat hələ də qalmaqdadır. Axı mətbuat, yaltaqlıq etməyən ədalətli tənqidçilər bu cür qeyri-sağlam rəqabətin yolverilməzliyinə dəfələrlə işarə etmişdilər. Lakin rəhbərlik ruhun deyil, vəzifə kürsüsünün əbədiliyinə möhkəm inanmışdı.
Yəqin ona görədir ki, televiziyanın digər qaydasına da uzun müddət məhəl qoymurdu. Qayda isə belədir: verilişlərin proqramı dərc olunmalı, orada filmlərin adı göstərilməlidir. Amma hətta proqram ərsəyə gəldikdən sonra da film adı verilmirdi. Bununla çirkin məqsəd güdülürdü: başqa telekanalların proqramlarında adı yazılmış filmlər hamı üçün gözlənilmədən 1-2 gün, yaxud bir neçə saat əvvəl İTV-də nümayiş etdirilirdi. Belə bəsit yolla əvvəlki rəhbərlik digər kanallarla rəqabət aparmaq, onların tamaşaçılarını əlindən almaq iddiasında idi. Yeni rəhbərlik sağlam və vicdanlı rəqabəti seçib. Üstəlik, "Carçı" informasiya proqramı da artıq baş vermiş hadisələrin anonsundan əl çəkib… Heç eybi yox ki, hərdən mətbuatda yeni İTV haqqında bədxahcasına fikirlər söylənilir. Axı həmin məqalələrin müəllifləri əvvəlki bu və ya digər qüsurlar, iftiralar barədə heç vaxt yazmayıblar. Bir zamanlar köhnə pisi görməyən indiki yeni yaxşını necə anlasın!..
Yaxşıya doğru dəyişikliklərsə həqiqətən var. İTV-yə bundan ötrü bacarıqlı mütəxəssislər, parlaq ideyalar, istehsalat məsələlərinin uğurlu həlli və böyük maliyyə imkanları tələb olunur. Təcrübə və intuisiyam mənə deyir ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu, öz pedaqoji karyerası ərzində yüzlərlə incəsənət mütəxəssisi yetişdirmiş, milli ziyalılıq ənənələrinə sadiqliyini gənc yaşlarından əməlləri ilə sübuta yetirmiş əməkdar incəsənət xadimi Cəmil Quliyev İctimai Televiziyanın işində köklü dəyişikliyə nail ola biləcək.