"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin qiyamı Prezident Vladimir Putinin qurduğu güc sistemində əhəmiyyətli zəiflik olduğunu nümayiş etdirdi.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
O vurğulayıb ki, Rusiya lideri hələ də Priqojindən qisas almaq istəyə bilər: "Bu, hazırda gördüyümüz çox mürəkkəb rəqsdir".
Börns əlavə edib ki, Putin Proqojinlə nə edəcəyini düşünür və vaxt qazanmağa çalışır:
“Putin intiqamın ən yaxşı soyuq yemək olduğunu düşünən biridir. Mənim təcrübəmə görə, Putin intiqamçıdır və Priqojin cəzadan xilas ola bilsə, təəccüblənərdim... Əgər mən Priqojin olsaydım, yeməyimin dadına baxan adamı işdən çıxarmazdım”.
Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Rəsmi məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.