Modern.az

Lozanna sülh konfransındakı milli MƏSƏLƏ

Lozanna sülh konfransındakı milli MƏSƏLƏ

21 İyul 2023, 13:16

Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün nümunə kimi...


Bir neçə gün sonra - iyul ayının 24-də Lozanna sülh konfransının (1923-cü il 24 iyul)  imzalanmasının 100 ili tamam olur. Lozanna sülh müqaviləsi Türkiyənin işğalçı dövlətlərə qarşı qələbəsinin parlaq göstəricisi idi. Lozannada sərhədlər, boğazlar, adalar, kapituliyasiya rejiminin ləğvi, təzminat və milli azlıqlar  məsələlərinin həlli uğrunda türk diplomatları İsmət Paşa başda olmaqla gərgin müzakirələr aparmışdılar. Belə mübahisələrin biri də milli azlıqlar  məsələsinin içində  “erməni yurdu”  məsələsi üzərində idi. Britaniyanın xarici işlər naziri Lord Kerzon digər milli azlıqlarla yanaşı “erməni yurdu” məsələsinə toxunmuş və bildirmişdi ki, “...Türkiyə Asiyadakı ərazilərinin bir yerində, istər Şimal-Şərq vilayətlərində, istər Kilikiyanın Cənub-Şərqi ilə Suriya sərhəddində ermənilər üçün bir toplama mərkəzi müəyyən etməlidir..”. İsmət Paşanın Lord Kerzona cavabı belə olmuşdu: “...Türkiyə Sovet Ermənistanı ilə beynəlxalq hüquq normalarına uyğun müvafiq sazişlər bağlayıb və yaxın qonşuluq münasibətləri qurub. Bundan başqa bir Ermənistanın olmasını düşünmək Türkiyənin bağladığı sazişlərə zidd olar. Türkiyə ərazisində hər hansı bir hissəsində “erməni yurdu” yaratmaq təklifini Türkiyə ərazisini bölmək üçün yeni cəhd kimi qiymətləndirirəm”. Bu şəkildə sərt müqavimət nəticəsində ermənilər üçün yaşayış yeri məsələsi bir daha müzakirə edilmədi. Lozanna Sülh müqaviləsində azlıq qeyri-müsəlman olaraq təyin olundu. Bütün azlıqlar kimi ermənilər də Türkiyə vətəndaşı kimi qəbul edildi və onlara heç bir əlavə imtiyaz verilməyəcəyi bildirildi. Müqavilənin 40-cı maddəsinə aşağıdakı müddəa daxil edilmişdi: “Qeyri-müsəlman azlıqlara mənsub olan Türk vətəndaşları, həm qanun baxımından, həm də praktik olaraq digər Türk vətəndaşları ilə eyni hüquq və imtiyazlara malikdirlər”.
 

Lozanna müqavilənin tarixi əhəmiyyətini Mustafa Kamal Atatürkün kəlmələri ilə bu cür qiymətləndirmək olar: “Bu müqavilə türk milləti əleyhinə yüz illərdir hazırlanmış və Sevr müqaviləsi ilə tamamlandığı hesab edilən böyük bir sui-qəsdin çökdüyünü bildirən bir sənəddir”.
 

Müqavilənin bağlanmasından 100 il keçmısinə baxmayaraq  milli məsələlərin həlli baxımından nümunə kimi günümüz  üçün də öz aktuallığını saxlamaqdadır. Türkiyə Cümhuriyyəti qalibiyyətli İstiqlal savaşından sonra demoqrafik problemlə üzləşmiş və Lozanna sülh müqaviləsində bu məsələni də tam həll etmişdi.  44 günlük qalibiyyətli Vətən Müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına yönələn sülh sazişinin bağlanmasında Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin məsələsi gərgin müzakirə edilməkdədir. Ümumilikdə danışıqlar üçün Azərbaycan tərəfindən 5 baza prinsipini əks etdirən sənəd ictimaiyyətin diqqətinə çatdırılıb. Burada ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və ərazi iddialarının qaldırılmayacağını tərəflərin təsdiq etməsi, həmçinin, dövlətlərarası münasibətlərdə hədə və gücdən istifadə etməmək prinsipi  ümumi olaraq qeyd olunur. Daha bir prinsip kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası və demarkasiyasına aiddir.  Lakin eynilə Lozanna müqaviləsində Britaniyanın etdiyi kimi bu dəfə də Vaşinqton tərəfindən  Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatlarının təmin edilməsi, o cümlədən yerli ermənilərlə Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı təkliflər edilməkdədir. Azərbaycan tərəfi bu məsələnin qaldırılmasını öz daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Maraqlıdır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar da heç bir nəticə verməyib. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı ilə Rusiyanın Qarabağdakı hərbi dayağının itirməsindən çəkinir. Qərb isə yekun sülh müqaviləsində bütün məsələlərin kompleks həll olunmasını dəstəkləyir, amma burada da Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatı və hüquqlarının qorunmasını sülh müqaviləsinin tərkib hissəsi kimi görür və müqavilədə əks olunmasını istəyir.  Sülh müqaviləsi ilə bağlı prosesin gedişatında demək olar ki, həm Rusiyanın, həm də Qərbin mövqeyi Azərbaycanı qane etmir. Ümid edirik ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və beynəlxalq sənədlər çərçivəsində təmin olunacağının ölkənin daxili işi olması, gələcəkdə bağlanacaq sülh sənədlərində mütləq şəkildə öz əksini tapacaq.
 

Nəzərə almaq  lazımdır ki, Lozanna sülh konfransından 100 il keçməsinə baxmayaraq  ermənilərə himayədarlıq etməklə onlardan istifadə etmək məsələləri bitməmiş və bu gün də davam etməkdədir.


Ramil ALLAHVERDİYEV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər