Milli Məclisin deputatı Aydın Mirzəzadə Eynulla Fətullayev, Xədicə İsmayıl və Emin Milli arasında baş verən qalmaqala öz münasibətini açıqlayıb. Modern.az bildirir ki, deputat hər 3 jurnalisti etik çərçivələri aşmaqda ittiham edib.
“Bu günlərdə internet mətuatında üç jurnalistin sosial şəbəkədə bir-birinə mesajları barədə məlumat oxudum. Onların üçü də müxalifət yönümlü mətbuatda işləyirlər və imzaları da kifayət qədər tanınandır. Onların bir-birinə yazdıqları məndə heyrət doğurdu. Cəmiyyətə mədəniyyət və davranış qaydaları təbilğ etməli olan bu insanların yazılarında nə qədər qüsurlara yol verilmişdi. Sanki, onlar cəmiyyət üçün işlədiklərini və nümunə olduqlarını unutmuşdular. Hətta qapalı məkanda da belə ifadələrə yol vermək olmaz, burada isə bütün çərçivlər kənara atılmışdı”-deyə deputat bildirib.
“Hesab edirəm ki, hansı siyasi yönümlü mətbuatda işləməyindən asılı olmayaraq mətbuat işçisi cəmiyyətə nümunə olacaq hərəkətlər etməli, çiyinlərində böyük məsuliyyət daşıdıqlarını unutmamalıdırlar” – A.Mirzəzadə baş verənlərdən heyrətini gizlədə bilməyib.
Xatırladaq ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl və “Meydan” TV-nin rəhbəri, keçmiş məhbus Emin Milli ilə “haqqin.az” və “virtualaz.org” saytlarının rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayev arasında qarşılıqlı təhqirlərlə müşayiət olunan qalmaqal düşüb. Adları çəkilən şəxslər Facebook sosial şəbəkəsində bir-birlərinin ünvanına təhqiramiz status paylaşıblar.
Modern.az