“Prezidentliyə namizəd olmaq istəyənlərdən biri jurnalistləri ağzından vurmaqla hədələyir, lakin bu günə kimi Azərbaycan prezidentinin dilindən bir dəfə də olsun jurnalistləri təhqir edəcək söz çıxmayıb".
APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.
Ə. Həsənov deyib ki, mətbuat tərəfsiz olmalıdır: “Heç bir demokratik cəmiyyəti mətbuatsız, siyasi plüralizmsiz təsəvvür etmək mümkün deyil. Lakin mətbuat təkcə seçkilərdə deyil, hər zaman öz tərəfsiz mövqeyini ortaya qoymalıdır. Mətbuat insanların seçiminin və ümumi dünyagörüşünün formalaşmasına təsir göstərir. Mətbuat hakimiyyətin də, iqtidara opponentlik edənlərin də fəaliyyətinə qiymət verməyə zəmin yaradır”.
Ə. Həsənovun sözlərinə görə, artıq Azərbaycanda tam azad mətbuat formalaşıb: “Bu günə kimi medianın inkişafı üçün dövlət tərəfindən davamlı tədbirlər həyata keçirilib. Müxtəlif illərdə sərəncamlar imzalanıb, medianın maddi-texniki bazasının güclənməsinə, jurnalistlərin sosial problemlərinin həllinə dəstək göstərilib. Görülmüş işlər həddən artıq çoxdur və dünyanın heç bir yerində belə hala rast gəlmək mümkün deyil. 156 jurnalistə evlərin verilməsini də buna aid etmək və sübut kimi göstərmək olar. Azərbaycan hakimiyyətinin mətbuatdan gizlədəcəyi, çəkinəcəyi heç nə yoxdur. Azərbaycan bu gün dünyanın demokratik, azad dövlətlərindən biridir. Azad media da Azərbaycanın demokratik inkişafını şərtləndirən əsas amillərdən biridir. Vaxtilə jurnalistlərə necə təzyiqlər göstərildiyi, yəqin ki, yadınızdadır. Jurnalistlər döyülür, maşının yük yerinə basılaraq aparılır, onlara təzyiqlər edilirdi. Hətta indi prezidentliyə namizəd olmaq istəyənlərdən biri deyir ki, hakimiyyətə gələcəyi təqdirdə onun haqqında yazan jurnalistlərin ağzından vuracaq. Lakin bu günə kimi Azərbaycan prezidentinin dilindən bir dəfə də olsun jurnalistləri təhqir edəcək söz çıxmayıb”.
Əli Həsənov çıxışı zamanı deyib ki, “Azərbaycanın daxili həyatında baş verən bütün proseslərdə siyasi partiyalar yaxından iştirak edir”.
Sonuncu parlament seçkilərinin nəticələrinə toxunan Əli Həsənov bildirib ki, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını 72, Vətəndaş Həmrəyliyi Partiyasını 3, Ana Vətən Partiyasını 2, Ədalət, Sosial Rifah, Vətəndaş Birliyi, Demokratik İslahatlar, Ümid, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarını bir millət vəkili təmsil edir. Parlamentdəki bitərəflərin sayı isə 42 nəfərdir: “Demokratik cəmiyyətlərdə siyasi partiyalar dövlət həyatının, idarəçiliyinin əsasını təşkil edir. Biz Azərbaycan dövlətini azad cəmiyyət olmadan təsəvvür edə bilmirik. Qeyri-dövlət təşkilatlarının idarəçilik sisteminə cəlb olunması bu günün məsələsi deyil. Hələ sovetlər dövründə ictimai qurumlar, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və sair ictimai təşkilatlar var idi. Onlar bu gün də var və fəaliyyət göstərirlər. Amma bu gün həmin ictimai qurumların, qeyri-hökumət təşkilatlarının funksiyası dəyişib. Bu qurumlar hazırda sərbəst şəkildə vətəndaş təşəbbüslərini ortaya qoyurlar”.
Əli Həsənov Azərbaycan hökumətinin QHT-lərə yaratdığı imkanlardan da danışıb. O, bildirib ki, prezident İlham Əliyevin sərəncamına əsasən yaradılmış QHT-lərə Dövlət Dəstəyi Şurası dövlət büdcəsindən ayrılan vəsait hesabına qeyri-hökumət təşkilatlarının layihə və proqramlarını maliyyələşdirir.
PA rəsmisi Azərbaycanda digər xalqların - talışların, ləzgilərin, kürdlərin, avarların və digər etnik qrupların ictimai təşkilatlarının fəaliyyət göstərdiyini bildirib.
O, eyni zamanda Azərbaycanda müxtəlif dini dünyagörüşləri əks etdirən ictimai təşkilatların sərbəst şəkildə fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Bir sözlə, dövlət qurumları və siyasi partiyalarla yanaşı, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları da dövlət həyatında iştirak edirlər. Onlar da demokratik cəmiyyətin əsasını təşkil edirlər”
Modern.az