Rusiya OMON-u Azərbaycanlıarın kütləvi şəkildə alver etdikləri “Teplostan” topdansatış mərkəzinə basqın edib. Bu barədə Modern.az-a bazarda ticarətlə məşğul olan soydaşlarımız məlumat verib. Hazırda basqının davam etdiyini deyən azərbaycanlılar bildiriblər ki, OMON xeyli adamı həbs edib. “Basqın davam edir. Bütün bazarı alt-üst ediblər. Biz indi mağazada işıqları söndürüb gizlənmişik. Bazardan necə çıxacağımızı bilmirik”- deyə Azər adlı soydaşımız həyəcanla deyib. Artıq 200-dək azərbaycanlının OMON tərəfindən saxlandığı bildirilir.
Məlumata görə, OMON həmçinin “Moskovreçksi” bazarına hücuma hazırlaşır. Xəbərdən panikaya düşən bazarda ticarətlə məşğul olan azərbaycanlılar mallarını başlı-başına qoyaraq oradan qaçıblar.
Moskva bazarlarından dünəndən başlanan yoxlamalar “etnik zəmində cinayətkarlıqla mübarizə” adı altında aparılır. Buna əsas olaraq 15 yaşlı qızın zorlanması və pedofilin bazarda gizlənməsi barədə hüquq – mühafizə orqanlarına siqnalın daxil olması götürülüb. Dünən zorlama faktında şübhəli bilinən Dağıstan vətəndaşı polis tərəfindən həbs edilsə də bazarlarda yoxlamalar davam edir.
Modern.az