“Vahid məktəbli formalarında qiymətləri aşağı salmağımıza səbəb valideynlərin çaş-baş qalması ilə bağlıdır”. Bu sözləri
Modern.az-a açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O, qeyd edib ki, ibtidai siniflər üçün məktəbli formaları əvvəl 40-45 manata satılırdısa, indi 40 manata, yuxarı siniflər üçün isə məktəbli forması 53-55 manata satılırdısa, indi 52 manata satılacaq. “Bu eyni zamanda işbazların süni qiymət artırmasının da qarşısını alacaq və valideyn biləcək ki, konkret qiymət nədir”.
E. Əzimov bildirib ki, BTE-yə müraciətlər əvvəlki illərdə olduğu kimidir. “Ölçülərdə dəyişiklik olanda və ya cırılanda yeniləri ilə əvəz edirlər. bir də hər il olduğu kimi I siniflər yeni məktəbli formaları alırlar”. Şöbə rəisi məktəbli formalarında dəyişiklik olmayacağını bildirib. “Bu uzun prosesdir. Bu qədər adam məktəbli forması alıb və bu Bakı şəhər təhsil şöbələri, məktəb direktorları, valideynlər, şagirdlərin iştirakı ilə qərar verilmiş formadır. Dəyişiklik olsa gərək hamı təzədən paltar alsın. Bilirsiniz ki, indiki zamanda da bu çətindir. Ona görə məktəbli formalarında dəyişiklik olmayacaq”.
Bakı Tikiş Evinin şöbə rəisi bölgələrdə də BTE-nin bölmələrinin açıldığını bildirib. “Sumqayıtda – 2, Abşreon rayonunda(Xırdalanda) – 2, eyni zamanda Mehdiabad və Saray qəsəbələrində də məktəbli formaları satan şöbələrimiz açılıb. Quba və Lənkəranda da bölmələrimiz fəaliyyət göstərir”.
Aytən ƏLİYEVA