Modern.az

Ermənilər Böyük Qayıdışı həsədlə izləyir - “Biz niyə kölə kimi yaşayırıq?”

Ermənilər Böyük Qayıdışı həsədlə izləyir - “Biz niyə kölə kimi yaşayırıq?”

25 İyul 2023, 12:56

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qısa müddət ərzində yenidənqurma prosesinin geniş vüsət alması uzun illər yurd həsrəti çəkən sakinlərin qayıdış yolunu açıb. Son bir ildə Zəngilanın Ağalı kəndinə, ardınca Laçın şəhərinə və Talış kəndinə sakinlərin köçürülməsi həyata keçirilib. Böyük Qayıdış çərçivəsində indiyədək 236 ailə, 1023 nəfər doğma yurdlarına köçürülüb. Digər ərazilərə də planlı şəkildə köçürülmə təmin olunacaq. 

 

Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan irimiqyaslı infrastruktur layihələri və keçmiş məcburi köçkünlərin geri qayıdışı şübhəsiz ki, erməniləri, xüsusilə də Qarabağın dağlıq hissəsində qanunsuz məskunlaşan separatçıları ciddi şəkildə narahat edir, onları qorxuya salır.

 

Sosial şəbəkələrin erməni seqmentində və Ermənistan mətbuatında yer alan xəbərlərdən görünür ki, separatçılar təxribatlara əl atmaqla Böyük Qayıdışa əngəl olmağa çalışırlar. Lakin unudurlar ki, bir gün onların da qapıları döyüləcək və törətdikləri cinayət əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar. 

 

 

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, Qarabağda aparılan quruculuq işləri Ermənistanla yanaşı onların havadarlarını da narahat edir.

 

“Bizim dədə-babadan qalan məsələlərimiz var. Düşmən həmişə rəqibin uğurlarına qibtə ilə, həsədlə, paxıllıqla yanaşır. Azərbaycanın qalibiyyətini düşmənin gözü götürmür. Ancaq ölkəmizin uğurlarını, işğaldan azad olunmuş ərazilərində gördüyü işləri həzm edə bilməyən tək ermənilər deyil. Ermənipərəstlər, Ermənistanın yanında olanlar ermənilərdən daha çox narahatdırlar. Haqq-ədalət yerini tapıb. İndi ermənilərə sual olunmalıdır ki, əgər həqiqətən də, iddia etdikləri kimi, Qarabağ onların ərazisidirsə, 30 illik işğal dövründə niyə bir daşı bir daşın üstünə qoymayıblar, bir ağac əkməyiblər, abadlıq işləri aparmayıblar. Əksinə bu torpaqları talayıb, pis günə qoyublar. Əraziləri minalayıblar. Bunun özü sübut edir ki, Qarabağ torpaqları Azərbaycana məxsusdur. Bizim tarixi torpaqlarımız olduğuna görə oranı azad edən kimi, quruculuq-bərpa işlərinə start verildi. Bu isə təkcə ğermənilərə yox, bütün dünyaya Qarabağın Azərbaycana məxsus olduğunu sübut edir. Görülən işlər onları təşvişə salır”, - deputat söyləyib.

 

Elman Məmmədovun sözlərinə görə, Azərbaycanın uğurları separatçıları qorxuya salır:

 

“Qarabağın dağlıq hissəsində uzun illərdir ki, separatçıların əsarəti altında imkansız, əlacsız qalan insanlar yaşayır. Separatçılar, işğalçılar, cinayətkarlar əhali kütləsindən ehtiyat edirlər. Çünki yerli sakinlər baş verənləri mətbuatdan oxuyur, görürlər ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə hansı işləri görür, insanlar necə xoşbəxt yaşayırlar. Eyni zamanda görürlər ki, Azərbaycan əhalisinin maddi durumu normaldır. Şuşa günü gündən gözəlləşir. Məsələn, Cıdır düzü ilə üzbəüz yerləşən Şuşikənddə ermənilər yaşayır. Orada ermənilərin yerləşdiyi bir neçə kənd də var. Oradakı ermənilər Azərbaycanın həyata keçirdiyi nəhəng layihələri öz gözləri ilə görürlər. Bundan əlavə efirləri izləyirlər. Onlar da bir gün oyanacaqlar. Deyəcəklər ki, biz niyə əsarətdə qalmışıq? Biz niyə cinayətkarların köləsi kimi səfalətdə yaşayırıq? Bütün bu məsələlər var”.

 

 

Deputat onu da vurğulayıb ki, Azərbaycanın atdığı hər bir addım bizi Xankəndi və digər ərazilərə yaxınlaşdırır:

 

“Azərbaycan dünyaya özünün yaradıcı, qurucu, sülhpərvər siyasətini həyata keçirdiyi işlərlə sübut edir. Bu yaxınlarda doğma Şuşamızda keçirilən Qlobal Media Forum dünyada informasiya sahəsi üzrə ən dəyərli, yüksək səviyyəli tədbirlərdən biri kimi tarixə düşdü. Cənab Prezidentimizin Forum çərçivəsində jurnalistlərlə görüşü, oradan verdiyi mesajlar Azərbaycanın sülhsevər, eləcə də güclü siyasətə malik olduğunu göstərdi. Biz haqqın, ədalətin tərəfindəyik və bütün dünyaya bunu bəyan edirik. Həm də bildiririk ki, kimsə bizim torpaqlarımıza göz dikə bilməz. Biz tarixi torpaqlarımızda yaşayacağıq. Eyni zamanda separatçıların torpaqlarımızdan çıxarılacağına da heç kimin şübhəsi olmasın”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI