2013-cü ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin və reabilitasiyasının təmin olunması sahəsində məqsədyönlü işlərdən biri kimi, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpası məqsədilə cari ilin aprel ayında 35 nəfər əlilin Ukraynanın Saki şəhərindəki sanatoriyada 28 günlük bərpa-müalicəsinə və ilk dəfə olaraq qrup halında daha 30 nəfər əlil şəxsin 20 günlük bərpa-müalicə kursu keçmək üçün Latviya Respublikasının Yurmala şəhərinə göndərilməsi təmin olunub. Hazırda bu sahədə işlər davam etdirilir və yaxın günlərdə daha 30 nəfər əlil Ukraynaya bərpa-müalicəsinə göndəriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, bərpa müalicəsinə göndərilən şəxslərin nəqliyyat, müalicə və digər xərcləri Proqramda nəzərdə tutulan vəsaitdən ödənilib. Eyni zamanda, onların hava limanından yola salınması və qarşılanmaları, müşayiətçi şəxslərlə təmin edilmələri üçün bütün zəruri tədbirlər görülüb. Qeyd olunan dövrdə Səhiyyə Nazirliyinin «Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya»sının qərarı əsasında 39 nəfər əlilin fərdi qaydada respublikadan kənar müalicəyə göndərilməsinə, 9 nəfərin respublika daxilində müalicəsinə köməklik göstərilib.