Modern.az

Deputatlar: “AYB-də hər kəsə, hamıya ev vermək olmaz”

Deputatlar: “AYB-də hər kəsə, hamıya ev vermək olmaz”

Təhsil

30 İyul 2013, 16:02

Azərbaycan Yazıçılar Birliyinin (AYB) öz üzvləri  üçün mənzil tikintisində üzləşdiyi problemlərə Milli Məclis deputatları da rəy bildirdi. Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əhmədli qəsəbəsində AYB üçün ayırdığı torpaq sahəsinin rüsumu ödənilməyib. Bundan başqa, qurumun binanı inşa etmək üçün gərəkli vəsaiti də yoxdur. Buna görə də AYB dövlət başçısına müraciət edərək ondan yardım göstərilməsini rica edib. BU istək yerinə yetirilməlidirmi?

Modern.az-a açıqlamalarında Milli Məclis üzvləri məsələyə tərəddüdlə yanaşıblar.   

Zahid Oruc: “Yazıçıların bir hissəsi üçün mənzil bölgüsü aparılıb və bəziləri buna sahib olacaqlar. Amma davamlı olaraq yerdə qalan hissəsi üçün dövlət bu qaydada qiymətləndirib müəyyən meyarlara görə evlə təmin edəcəksə, mən bunu ancaq normal qəbul edirəm. Çünki Qərbdə yazıçı öz qələm əsərlərini dövriyyəyə çıxarmaqla, onun bazarda qarşılığını tapmaqla öz maddi yaşamlarını təmin edirlər. Heç kim də dövlətdən heç nə ummur. Amma keçmiş postsovet məkanlarında reallıq bir az ayrıdır. Müəyyən bir dövr üçün dövlət bu xərcləri öz üzərinə götürürsə, vətəndaşlarını qiymətləndirirsə bu çox yaxşı münasibətlər zəminidir. Bunun üçün də qarşı tərəfdən öz növbəsində fərqlənmək, müəyyən xidmətlərə imza atmaq, millət üçün qismən də olsa iş görmək arzu olunur ki, sonradan bu şəxslər fəaliyyəti müqabilində mükafatla təmin olunsunlar”.

Fazil Mustafa: “Kaş elə bir şərait yaranaydı ki, insanlar dövlətdən bu yardımı almayaydı. Satılan kitablar, alınan qonorarla öz problemini özləri həll etmiş olaydılar. Bir təbəqəyə verib digərinə mənzil verməyəndə də bu ciddi sosial ədalətsizlik problemini yaradır. Amma bu xüsusi prinsip əsasında baş verməlidir. Lap elə jurnalistlərə də ev veriləndə bu prinsip nəzərə alınmalıdır. Mən bunu bir yazımda da qeyd etmişdim. Ehtiyaca görə yox, istedada görə verilməlidir. Ölkə o zaman sənət adamlarını dəstəkləyir ki, onun gələcək perspektivini görür. İdmançını da o zaman dəstəkləyir ki, onu gələcəyin olimpiya çempionu olmasına ümid edir. Yoxsa hər idmanla məşğul olana belə bir şəraitin yaradılmasına dövlətin heç imkanı çatmaz ki.O baxımdan da məsələyə istedada görə yanaşmaq lazımdır. Prezident yanında istedadlıları dəyərləndirmək üçün xüsusi komissiya yaradılmalıdır. İstedadlı, parlaq ölkənin gələcəyinə nələrsə vəd edən insanların sıxıntıdan,  iqtisadi çətinlikdən xilası üçün bu şərtlər görülməlidir. Bu prinsip yoxdur. İndi təsəvvür edin, sabah AYB-yə mənzillər verilsə, nələr baş verəcək? Ölkədə o qədər istedadsız qələm sahibləri var ki. Kimin əlinə pul keçirsə, kitab buraxır, kim vəzifəyə keçirsə şeir yazır. Məsələnin prinsipial qoyuluşu düzgün olmasa yazıçılara, bəstəkarlara, rəssamlara mənzil verilməsi müsbət nəticəyə gətirib çıxarmayacaq, əksinə daha çox münaqişələrə səbəb olacaq”.  

 

Elmin Nuri

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım