“Reproduktiv sağlamlıq aktual mövzudur, sosial sifarişdir, cəmiyyəti düşündürən məsələdir və cəmiyyət bu ətrafda çoxlu müzakirələr aparır”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O qeyd edib ki, dünyanın bütün ölkələrində reproduktiv sağlamlıqla bağlı olan qanun layihələri belə müzakirələr mənbəyi olur.
“Surroqat ana mövzusu, süni mayalanmada saylar (bir nəfərdən necə nəfəri süni mayalandırmaq olar) daim müzakirə mövzusudur. Amma bununla yanaşı çox proqressiv tərəflər də var ki, dünya artıq bununla məşğuldur. Bu gün cəmiyyətdə gedən prosesləri hüquqi tənzimlənməsi vacibdir. Ona görə də bu qanun layihəsi gündəmdir. Bu qanun layihəsi ilə bağlı dünya təcrübəsi öyrənilir. Biz də bütün tərəflərin fikirləri ümumiləşdirilir. Əlbəttə dini qurumlar, ictimai birliklər, QHT-lər, hökumətin bu və ya digər nazirliklərinin burada fikirləri qeyd edilir. Məsələn, Səhiyyə Nazirliyi bu işdə maraqlıdır, Ədliyyə Nazirliyində isə bununla əlaqədar başqa fikirlər səsləndirir”.
H.Rəcəbli komitənin payız sessiyasında yarımçıq qalan qanun layihələrini də müzakirə edəcəklərini bildirib. “Yarımçıq qalan gənc ailənin sosial müdafiəsi, nikaha girənlərin tibbi arayış alma, nikaha girənlərin imperativ norma olaraq əmlak müqaviləsini bağlaması, mərasimlər haqqında və s. qanun layihələri komitənin payız sessiyasında müzakirə olunacaq. Eyni zamanda yeni qanun layihələri barədə də şöbə ilə işləyirik ki, bunlardan biri istehlak mallarının zənginləşdirilməsi haqqında qanun layihəsidir”.
Aytən ƏLİYEVA