Milli Şuranın Tiflis müşavirəsi hazırda davam edir. Modern.az saytı “Azadlıq”a istindən xəbər verir ki, Milli Şuranın toplantısında İcra Aparatının rəhbəri Eldar Namazov söz alıb. O, nümayəndə heyətini təqdim edib. Bildirib ki, bu tədbirdə Şuranın daha çox üzvü iştirak etmək istəyib, lakin razılığa gəlinib ki, quruma daxil olan siyasi qüvvələrin təmsilçilərindən ibarət yığcam heyət seçilsin.
Sonra Milli Şuranın sədri Rüstəm İbrahimbəyov geniş çıxış edib. O, deyib ki, Bakıya gəlməməsi qətiyyən nədənsə çəkinməsi ilə bağlı deyil. Sadəcə, Rusiya vətəndaşlığından çıxmaq üçün lazım olan sənəd hazırlanır və bu prosesdə şəxsi iştirakı tələb olunur. İbrahimbəyov bu sənədi almadan Bakıya gələcəyi təqdirdə hakimiyyətin onu ölkədən buraxmaya və beləliklə də onu seçkidən kənarda saxlamaq üçün hüquqi əsas qazana biləcəyini deyib. İbrahimbəyov onu da əlavə edib ki, həbs oluna biləcəyindən çəkinmir. Əksinə düşünür ki, bu istiqamətdə ortaya atılan tezislər hakimiyyətin əndişəsini göstərir.
ACP sədri Sülhəddin Əkbər və ALP-dən Eldar Muradov çıxışlarında Rüstəm bəyin fikirlərinə dəstək veriblər və Milli Şuranın qarşısında duran cari vəzifələr, görə biləcəyi işlər barədə danışıblar.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, Milli Şuranı və onun reallaşdırdığı vahid namizəd ideyasını gözdən salmağa çoxlu cəhdlər var. O, Milli Şuranın idarə olunması üçün kollegila orqanın yaradılmasını təklif edib. Fuad Qəhrəmanlı həmçinin, Şuranın komissiyalarının fəaliyyətinin gücləndirilməsi zərurətini də diqqətə çatdırıb. AXCP yetkilisi Milli Şuranın təbliğatı ilə bağlı fikirlərini də bölüşüb.
Çıxışlarda belə fikir səslənib ki, Milli Şuranın vahid namizədi ilə bağlı ictimai rəydə yaranan suallara son qoymağın zamanıdır və buna görə Rüstəm İbrahimbəyovla İsa Qəmbər ikilikdə görüşsün.
Hüquqşünas Vidadi Mirkamal da Milli Şuranın təşkilati işlərinin gücləndirilməsi haqda danışıb və təkliflərini verib.
Milli Şuranın komissiya sədri Nurəddin Mustafayev bildirib ki, başlıca vəzifə hakimiyyəti nəzərdə tutduğu, edə biləcəyi qanunsuzluqlardan çəkindirə biləcək müqaviməti yaratmaq olmalıdır.
Müzakirələr digər iştirakçıların çıxışları ilə davam edib.
Modern.az