Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu keçirilib.
Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.
Forum ərzində “Medianın gələcəyi: Rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “Mediada investisiya və istehlak tendensiyaları”, “Təhlükəsizlik məsələləri” adlı sessiyalar keçirildi, iştirakçılar və çıxışçılar arasında interaktiv müzakirələr aparılıb. Həmçinin Qlobal Forum çərçivəsində bəzi “side-event”lər (paralel tədbirlər), sərgi və təlimlər də keçirilib. Nüfuzlu media, jurnalist təşkilatları rəhbərləri, ekspertlər media və informasiya-kommunikasiya sahəsinin aktual məsələlərini ətraflı müzakirə ediblər.
Şuşa Qlobal Media Forumunun əhəmiyyəti və verilən mesajlar necə qiymətləndirilməlidir?
Modern.az mövzu ilə bağlı media nümayəndələrinin fikirlərini öyrənib.
Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu saytımıza açıqlamasında Şuşada keçirilən Forumun kifayət qədər ciddi və çox əhəmiyyətli olduğunu deyib.
"Forumda müxtəlif ölkələrdən qonaqlar iştirak etdilər. Jurnalistika ilə bağlı çox maraqlı müzakirələr təşkil edildi. Şəxsən mənim üçün əsas 3 məqam yadda qaldı. Bunlardan birincisi Forumun birinci günü cənab Prezidentin iştirakı və suallara cavab verməsi oldu. 2 saat yarım ərzində cənab Prezident xarici ölkələrin jurnalistlərinin müxtəlif səpkidə suallarına cavab verdi. Kifayət qədər aydın, konkret mesajlar verildi. Çünki suallar çoxşaxəliydi. Cənab Prezident regionun gələcəyi, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlərə cavablarında toxundu. Növbəti iki gündə jurnalistika ilə bağlı çox maraqlı panellər təşkil edildi. O panellər çox rəngarəng idi. Media savadlılığından tutmuş, süni intellekt və jurnalistika, yeni media və klassik medianın münasibətləri, sosial medianın problemləri, informasiyanın təhlükəsizliyi, feyk və dezinformasiyalarla mübarizə kimi bir çox məsələlərlə bağlı müzakirlər təşkil edildi. Yeri gəlmişkən bu problemlərin hamısı ümumi jurnalistika üçün aktualdır. Bizim əcnəbi qonaqlarımız da öz çıxışlarında bunu dəfələrlə qeyd edirdilər".
V.Zifəroğlu Forumun Şuşada keçirilməsinin ermənilərin bizə qarşı apardığı informasiya müharibəsinə tutarlı cavab olduğunu vurğulayıb:
" Ermənilər bizə qarşı mütəmadi olaraq informasiya müharibəsi aparır. Qarabağda, regionda baş verən proseslərlə bağlı dezinformasiyalar yayırlar. Əlbəttə ki, Şuşada keçirilən Media Forum, əslində onların bizə qarşı apardığı informasiya müharibəsinə də tutarlı cavab oldu. Qonaqlar Şuşada gedərkən Füzulidən keçərkən, elə Şuşanın dağıdılmış kəndlərini gördükləri zaman, əslində, ermənilərin necə böyük barbarlıq, hətta mən deyərdim vandallıq etdiklərinin şahidi oldular. Bu faktiki olaraq bir daha 30 ildə Qarabağda baş verən proseslərin əyani şəkildə beynəlxalq qonaqlara sərgilənməsi idi. Bu səbəbdəndir ki, Forumun keçirildiyi 3 gün ərzində beynəlxalq jurnalistlərin marağı böyük oldu. Müxtəlif ölkələrin mətbuat orqanlarında, informasiya portallarında, televiziya verilişlərində Forumun gedişatı aktiv şəkildə işıqlandırıldı. Şuşadan, Qarabağdan ayrı-ayrı reportajlar, süjetlər verildi. Bütün bunlar əlbəttə ki, ermənilərin bizə qarşı apardıqları informasiya müharibəsinə son dərəcə tutarlı cavab kimi qiymətləndirilə bilər".
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyevanın sözlərinə görə, Forum əvəzsiz platforma rolu oynayıb:
"Forumun Azərbaycan mədəniyyətinin nüvəsi olan Şuşa şəhərində, Qarabağda baş tutması yalan və dezinformasiya cərəyanları içində boğulan dünyada həm də Azərbaycan həqiqətlərinin çatdırılması üçün bir mexanizm kimi milli maraqlarımızın müdafiə alətidir. Forumda iki gün media haqqında danışsaq da, hər sözün, hər fikirin qayəsi Azərbaycan, Qarabağ haqqındadır. Heç şübhəsiz forumun kuliminasiyası Azərbaycan Prezidentinin çıxışı idi. Prezidentin çıxışı günümüzdə media trendləri, Azərbaycan haqqında dezinformasiya və qərəz təbliğatı və ən əsası regional təhlükəsizlik aspektlərinin hər vintini əhatə etdi".
Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu deyib ki, Şuşa Qlobal Media Forumu istər auditoriya genişliyi, istərsə də mövzu zənginliyi ilə nəinki Azərbaycanda, Cənubi Qafqaz regionunda, bütövlükdə dünyada mühüm əhəmiyyət kəsb edib:
"Qlobal Media Forumunun Milli mətbuatımızın 148 illiyi ərəfəsində keçirilməsi, dövlətimizin mətbuata diqqətinin daha bir göstəricisi idi. Forumda ənənəvi mediadan rəqəmsal mediaya keçid prosesində nələrin gözlənildiyi, peşəkar medianın gələcəkdə tutacağı rolun nədən ibarət olacağı müzakirə edildi. Şuşanın işğaldan azad olunmasından sonra orada keçirilən bu cür beynəlxalq tədbirlərin əhəmiyyəti var. Belə ki, tədbir iştirakçısı olan xarici qonaqlar 3 ilə yaxın müddətdə Şuşada aparılan yenidənqurma-bərpa işləri ilə tanış olur, Şuşanın işğaldan əvvəlki tarixi mərhələsinə qayıdışın şahidi olurlar. Forumda ciddi mesajlar verildi. Qarabağ məsələsi ilə bağlı verilən mesaj daha əhəmiyyətli idi. Belə ki, bu Forumda da bir daha Qarabağın Azərbaycanın daxili işi olduğu, Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasının bütün dünyanın qəbul etdiyi vurğulandı. Forumda qeyd olundu ki, Azərbaycan iqtisadi münasibətlər qurmaq, nəqliyyat, kommunikasiya xətlərini açmaq istəyir. Azərbaycan bütün qonşularla regional inkişafın tərəfdarıdır. Azərbaycanın regionda sülh və əməkdaşlıq tərəfdarı olmasının vurğulanması ölkəmizin Ermənistanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bir daha göstərdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Media Forum davamlı olacaq. Bu isə hədəflərə çatmaq üçün təcrübə mübadiləsinə, səylərin birləşdirilməsinə imkanlar açacaq".
Turqay Musayev
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc olunub.