Modern.az

Sovet qəhrəmanları indi siçovullara xidmət edirlər...

Sovet qəhrəmanları indi siçovullara xidmət edirlər...

Təhsil

31 İyul 2013, 10:12


Sovetlər Birliyi dağılandan sonra vaxtilə dünyaya meydan oxuyan məşhur kommunistlərin heykəlləri götürüldü. Marks, Engels və Leninin heykəlinə indi postsovet məkanında çətin rast gəlmək olar. Eyni hal Azərbaycanda da yaşanıb. Azərbaycanın bəzi şəhər və rayonlarında ucalan kompartiya liderlərinin abidələrini yıxdılar. Tuncdan və digər qiymətli materiallardan olan heykəllər əridildi, kimlərinsə marağına xərcləndi.

Amma sovet dövründə bolşevik qırmızısı ilə pərdələnmiş və azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirmiş erməni Baqramyanın heykəli məsələn, Leninin abidəsinin aqibətini yaşamır.

Modern.az-ın əldə etdiyi məlumata görə, Şəmkirin Çardaqlı kəndindən olan Sovet İttifaqı Qəhrəmanı, marşal Hovannes Baqramyanın heykəli hələ də zirzəmilərdə saxlanılır və mühafizə olunur. Onu da bildirək ki, Azərbaycan müstəqillik əldə edəndən indiyədək təkcə Bakı şəhərində böyüklü - kiçikli 50-dən çox abidə sökülüb. Moskvada da kommunist liderlərə qoyulan abidələri söküblər, amma onları qiymətli tarixi vəsait kimi muzeydə saxlayırlar.

Bəzi tarxçilər hesab edirlər ki, Azərbaycanda da götürülən heykəlləri tamamilə məhv etməkdənsə, qiymətli eksponatlar kimi ayrıca bir muzeydə saxlayıb gələcək nəsillərə nümayiş etdirmək olardı. Məsələn, Pribaltika respublikalarında sovet dövrü heykəllərinin parkını düzəldiblər. Vaxtilə dünyaya meydan oxuyan kommunistlərin heykəlləri indi muzey eksponatı kimi xaricdən gələn qonaqlara nümayiş etdirilir. Hətta həmin parka baxmağa gələnlərin hesabına dövlət büdcəsi gəlir də götürür. Azərbaycanda isə demontaj edilən heykəllərin sonrakı taleyi barədə çoxları heç nə bilmir. Bir vaxtlar Bakının görməli yerlərində qoyulmuş Kirov, Lenin, Caparidze, Əzizbəyov, “26 Bakı komissarları”, “XI Qızıl Ordu” və s. kimi əzəmətli abidələr artıq “bu dünyada” yoxdur.

Qısa araşdırmamız zamanı yalnız onu öyrənə bildik ki, son iki ilə kimi Karl Marks və Caparidzenin heykəlləri saxlanılıb. Məlumatlara görə, tərkibində tunc, bürünc və digər qiymətli metallar olan nəhəng abidələr söküləndən sonra əridilib və çox baha qiymətə xarici ölkələrə satılıb. Bakıda bu mövzuda araşdırma aparan fransız jurnalist Olivye Rolen bu heykəllərin bəzilərini Şəhidlər Xiyabanında yeraltı zirzəmidə tapıb. O, bu haqda kitabında belə yazır:

“Şəhidlər Xiyabanından üzüaşağı, şəhərə və limana panorama kimi açılan açıq ərazidə əvvəllər, 1934-cü ildə Stalinin ilk “böyük təmizləmə” siyasətini icra etmiş qatil Sergey Kirovun heykəli ucalırdı. Yoxa çıxmış nəhəng heykəl altlığı iy verən yarıqaranlıq bir yerə aparılıb. Orada tamamilə hərəkətsiz və artıq heç kimi özünə cəlb etməyən simalar görünür. Bədənindən üzülmüş Leninin nəhəng çirkli başı da bu yeraltı zibilxanadadır. Silaha sarılmış əllər, bürünc bayraqlar, “Bütün hakimiyyət Sovetlər İttifaqınındır” deyən qəhrəmanlar indi siçovullara xidmət edirlər”.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, Sovet dövrünün qalıq heykəlləri bəzi rayonlarda qorunur. Deyilənə görə, Şəmkir rayonunda əslən erməni Sovet İttifaqı Qəhrəmanı Baqramyanın heykəli zirzəmidə saxlanılır.

Şəmkir rayon İcra Hakimiyyətindən isə məsələyə aydınlıq gətirilərkən bildirdilər ki, Baqramyanın heykəli bu rayonda olmayıb. İcra başçısının köməkçisi bildirib ki, sovet dönəmində erməni marşalın heykəli Gəncənin dəmiryol stansiyası ərazisində ucaldılıb, sonralar isə götürülüb.  

Gültəkin ƏLƏSGƏR 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım