Modern.az

TIR şousu nəyə hesablanmışdı? - Bakı hələ səbir edir

TIR şousu nəyə hesablanmışdı? - Bakı hələ səbir edir

27 İyul 2023, 12:56

Sülh danışıqlarından yayınan Ermənistan tərəfi Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirmək üçün növbəti dəfə təxribata əl atıb. İrəvan rəhbərliyi heç bir fakta söykənməyən "Qarabağda humanitar böhran" tezisini yenidən gündəmə gətirərək, siyasi manipulyasiya variantını işə salıb.

 

Ssenariyə uyğun olaraq, ötən gün humanitar yük daşıdığı deyilən TIR-lar Azərbaycanla sərhədə göndərilib. Belə bir addımın atılmasında məqsəd "ermənilərin acından ölməsi"ni səhnələşdirmək idi.  Təbii ki, Azərbaycan səbir nümayiş etdirərək, ermənilərin təxribat cəhdlərini anındaca zərərsizləşdirdi və XİN tərəfindən yayılan rəsmi press-relizdə İrəvanın TIR şousunun gerçək mahiyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

 

Bildirildi ki, humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu açıqdır, ermənilər bu yoldan rahat şəkildə istifadə edə bilərlər. Lakin Ermənistan tərəfi müxtəlif bəhanələrlə bu təklifdən imtina etməklə, əslində niyyətlərinin Qarabağda yaşayan ermənilərə yardım etmək deyil, onları təxribata sürükləmək olduğunu ortaya qoydu.

 

Maraqlıdır, İrəvanın TIR şousu ermənilərə nə qazandırdı və belə bir təxribatda kənar qüvvələrin rolu varmı?

 

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, erməni təxribatları yalnız onların özlərinə zərər vuracaq.

 

“Ermənistan həmişə olduğu kimi, yenə də təxribatlara əl atır. Amma bunun heç bir nəticəsi olmayacaq. Əslində atdığı addımlar Ermənistana böyük zərər vuracaq. Azərbaycan da, Ermənistan da suveren dövlətdir. Baş nazir Nikol Paşinyan bir neçə dəfə ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Ərazi bütövlüyümüzü tanıdıqdan sonra sən kimsən ki, Azərbaycana yardım göndərirsən? Azərbaycanın heç nəyə ehtiyyacı yoxdur və özü bir çox dünya ölkələrinə humanitar yardım göndərir. Ölkəmizdə yaşayan ermənilər də Azərbaycan vətəndaşıdır. Dövlət onların sosial, humanitar, ümumi olaraq maddi və digər təminatlarını həyata keçirməyə qadirdir”, - deyə parlamentari vurğulayıb.

 

M.Quliyev qeyd edib ki, təxribatlar davam edərsə, Azərbaycan sərt addımlar atacaq:

 

“Brüssel görüşündə Şarl Mişel tərəfindən bildirildi ki, humanitar yüklərin Ağdam-Xankəndi vasitəsi ilə buraxılmasında heç bir problem yoxdur. Ermənistan yenidən şou göstərir və Avropa Şurasının bəzi parlamentariləri də oraya gəlib üzük tutanlıq edirlər. Lakin bunun heç bir effekti olmayacaq. Hikmət Hacıyevin dediyi kimi oyun bitdi. Daha ciddi işlər görmək lazımdır. Ermənistan yaxşı olar ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşsın. Ölkəmizin istəyi bu yöndədir. Lakin Ermənistan təxribatlar törətməyə davam edərsə, Azərbaycan sərt addımlar atacaq”.

 

 

Deputat Nəsib Məhəməliyevin fikrincə, sərhəddə Ermənistanın təxribat planları baş tutmayıb.


“Azərbaycan Prezidenti İlham Əliyev bir daha siyasi iradə nümaiş etdirdi. Çünki Ermənistanın havadarları tərəfindən gələn təzyiqlərə ölkəmiz məharətlə müqavimət göstərdi. Bununla da Azərbaycan nümayiş etdirdi ki, verilən qərarı hər hansısa təzyiqə görə dəyişmir. Beynəlxalq normalara arxalanaraq bildiririk ki, Azərbaycan ərazisi Qarabağ daxil olmaqla Azərbaycan qanunvericiliyinin işlədiyi bir məkandır”, - deputat əlavə edib.


 
N.Məhəməliyevin sözlərinə görə, Ermənistan və Avropa İttifaqı son hadisələr fonunda Azərbaycanın nəbzini yoxlamaq istəyir:

 

“Burada müəyyən xarici destruktiv qüvvələrə yer yoxdur. Konkret olaraq Qarabağda yaşayan erməni vətəndaşlarımızın təchizatı üçün daha uyğun olan Ağdam-Xankəndi yolu təklif edilib. Bu baxımdan dünən olanlar Ermənistan və Avropa İttifaqının nümayəndələrinin şousu idi. Sadəcə Azərbaycanın nəbzini yoxlamaq istəyirdilər. Düşünürdülər ki, ölkəmiz təzyiq vasitəsilə onların bu addımına göz yumacaq. Hikmət Hacıyevin dediyi kimi, oyun bitti. Azərbaycan heç vaxt imkan verməyəcək ki, Qarabağda separatçılıq daha da şiddətlənsin və təşkilatlansın. Növbəti etapda sülhpərvər xalq olaraq təklif edəcəyik ki, qanunlarımıza tabe olub yaşamaq istəyənlər Qarabağda yaşasın, ancaq istəməyənlər isə Ermənistana qayıtsın”. 
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Prezident Xocalıda duyğulu anlar yaşandı