Azərbaycan müdafiə nazirinin müavinlərinin sayı azaldılıb. İndiyə qədər Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Şəxsi Heyət Baş İdarəsinin rəisi həm də nazirin müavinləri idi. Dəyişikliklərə görə, hər iki post nazir müavini siyahısından çıxarılıb.
Modern.az bildirir ki, bununla da müdafiə nazirinin artıq 7 yox, 5 müavini var.
Nazir müavinləri aşağıdakılardır:
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev 2021-ci ildə bu vəzifəyə təyin edilib.
Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı, general-leytenant Ənvər Əfəndiyev 2021-ci ildə təyinat alıb.
Мüdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev 2014-cü ildən müavin vəzifəsindədir.
Мüdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov 2014-cü ildə təyin edilib.
Müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov 2023-cü ildə təyinat alıb.
Qeyd edək ki, general-polkovnik Kərim Vəliyevin Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi boş qalmışdı. Nazir müavini Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi isə general-leytenant Nizam Osmanov idi. Dəyişiklikdən sonra Nizam Osmanovun hansı vəzifəyə təyinat aldığı məlum deyil.