Modern.az

Ramil Usubov kollegiya iclası keçirdi - cinayətlərin statistikası açıqlandı

Ramil Usubov kollegiya iclası keçirdi - cinayətlərin statistikası açıqlandı

Təhsil

31 İyul 2013, 18:02


İyulun 31-də Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib. DİB mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2013-cü ilin 6 ayında kriminogen durumun nəzarətdə saxlanıldığını vurğulayıb.

Hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində cinayətlər, eləcə də onların subyektlərinin kriminal aktivlik səviyyəsi azalıb.

Daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin sayı  2012-ci ilin 6 ayı ilə müqayisədə 11,4 faiz azalaraq 10048-ə enib. Onların strukturunda şəxsiyyət əleyhinə olanlar 48,3 faiz, soyğunçuluqlar 24,8 faiz, habelə mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 2,9 dəfə, əvvəllər cinayət törətmiş şəxslərin təkrar cinayətləri 16,7 faiz, qrup halında cinayətlər 13,5 faiz, odlu silahın tətbiqilə törədilənlər 5,4 faiz, məişət zəminində baş vermiş cinayətlər 2,1 dəfə azalıb. Bütövlükdə respublikanın 22 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayında nəzərəçarpan azalma müşahidə edilib.

Peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və cinayət-prosessual fəaliyyətlə 1136-ı ağır və xüsusilə ağır olmaqla 10.955, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 157, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində «isti izlərlə» 432, elmi-texniki vasitələrlə 1604 cinayət açılıb. Bu işdə vətəndaşların da böyük rolu olub və onlar 2614 cinayətin açılmasında yaxından köməklik göstəriblər.

Ötən ilin 6 ayı ilə müqayisədə cinayətlərin açılması yaxşılaşaraq 87,4 faiz təşkil edib, açılmış cinayətlərin sayı 14,4 faiz və ya 1379 fakt çox olub. Cinayətkar qrup və dəstələrin fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə 1039 nəfərdən ibarət 361 cinayətkar qrup və 10 mütəşəkkil dəstə zərərsizləşdirilib, onların törətdiyi 1130, o cümlədən 320 ağır və xüsusilə ağır cinayət açılıb.
 
Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə də fəal iş aparılıb, axtarış işinin ümumi göstəricisi 49,8 faiz təşkil edib. Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərə görə  axtarılanların tutulması 3,1 faiz, itkin düşənlərin tapılmasının nəticələri 2,9 faiz yaxşılaşıb, yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053 təqsirləndirilən şəxs tutulub.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması sahəsində həyata keçirilən əməliyyat tədbirləri ilə 16 saxta pul hazırlama və ya satma cinayəti aşkarlanaraq qeyri-leqal dövriyyədən ümumi məbləği 83 min manat təşkil edən 1041 ədəd müxtəlif nominalda milli əskinas, həmçinin 300 tona yaxın saxta yeyinti məhsulu və tikinti materialı çıxarılıb. Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri çərçivəsində qanunsuz dövriyyədən  350 kq, müqayisə edilən dövrə nisbətdə isə 33 kq çox narkotik vasitə çıxarılıb, 73 nəfərdən ibarət 28 cinayətkar qrup zərərsizləşdirilib. Bununla bərabər, 33,5 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 177,6 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası da məqsədyönlü şəkildə davam etdirilməklə 66 fakt aşkarlanıb, 5 nəfərdən ibarət 2 cinayətkar qrup zərərsizləşdirilib. Bu hüquqazidd əməllərin qurbanı olan 20 şəxs müəyyənləşdirilərək cəmiyyətə reinteqrasiyası təmin edilib.

Nazirliyin istintaq və təhqiqat qurumlarının fəaliyyəti də bütövlükdə səmərəli olub və  müstəntiqlər ötən ilin 6 ayı ilə müqayisədə 3 faiz çox, yəni 11802 cinayət işinin istintaqını aparıb, təhqiqatçılar tərəfindən kriminal məzmunlu 37407 məlumat və müraciət araşdırılıb.

O da bildirilmişdir ki, Prezident seçkisi ilində qarşıda duran vacib vəzifələrdən olan vətəndaşlara şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi işi də ciddi nəzarətdə saxlanılıb. Hesabat dövründə 201.153 nəfər ümumvətəndaş pasportu, 571.703 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Analoji iş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN» xidmət mərkəzlərində də həyata keçirilib.
 
Nazir müavini cari ilin birinci yarısında 21009, o cümlədən elektron poçt ünvanına daxil olmuş 4449 ərizə və şikayətin araşdırıldığını, bütün müraciətlər üzrə obyektiv və qanunauyğun qərarların qəbul edildiyini, təşəbbüskarların yazılı məlumatlandırıldığını vurğulayıb.

Bildirilib ki, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən aparatda və respublikanın bölgələrində  ötən ilin müvafiq dövrü ilə müqayisədə 914 nəfər çox,  yəni 2414 vətəndaş qəbul edilmiş, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. 

İclasa yekun vuran general-polkovnik Ramil Usubov əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi tədbirlərində, xüsusi əməliyyatlarda əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı, mütəşəkkilliyi ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Ramil Usubov kollegiya iclasının qərarında təsbit olunmuş vəzifələrin icrasına dair tapşırıqlar vermişdir.


Modern.az 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım