Modern.az

Azərbaycanlı tələbələr bir-birlərinə təqaüd verəcəklər

Azərbaycanlı tələbələr bir-birlərinə təqaüd verəcəklər

Təhsil

1 Avqust 2013, 09:35

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti "Tələbədən-tələbəyə" adlı yeni bir layihəni həyata keçirəcək. Cəmiyyətin İdarə Heyətinin üzvü və layihənin rəhbəri Cəfər Mənsiminin Modern.az-a verdiyi məlumata görə, bu layihə öncə Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində təhsil alan tələbələri əhatə edəcək.

  Layihə rəhbərinin sözlərinə görə, 98 fərqli ölkədən 50 minə yaxın tələbə bu layihəyə qoşularaq bir-birlərinə dəstək olmaq şansı qazanacaqlar. Belə ki, bu layihəyədə iştirak edən tələbələr istədikləri vaxt layihə icraçıları tərəfindən açılan bank hesabına müəyyən məbləğ yatıracaqlar. Bununla da onlar bir-birlərinə, xüsusi ilə də imkansız tələbələrə yardım etmiş olacaqlar. Əldə edilən məbləğ imkansız tələbələrin təhsil haqqının ödənilməsinə, yataqxana, yemək kimi xərclərin qarşılanmasına ayrılacaq. Eyni zamanda xaricdə təşkil olunan müxtəlif proqramlara, seminar və konfranslara qatıla bilməyən tələbələrə yardım ediləcək.

Onu da deyək ki, təhsil alan tələbələrin bir-birlərinə təqaüd verməsi təşəbbüsü ilk dəfədir ki həyata keçiriləcək. Cəfər Mənsiminin verdiyi bilgiyə əsasən, həmçinin layihənin digər vəzifələri dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək dünyaya sülh və birlik mesajı vermək, onların dünya görüşlərinin, həyata baxış tərzlərinin artmasına yardımçı olmaq, gənclərin bir-birlərinə dəstək olmasını təşkil etmək, tələbələr arasında ayrı-seçkiliyi aradan götürmək, tələbələrin gələcək həyatlarına müsbət yön vermək, istedadlı gənclərə dəstək olmaq, onların maddi sıxıntılarını aradan qaldırmaqdır.

Layihədən təhsil alan tələbələrlə yanaşı, onların ailələri və universitetlər çox faydalana biləcək. Keçirilən layihə müxtəlif iş adamları və vəzifəli şəxslərə də örnək mesajı verəcəkdir. Layihənin icra müddəti cari ilin sentyabrından başlayacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım