Modern.az

Siyavuş Novruzov: “Mənim təklif və iradlarım nəzərə alınıb”

Siyavuş Novruzov: “Mənim təklif və iradlarım nəzərə alınıb”

Parlament

1 Avqust 2013, 10:09

Milli Məclisin müxtəlif iclaslarında deputatlar seçildikləri bölgələrdəki mövcud problemləri mütəmadi olaraq çıxışlarında qabardırlar. Bu müşküllərin bir qismi həllini tapır, bir qismisə hələ də həllini gözləməkdədir. Modern.az bu mövzuda deputatları sorğulayıb.

5 saylı Şahbuz-Babək seçki dairəsinin deputatı Siyavuş Novruzov parlament iclaslarında qaldırdığı məsələlərdən danışarkən Naxçıvan əhalisinin nəqliyyat ehtiyacını daim qabardıb. “Naxçıvanlıların təyyarə ilə Bakıya getməsi və geriyə qayıtması 40 manata başa gəlir. “Bu olduqca baha olduğunu nəzərə çatdırdım. Təklif edirəm ki, dövlət həmin məqsədlə dotasiyanın həcmini artırsın”.

Başqa bir iclasda S. Novruzov AMEA-da çalışanların əksəriyyətinin cəmiyyət və dövlət üçün heç bir ciddi töhfə vermədiyini qabartmışdı.
“AMEA-da elə institutlar var ki, heç nə ilə məşğul olmur. Hətta Ramazan bayramının nə zaman gəldiyini belə deyə bilmirlər".

Daha bir iclasda isə Siyavuş Novruzov yol kənarlarında sürücülərin avtomobillərini saxlamasına diqqət çəkib.

Modern.az-a açıqlamasında Siyavuş Novruzov bildirib ki, Milli Məclisdə qaldırılan məsələlərlə bağlı artıq konkret addımlar atılır.
“Yol dayanacaqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti xüsusi sərəncam verdi və hansı küçələrdə maşınların artıq saxlanılması ilə əlaqədar qadağalar qoydu. O cümlədən yeni açılmış 4500 maşınlıq avtomobil parkının istifadəyə verilməsi ilə əlaqədar bu ərazilərdə maşınların ora yığılması və toplanılan vəsaitin də nəzarət altında düzgün istifadə olunması qeyd olunub. O cümlədən bu yaxınlarda Azadlıq meydanın altındakı avtomobil dayanacağı da istifadəyə veriləcək, bununla da şəhər mərkəzindəki tıxacların aradan qaldırılması üçün kifayət qədər imkanlar yaranacaq ki, yol kənarında maşınlar saxlanılmasın”.

Deputat elm adamları ilə bağlı da addımlar atıldığını qeyd edib. “Akademiyanın yeni seçilmiş rəhbərliyi yeni sistem tətbiq edir, addımlar atır və yəqin ki, gələcəkdə də davam edəcək. Naxçıvan vətəndaşları üçün isə müəyyən güzəştlər var və bilavasitə Naxçıvan vətəndaşları, orada yaşayan insanlar üçün güzəştlər davam olunmalıdır”.

S. Novruzov bildirib ki, müəyyən məsələlər var ki, növbəti sessiyalarda onları da qabardacaq.

 

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...