Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına hazırlıq gedir. Bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında bildirib ki, özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələri hazırlanır. Onun sözlərinə görə, dövlət qurumları ilə müzakirələr yekunlaşdıqdan sonra baxılması üçün hökumətə təqdim olunacaq.
Dövlətin pensiya fondlarına alternativ olaraq yaradılan özəl fond təcrübəsi dünyada uzun müddətdir tətbiq olunur. İnsanlar öz qazanclarından həmin fondlara müəyyən vəsait ödəyir və pensiyaya çıxmaq istədikdən sonra fərdi pensiya şəklində geri alır.
Özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan baza hesab edilir. Bəziləri düşünür ki, özəl fondlar dövlətin sosial yükünün müəyyən dərəcədə azalmasına gətirib çıxara bilər.
DSMF rəhbəri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair keçirilən mətbuat konfransında yenidən özəl pensiya fondlarının yaradılması məsələsinə toxunub. O, özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb.
“Özəl pensiya fonduna investisiyalar uzun müddətli hesab olunur. Fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində və aidiyyəti qurumlarla razılaşdırma prosesini aparırıq. Bu prosesin yekununda müvafiq layihələr Milli Məclisə təqdim olunacaq”, - deyə o bildirib.
Özəl pensiya fondları Azərbaycan vətəndaşları üçün nə vəd edir?
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, özəl pensiya fondlarının yaradılması vətəndaşlar üçün faydalı olacaq:
“Özəl pensiya fondları dünyada geniş yayılmasa da, bir sıra ölkələrdə mövcuddur. Ancaq praktika göstərdi ki, bu uğurlu layihə ola bilər. Alternativlər işçiyə, vətəndaşa pensiyaya çıxarkən daha çox vəsait qazanmaq imkanı yaradır. Burada şərtlər var. Vəsaitin müəyyən hissəsini icbari sığorta fonduna, müəyyən hissəsini də özəl sığorta fonduna ödəyəcək. Bunlar cəmlənir və vətəndaş daha çox pensiya almaq imkanı qazanır. Bu da könüllü əsasda olacaq. Heç kəsi bunu məcbur etmək olmaz. Kimin maaşı artıqdır, kimin imkanı və həvəsi varsa, onlar üçün şərait yaranacaq. Özəl sığorta fondlarının bir xüsusiyyəti də ondan ibarətdir ki, onlar vətəndaşla müqavilə bağlayacaq. Beləliklə, sığorta ilə vətəndaş qarşılıqlı şəkildə fonda yığılan vəsaiti investisiya, başqa qiymətli kağızlara qoya, daha çox gəlir götürə bilərlər. Nəticədə vətəndaş bundan daha çox bəhrələnə bilər. İstənilən halda bunun pensiyaçılarımıza xeyri olacaq. Mən buna inanıram”.
Musa Quliyevin fikrincə, ilkin dövrlərdə vətəndaşların özəl fondlara elə də inamı olmaya bilər. O fikirlərini belə əsaslandırıb:
“Təəssüf ki, xeyli müddətdir formalaşmasına baxmayaraq, Azərbaycanda sığorta sistemi bütövlükdə vətəndaşlarımızın etimadını qazana bilməyib. Bunu açıq etiraf etmək lazımdır. Bütövlükdə sığorta sisteminin islahatlara, yaxud da daha fəal çalışması üçün yeniliklərə ehtiyacı var. Çünki istər daşınmaz əmlakın icbari sığortası, nəqliyyat vasitələrinin icbari sığortası, istərsə də həyat sığortası və sair məsələlərdə vətəndaşlar hər hansı məsələ ilə bağlı bir sıra problemlərlə üzləşir. Onlar müəyyən çətinliklər çəkirlər. Ödədikləri məbləğləri ala bilmirlər. Bu faktdır və bizə edilən müraciətlər də bunu göstərir. Buna görə də, ola bilsin ki, ilkin dövrlərdə özəl sığorta fondlarına o qədər də maraq olmasın. Amma bu bir alternativdir. Dövlətimiz, qanunlarımız bu şəraiti yaradır. Biz sığorta sistemində də dərin islahatların aparılması və bu sahədə aparıcı ölkələrin təcrübəsindən yararlanaraq nöqsanların aradan qaldırılması və sığorta sisteminə bütövlükdə etimadın artırılması üçün düşünməli, bu istiqamətdə çalışmalıyıq”.
Milli Məclisin İqtdisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da özəl pensiya fondlarının yaradılmasının vacib olduğunu vurğulayıb:
“Özəl pensiya fondları dünya praktikasında mövcuddur. Mən bir-iki ildir ki, bu məsələni Milli Məclisdə qaldırmışam. Cənab nazir bu istiqamətdə işlədiyini bildirib. Çox yaxşı haldır ki, hazırda normativ sənədlər hazırlanır. Yəqin ki, bununla bağlı qanun layihəsi olacaq və biz də onu qəbul edəcəyik. Özəl pensiya fondlarının yaranması çox vacibdir. Çünki alternativ olmalıdır. Alternativ olmadıqda seçim olmur. Burada müəyyən güzəştlər və digər məsələlər öz əksini tapacaq. Yeni fonda inam məsələsində problem yoxdur. Başa düşürəm ki, bəzi fondlar yarandıqdan sonra bağlanır. Lakin burada eyni problemlər yaşanmayacaq. Qanunvericilikdə hər məsələ öz həllini tapacaq".