Modern.az

“Azərbaycan və Ermənistan deputatlarının istənilən platformada görüşü müsbət haldır”

“Azərbaycan və Ermənistan deputatlarının istənilən platformada görüşü müsbət haldır”

Parlament

1 Avqust 2013, 14:16

“Fransada Azərbaycan və Ermənistan parlamentlərinin üzvlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər”.
Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Rövşən Rzayev deyib. O, qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü yalnız və yalnız sülh yolu ilə etmək fikrindədir.

“Minsk Qrupu çərçivəsində bu məsələnin sona çatması bizim marağımızdadır. Təəssüf ki, Minsk Qrupu tərəfindən müəyyən gecikdirmələr olur, yəqin ki, onun da səbəbi, mənə bəlli olmayan səbəbləri var. İstərdim ki, bu məsələ daha tez həllini tapsın. Açıq-aşkar işğalçı dövlətin, işğal altında olan torpaqlar hansı ölkəyə aid olması da bəllidir. Görünür hansısa problemlər var ki, onu bilmirik və bunlar da böyük sülh danışığı proseslərində olan məsələlərdir ki, bu gün tam açıqlanmır. Halbuki bu barədə kifayət qədər məlumatlarımız var”.

R. Rzayev vurğulayıb ki, istənilən təşəbbüs, sülh danışıqları, yəni onların başlanılması ilə və yaxud hansısa millət vəkillərinin mövqelərinin açıqlanması – bütün bunlar sülh prosesinə müsbət təsir göstərən məsələdir.

“Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva tərəfindən Azərbaycanın təbliğatı, bu günü ilə bağlı böyük işlər aparılır və bu, çox müsbət dəyərləndirilməlidir. Yeganə arzum budur ki, belə görüşlər mütəmadi keçirilsin və təbii ki, bununla böyük sülh prosesinə öz töhfəsinə verə bilsinlər. Əgər Ermənistan tərəfi konstruktiv mövqe tutsa, bu kimi aktlar təbii ki, xeyrini verəcək”.

R. Rzayevin sözlərinə görə, Azərbaycan deputatları ilə Ermənistan deputatlarının istənilən platformada görüşləri müsbət haldır və bunlar öz rolunu oynaya biləcək.

“Sülh danışıqların aparılması bu istiqamətində işlərin aparılması Azərbaycan tərəfin mövqeyidir. Çox yaxşı olardı ki, Ermənistan da bu mövqeyə nəhayət ki, gəlsin. Çünki Azərbaycan marağı birinci ondan ötəri ki, Azərbaycan torpaqları işğal altındadır. Və Azərbaycan da başqa yola əl atmaq istəmir. Təbii ki, buna da imkanımız var”.

Qeyd edək ki, “Fransa-Ermənistan” parlamentlərarası dostluq qrupunun sədri, senator Filipp Katsenbax Azərbaycan və Ermənistan parlamentlərinin üzvlərini münaqişəsinin nizamlanmasına dair dialoqa çağırıb. Katsenbax müvafiq dəvətnaməni Ermənistan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Ara Babloyana və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya göndərib.

Dəvətdə bildirilir: “Noyabrın 29-da Ermənistan parlamenti üzvlərinin Fransaya səfəri çərçivəsində Dağlıq Qarabağda vəziyyətə dair dəyirmi masa təşkil etmək istəyirəm. Bu görüşə Fransanın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədrini də dəvət etmək niyyətim var”.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...