Bolt Food çatdırılmasının Azərbaycan üzrə rəhbəri Qədim Vəliyev Modern.az-ın suallarını cavablandırıb. O, çatdırılma bazarının inkişafı, kuryerlərin işi və istifadəçilərin üstünlükləri haqqında danışıb.
Həmin müsahibəni təqdim edirik:
- Bir qədər özünüzdən bəhs edin. Bolt Food Azərbaycanda hansı vəzifədə işləməyə başlamısınız?
- Mən satış meneceri kimi işə başlamışam və o vaxt Bolt Food-un Azərbaycanda ilk nümayəndəsi olmuşam, sonra vəzifəm yüksəldi və məni tərəfdaşlarla iş üzrə menecer vəzifəsinə keçirdilər. İndi isə Bolt Food-un Azərbaycanda yemək çatdırılması istiqamətinin rəhbəriyəm.
- Bolt Food-un Azərbaycandakı hekayəsi haqqında daha ətraflı məlumat verə bilərsiniz?
- Əslində Azərbaycanda yemək çatdırılması bazarının inkişafı Bolt Food-un 2021-ci ildə istifadəyə verilməsi ilə başladı. O zaman bazarda bir böyük şirkət var idi, qalanları isə nəzərə çarpmırdı, çünki onlar bu bazara kifayət qədər investisiya qoymurdular. Bolt isə çatdırılma bazarının inkişafına kifayət qədər böyük vəsaitlər qoydu.Yemək çatdırılması bazarı pandemiya dövründə karantin və qapanmalar zamanı inkişaf etməyə başladı. Ancaq qeyd etmək lazımdır ki, bu başlamaq üçün yaxşı vaxt idi. Karantin yemək və digər məhsulların çatdırılması xidmətlərindən istifadə vərdişinin formalaşmasına təkan verdi, çünki bu, insanların kütləvi toplaşmasının qarşısını almağa imkan verirdi və il ərzində kuryer çatdırılması xidmətlərinə tələbatın sürətlə artdığının şahidi olduq.
Ölkəmizdə Bolt Food xidməti 2021-ci ildə fəaliyyət başladı, o zaman bu layihənin icrası üzərində 3 nəfər çalışırdı: Mən və iki həmkarım, zaman keçdikcə komandamız tədricən böyüməyə başladı.
Buna görə də, bu bazara daxil olduğumuz zaman yemək çatdırılması tətbiqlərinin heç birində olmayan restoranları əlavə etməyə başladıq. Geniş miqyaslı xidmət təklifi ilə bazara daxil olduğunuz zaman müştərilərə seçim etmək üçün mümkün qədər çox restoran, eləcə də müxtəlif çeşiddə yemək seçimi təklif etməlisiniz.
- Bu gün Azərbaycanda çatdırılma bazarında vəziyyət necədir? Bazar necə inkişaf edib, son illər ərzində hansı tendensiyaları və trendləri müşahidə edirsiniz?
2021-ci ildən bəri Azərbaycanda çatdırılma bazarı xeyli inkişaf edib. Bunun səbəbi odur ki, indi həm istifadəçilərin, həm də xidmət göstərən şirkətlərin daha çox seçim imkanları var: platformalarda çoxlu restoran və pərakəndə satış məntəqələri mövcuddur. Belə ki, 2021-ci ildə platformaya qoşulmaqda maraqlı olan restoranların sayı az idi, mağazalar isə belə bir əməkdaşlıq haqqında düşünmürdülər.
Lakin bu gün vəziyyət dəyişib: həm restoranlar, həm də mağazalar platformaya qoşulmaqda maraqlıdırlar – indi onlar özləri çatdırılma xidmətləri ilə əməkdaşlıq etmək istəyirlər.
Hazırda Azərbaycanda çatdırılma bazarı böyük potensiala malikdir, xüsusən də pərakəndə satış məntəqələri ilə əməkdaşlıq, beləki bu seqment böyümə mərhələsindədir, restoran biznesi ilə əməkdaşlıq isə artıq kifayət qədər inkişaf etmişdir.
- Şirkətin 2023-cü il üçün hədəfləri nələrdir? Xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üzrə planlar varmı?
Bolt Food-un 2023-cü il üçün məqsədi yemək çatdırılması xidmətini bütün istifadəçilər üçün mümkün qədər rahat etməkdir. Buna görə bu il prioritet məsələ çatdırılma zonalarının əhatə dairəsini genişləndirmək olacaq ki, mümkün qədər çox müştərimiz xidmətin artıq təqdim olunduğu şəhərlərin ən ucqar bölgələrinə belə evə yemək sifariş etmək imkanı əldə etsin. Digər bir prioritet isə tərəfdaş restoranların sayının artırılmasıdır ki, bu da xidmətin müştərilərinə daha geniş çeşiddə mətbəx və yemək seçimi imkanı verəcək.
Bundan əlavə, bu il biz pərakəndə satış məntəqələri ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq: kosmetika, çiçək mağazalardan çatdırılma və ya apteklərdən dərman çatdırılması.
- Bu iki il ərzində platformadakı restoranların sayı və çeşidliliyi necə dəyişib? Buna nə təkan verdi?
Bolt Food kuryerləri, restoranları və onların müştərilərini birləşdirən platformadır. Texnoloji şirkəti olaraq biz tərəfdaş restoranlara yalnız çatdırılma xidmətləri deyil, eyni zamanda müştərilərlə həm oflayn, həm də onlayn işləməyə imkan verən texnoloji yanaşma təklif edirik. Restoranın əməkdaşlığa başlaması üçün sadəcə planşetə sahib olmaq və cihazda Bolt Food tətbiqini işə salmaq kifayətdir, daha sonra restoran komandası real vaxt rejimində yeməklərin çatdırılması üçün sifarişləri qəbul etməyə, idarə etməyə və izləməyə başlaya bilər.
Hazırda istifadəçilərin yerli mətbəxə kifayət qədər çox marağı olduğunu müşahidə edirik və şirkətimizin məqsədi bu sahədə ixtisaslaşmış müəssisələri dəstəkləmək və populyarlaşdırmaqdır. Buna görə də biz orta və kiçik restoranlara da platformaya qoşulmaq imkanı veririk ki, onlar Bolt Food texnologiyasına daxil ola, satışlarını artıra, onlayn istiqaməti inkişaf etdirə bilsinlər.
İstifadəçilər yerli mətbəxtdən başqa hansı mətbəxlərə maraq göstərir?
Bu gün müştərilərin Asiya mətbəxinə və yeməklərinə marağı getdikcə artır. Məsələn, istifadəçilərin tez-tez suşi sifariş etdiyini müşahidə edirik. Fastfud da mövqeyini itirmir: lavaşda şaurma və burgerlər ən populyar yeməklər olaraq qalır.
- Bolt Food kuryerlərinə tələblər nələrdir? Xidmətin üstünlükləri, əməkdaşlıq şərtləri və kuryer işinin xüsusiyyətləri nələrdir?
Bolt Food kuryeri olmaq üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsini rəsmiləşdirməli və sonra tətbiq vasitəsilə qeydiyyatdan keçməli və Bolt Food ilə xidmət müqaviləsi bağlamalısınız. 18 yaşına çatmış istənilən şəxs kuryer kimi platformada qeydiyyatdan keçə və çatdırılma edə bilər. Qeydiyyat zamanı namizədin sənədləri yoxlanılır.
Kuryerə sərbəst iş qrafiki və özünə uyğun saatlarda sifariş çatdırmaq imkanı veririk. O, istənilən vaxt onlayn olaraq qoşula və çatdırılma sifarişlərini qəbul edə bilər. Yəni, bu cür iş həm tam ştatlı, həm də əsas peşədən əlavə gəlir əldə etmək üçün köməkçi iş kimi qəbul edilə bilər. Məsələn, bu qazanc seçimi tələbələr üçün aktualdır, çünki bu cür işlər təhsilə maneə yaratmır.
Əslində kuryerin qazancı bir çox amillərdən asılıdır. Kuryerin hansı saatlarda işləməsi, nə qədər çatdırılma yerinə yetirməsi vacibdir. Hava şəraiti də həmçinin istifadəçilərdən gələn sifarişlərin sayına təsir göstərir.
Bolt Food komandası olaraq yaxşı əhval-ruhiyyədə olan kuryerlərin daha yaxşı xidmət göstərdiyinə əminik, buna görə də kuryer tərəfdaşlarımız üçün maraqlı müsabiqələr təşkil edir və ya loyallıq proqramları təklif edirik. Məsələn, ayın ən yaxşı kuryerinə Bolt Food firma gödəkçəsini hədiyyə edirik, mart ayında isə KontakHome və Samokat.Az ilə birlikdə Bolt Food kuryerləri üçün xüsusi təkliflər hazırlamışıq, beləki onlar bu təklifdən istifadə edərək, nəqliyyat vasitələrinin - velosipedlər və skuterlərin alınmasına və ya icarəsinə əhəmiyyətli dərəcədə qənaət edə bilərlər.