Modern.az

Ermənilər Yevlaxdan sonra Bakıya da gələcəklər - ŞƏRH

Ermənilər Yevlaxdan sonra Bakıya da gələcəklər - ŞƏRH

Qarabağ

1 Avqust 2023, 17:08

Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbəri təsdiqlənərsə, bunu müsbət qiymətləndirmək olar. 


Modern.az bildirir ki, bunu Qarabağ ermənilərinin Yevlaxa gələcəyi barədə xəbərləri şərh edən politoloq Elxan Şahinoğlu deyib.


Onun fikrincə, erməni icmasının Yevlaxda keçiriləcək görüşdən imtina etməsi onların mövqelərini daha da zəiflədəcək.

 

“Separatçıların təzyiqi və əmri ilə hərəkət edən Qarabağ ermənilərinin Bakıda görüşmək təklifindən imtinadan sonra məsafəcə Xankəndiyə yaxın olan Yevlax variantından imtina etmələri mövqelərini daha da zəiflədəcək. Əsas odur ki, Yevlaxdakı mümkün görüşdə üçüncü tərəfə, o cümlədən Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur. Yevlaxa gələn bir müddət sonra Bakıya da gəlmək məcburiyyətində qalacaq. Yevlaxda görüşə razılaşarlarsa (erməni mənbələri hələ ki, Yevlaxda görüş barədə heç bir məlumat yaymayıblar) erməni separatçılarının və Ermənistan hakimiyyətinin “yalnız üçüncü tərəfin iştirakı ilə neytral ərazidə müzakirələr aparaq” tələbindən geri çəkilməsi olacaq”, - politoloq vurğulayıb.

 

 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Yevlax şəhərində Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsindəki ermənilərin nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır. 

 

"Caliber" bildirir ki, görüş təklifi üçüncü ölkədən gəlməyib, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək. 

 

"Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər", - məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır