Modern.az

Şagirdləri "2" alan rayonların Təhsil şöbələri TQDK-nın nəticələri ilə razılaşmır

Şagirdləri "2" alan rayonların Təhsil şöbələri TQDK-nın nəticələri ilə razılaşmır

Təhsil

2 Avqust 2013, 09:55

Yeni təhsil naziri Mikayıl Cabbarovun qərarı ilə ümumtəhsil məktəblərini bitirən bütün məzunlara hansı qiymət almasından asılı olmayaraq attestat verilir. Yəni artıq buraxılış imtahanlarında “2” qiyməti olan məzunlar də attestat almaq imkanındadır. Lakin təhlillər göstərir ki, dərs davamiyyəti zəif olan şagirdlərin sayı artmaqdadır. 

Modern.az saytı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən 2012-2013-cü tədris ilini başa vurarkən ən çox “2” qiyməti alan rayonların siyahısını açıqlayıb. Belə ki, ilk beşlikdə Sabirabad, Saatlı, Daşkəsən, Cəlilabad, Masallı məzunlarıdır.

Həmin rayonlardan seçilmiş deputatlar məsələyə artıq öz rəylərini açıqlayıblar. Bəs yerli Təhsil şöbələri bu haqda nə düşünür?

Daşkəsən rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev Modern.az-a açıqlamasında TQDK ilə razı olmadığını bildirib. “Rayonda 11-ci siniflər, tam orta təhsil məktəblərində şagirdlər yaxşı nəticə göstərib, amma 9-cu siniflərin buraxılışları pis nəticə göstərib və qeyd etdiyiniz kimi, 9-cu siniflər üzrə Daşkəsən son beşlikdədir”. N. Verdiyev 9-cu siniflərin aşağı nəticə göstərmələrini rayon məktəblərində ixtisas müəllimlərinin olmamağı ilə izah edib. “Daşkəsəndə riyaziyyat müəllimi çatışmazlığı var. Keçən il və bu il də bu fənn üzrə nazirliyə vakant yer vermişəm. Görək müəllimlərim imtahanından sonra gələn olacaq ya yox”.

Saatlı rayon təhsil şöbəsinin müdiri Şamil Nurəliyev də həmkarı kimi rayonun “2” alanlar içərisində beşlikdə olması faktını inkar edib. “11-ci siniflərin nəticələri yüksəkdir. Amma 9-cu siniflər üzrə, bəli, son beşlikdəyik”. Ş. Nurəliyev bunun səbəbinin məktəbə gəlməyən şagirdlərlə əlaqələndirib. “Nazirlik ötən illərdən qalan şagirdlərin məktəbə gəlməsi barədə göstəriş vermişdi, biz də qalan şagirdləri və ya kəsilənləri yenidən məktəbə cəlb etdik və onlar yaxşı nəticə göstərmədiyindən bizim rayon 9-cu siniflər üzrə son beşliyə düşdü”.  

 

Aytən Əliyeva

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım