Modern.az

Putinin Türkiyəyə səfəri Azərbaycan üçün əhəmiyyətlidir - ŞƏRH

Putinin Türkiyəyə səfəri Azərbaycan üçün əhəmiyyətlidir - ŞƏRH

3 Avqust 2023, 13:23

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə dünənki telefon danışığında Rusiya prezidentini ölkəsinə səfərə dəvət edib. Putin Türkiyəyə səfər edərmi? Ərdoğanın səylərinə baxmayaraq, Putin “taxıl sazişini” uzatmaq istəmir. Demək, Putin Türkiyəyə səfərə razılaşsa belə, “taxıl sazişi” məsələsində geri addım atmayacaq. 


Modern.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya və Türkiyə liderlərinin telefon danışığını şərh edərkən deyib.


Onun fikrincə, bütün bunlara baxmayaraq, Türkiyəyə səfər Putin üçün əhəmiyyətli ola bilər:


“Ukrayna müharibəsinə və sanksiyalara görə Putinin səfər edə biləcəyi dövlətlərin sayı çox deyil. O hara getsə Beynəlxalq Cinayət Məhkəməsinin həbs kabusu ilə üzləşəcək. Putin bu səbəbə görə avqust ayında BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çənubi Afrika Respublikası və Çin) Cənubi Afrika Respublikasındakı (CAR) toplantısına qatıla bilməyəcək. Çünki Putin bu ölkəyə getsə, Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərinə imza atan CAR Putini həbs etməlidir. Doğrudur, CAR rəhbərliyi belə bir riskə getməz və ona görə də Putinə mesaj göndəriblər ki, “toplantıya Kremldən internet vasitəsilə qatılmağınızı məsləhət bilirik”. Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinin sənədlərinə qoşulmadığına görə Putinin bu ölkədə həbs riski yoxdur. Putinin NATO ölkəsi olan Türkiyəyə səfəri Kreml sahibinin beynəlxalq aləmin mühasirəsində olmadığı anlamına xidmət edə bilər. Putin bu səbəbdən Türkiyəyə səfərlə əlinə düşən fürsətdən istifadə etmək istəyər”.

 

 

“Putinin Türkiyəyə mümkün səfəri Azərbaycan üçün də əhəmiyyətlidir. Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs zirvə toplantısında “Putinin 9 noyabr bəyanatına sadiq qalacağını və 2 ildən sonra Rusiya hərbi kontingentini Qarabağdan çıxaracağına inanırıq” açıqlamasını vermişdi. Ərdoğan Putinə Ankaradakı görüşündə “iki ildən sonra Qarabağı tərk etməyinizi gözləyirik” cümləsini təkrarlayacaq. Əlbəttə, Putin Rusiya hərbi kontingentini iki ildən sonra da Azərbaycan ərazisində - Qarabağda saxlamağa çalışacaq. Ancaq Putin bunu etməyə çalışarkən Ərdoğanın ona Qarabağla bağlı hər dəfə xatırlatdığı fikirləri qulaqradına vura bilməyəcək. Vacibdir ki, bu məsələdə Bakı ilə Ankara koordinasiyalı hərəkət etsinlər”, - Elxan Şahinoğlu əlavə edib.


Qeyd edək ki, avqustun 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Türkiyə liderinin mətbuat xidmətinin yaydığı məlumatda Rusiya prezidentinin danışıqlar üçün Türkiyəyə səfər etməsi barədə razılıq əldə edildiyi bildirilib.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı açıqlama verib. O bildirib ki, Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüş yeri müzakirə olunacaq. Kreml sözçüsü deyib ki, liderlər mütləq Türkiyədə görüşməyəcək, Ərdoğan sadəcə  Türkiyəyə dəvət edib.

 

"Prezidentin özü isə Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında dedi ki, indi onun ölkədə olmasının vaxtıdır, ona görə də hər hansı səfərlər etmək onun üçün çətindir", - Peskov qeyd edib. O əlavə edib ki, Putin və Ərdoğan yaxın gələcəkdə görüşün tarixi və yeri barədə razılıq əldə edəcəklər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı