Modern.az

Qarabağda yeni müharibə təhlükəsi - Azərbaycan hazırdır!

Qarabağda yeni müharibə təhlükəsi - Azərbaycan hazırdır!

4 Avqust 2023, 12:50

Artıq bir neçə gündür ki, həm Qərb, həm də Rusiya mətbuatında Ermənistan və Azərbaycan arasında yeni müharibənin olacağı ilə bağlı yazılar tirajlanır. Müşahidəçilər deyir ki, Ermənistanın "TIR şousu" Qarabağda yeni müharibəni alovlandıra bilər.

 

Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi ilin əvvəlində intensivləşsə də, nəticə əldə olunmayıb. Prosesin gecikməsinə səbəb Ermənistan tərəfinin təxribatlarıdır. 

 

İki ölkə arasında yeni bir müharibənin olması nə qədər realdır?

 

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Aydın Mirzəzadə söyləyib ki, Azərbaycanın sülh istəməsinə baxmayaraq, Ermənistanda bunun əksi ilə bağlı çağırışlar var. 

 

“Azərbaycan müharibə istəmir. Ölkəmiz öz ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində də bildirdi ki, bizim Ermənistan ərazisinə qarşı heç bir iddiamız yoxdur. Düzdür, Ermənistanda vaxtaşırı Azərbaycanla yeni bir müharibəyə başlamaqla bağlı çağırışlar edilir. Bir şeyi anlamaq lazımdır ki, Ermənistanın bunu etməyə resursları, hərbi büdcəsi, hərbi ehtiyatı, ağır texnika və silah ehtiyatı yoxdur. Bunların olmaması Ermənistanın müharibə etməsinə imkan vermir”, - deyə parlamentari bildirib. 

A.Mirzəzadə vurğulayıb ki, Ermənistan yeni bir müharibənin yaranması üçün addımlar atsa, çox ağır nəticələr ilə üzləşəcək:

 

“Hərbi analitiklər də bu məsələni dəfələrlə bildiriblər. Əgər Ermənistanda qızğın başlar Azərbaycanla müharibəyə girmək istəyərsə, çox ağır cavab alacaq. Ölkəmiz bu gün öz suverenliyini və müstəqilliyini qorumaq gücündədir. Azərbaycan cəmiyyətində yüksək vətənpərvərlik ruhu var. Yəni torpaqlarımızı qorumaq üçün bütün imkanlarımız var. Ona görə də Azərbaycan Ermənistanla bütün münasibətlərini beynəlxalq normalara uyğun olaraq danışıqlar vasitəsi ilə həll etməyə üstünlük verir”. 

 

Hərbi ekspert Ədalət Verdiyev isə əlavə edib ki, Azərbaycanla Ermənistan arasında yeni bir müharibənin olma ehtimalı böyük deyil:


“Lakin bunu lokal toqquşmalara və təxribatlara aid etmək olmaz. İnsidentlərin olması ehtimalı daim yüksək olub, yaxın perspektivdə də bu risklər dəyərləndiriləcək. Ermənistanın hazırda müharibə aparmaq üçün potensialı yetərli deyil. Belə bir müharibənin başlaması qarşı tərəfin daha böyük itkilər ilə üzləşməsinə gətirib çıxara bilər. Qarabağda 10 min və Ermənistanda 11 min olmaqla ermənilər 21 min fərariya malikdir. Ermənistanın texniki itkiləri isə təxminən 6 milyard manat dəyərindədir. Bu qədər itkiləri bərpa etmək maddi cəhətdən mümkündür, ancaq ordunun döyüş ruhunu, mənəvi-psixoloji durumunu məğlub ruhdan çıxarmaq üçün bəzən 5, 10 il lazım olur. Odur ki, Ermənistanın nə maddi, nə də mənəvi potensialı yoxdur ki, özünü doğruldaraq bizə qarşı addımlar atsın. Ona görə də müharibə riskləri o qədər də yüksək deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kəlbəcərdə öl*mlə nəticələn hadisə baş verdi