Modern.az

Ərəb investorların Azərbaycana marağı arta bilər - EKSPERT

Ərəb investorların Azərbaycana marağı arta bilər - EKSPERT

İqtisadiyyat

4 Avqust 2023, 15:36

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın “TotalEnergies” şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair Saziş imzalanıb.

 

Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 % iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcəkdir.

 

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

 

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, 83 il əvvəl aşkar edilən "Abşeron" bu gün Azərbaycan üçün "Şahdəniz"dən sonra ən önəmli qaz yatağı sayıla bilər. 


“Çünki bu yataq təkcə 360 milyard m3 olan qaz həcminə görə deyil, həm də bir çox yeniliklərə görə Azərbaycan üçün önəmlidir. Məsələn, ilk dəfə Azərbaycan şirkəti (SOCAR) belə dərin və çətin şəraitdə bir yatağın operatoru olub və bunu uğurla tamamlayaraq ilkə imza atıb.  Burada tətbiq edilən məsafədən mobil idarəçilik də Azərbaycanda ilk hesab edilə bilər”, - ekspert bildirib.


E.Əmirov vurğulayıb ki, yataqla bağlı sazişlərdə digər yataqdan daha çox dəyişikliklər olub:

 

“Belə ki, 1997-ci ildə imzalan birinci sazişdə SOCAR 50%, "Chevron" 30%, "Total" 20% pay sahibi idi. 2009-cu ildə ikinci saziş SOCAR və "Total" arasında hər ikisinə 50% payla imzalandı. Bu gün isə SOCAR, “TotalEnergies” və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında imzalanma mərasimi keçirilib. Proseslər (satınalma) tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" isə hər biri 35%-ə sahib olacaqlar".

 

Ekspert vurğulayıb ki, bu həm də ADNOC üçün xarici ölkədə belə sahəyə ilk investiya yatırımıdır.

 

"Hər bir ölkənin həm neft, həm də qeyri-neft sektoruna investiya cəlbinə ciddi ehtiyacı vardır. ADNOC-un bu gəlişi öz ardınca Azərbaycanda digər sahələrə də öz təsirini göstərə və yeni ərəb investorlarının Azərbaycana marağını artıra bilər. Yeri gəlmişkən bu yatağın ehtiyatlarının bu gün deyiləndən (360 mlrd m3) çox olacağı şübhəsizdir. Vaxt vardı, "Şahdəniz"də 500 milyard m3 deyilirdi. Hasilat başlanandan son proqnoz 2 dəfədən çox artırıldı. 1,2 trilyon m3 qaz və 240 milyon ton kondensat olduğu təsdiqləndi. Odur ki, "Abşeron"da da sürpriz qaçılmazdır”, - Eldəniz Əmirov deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı