Xəbər verdiyimiz kimi, I və IV ixtisas qrupları üzrə imtahan nəticələri açıqlanıb. Blok imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni iki nəfər toplayıb.
Şəmkir rayon Fərman Salmanov adına şəhər orta məktəbinin məzunu Əliyeva Məhin Arif qızı, digəri isə Kürdəmir 2 saylı şəhər orta məktəbinin məzunu Nuriyeva Aynurə Samir qızıdır.
Nuriyeva Aynurə blok imtahanında 397, ümumilikdə isə 677,7 bal toplayıb.
Aynurə Nuriyeva Modern.az-a açıqlamasında deyib ki, o, ikinci imtahan şansından maksimum yararlanmağı qarşısına məqsəd qoyub.
"Birinci blok imtahanında 388,3 bal toplamışdım. Bir qapalı sualda səhvim vardı, bir də açıq sualda bal itirmişdim. Qarşıma məqsəd qoydum ki, mənə ikinci şans verilirsə, niyə də yararlanmayım? Fizika fənnindən 1 açıq sual səhvimlə 3 balımı itirdim. 397 bal topladım.
Ümumilikdə əlbəttə ki, çox sevindirici haldır, əziyyətimin qarşılığını aldım. Təhsilimi ADA-da Riyaziyyat ixtisası üzrə davam etdirməyi düşünürəm. Magistr təhsilimi xaricdə davam etdirəcəm", - o deyib.