Modern.az

Azərbaycanda 17 prokurorluq işçisi cəzalandırılıb - Əməliyyat müşavirəsi

Azərbaycanda 17 prokurorluq işçisi cəzalandırılıb - Əməliyyat müşavirəsi

Təhsil

2 Avqust 2013, 15:59


Avqustun 2-də Baş Prokurorluqda 2013-cü ilin birinci yarısıda görülmüş işlərə dair müşavirə keçirilib.
Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, müşavirədə Baş prokuror Zakir Qaralov məruzə edib. Bildirib ki, hesabat dövründə respublikada qeydə alınmış 10.929 cinayətin 86,9 faizinin açılması təmin edilib.

Baş prokuror hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə mütəmadi mübarizənin təşkili məsələsinin Respublika Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğunu xüsusi vurğulayıb. Qeyd olunub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cari ilin birinci yarımilində 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 3.237 müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi çərçivəsində 2 cinayət işi başlanıb.

Əməliyyat müşavirəsində qeyd edilib ki, Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 4.647 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Müşavirədə qeyd olunub ki, 2013-cü ilin birinci yarısında 17 prokurorluq işçisi xidməti və  icra intizamını pozduğuna görə  intizam məsuliyyətinə cəlb edilib.

Əməliyyat müşavirəsində cari ilin oktyabr ayında çox mühüm hadisə olan Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.

Əməliyyat müşavirəsində 2013-cü ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun məruzəsi dinlənilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım