Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu gün Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözçüsü Mahmid Bilgini qəbul edib. AVP-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Mahmid Bilgin İranda prezident seçkilərindən sonra Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) sədri və dörd azərbaycanlı fəalının həbs olunduğunu deyib. O, həbs olunanların artıq 21 gündür aclıq aksiyasına başladığını xatırladıb. Fəalların hər birinə 9 il həbs kəsildiyini deyən M.Bilgin bunun fars rejiminin siyasi sifarişi olduğunu bildirib.
Hərəkat sədri ictimai və siyasi təşkilatların Yeni GAMOH liderlərinə aclıq aksiyasını dayandırmaları üçün müraciətini AVP sədri Fəzail Ağamalının diqqətinə çatdırıb. 60-cı illərdə Sovet rejiminin hökm sürdüyü zaman kəsiyində Azərbaycanın azadlığı uğrunda, quzey və güney Azərbaycanın birləşməsi uğrunda mübarizə aparan Fəzail Ağamalı müraciətə imza ataraq öz salamlarını həbsdə olan fəallara çatdırmağı qonaqdan xahiş edib. Onları aclıq aksiyasını dayandırmağa səsləyib. F.Ağamalı fars rejiminə qarşı aclıqla deyil daha böyük güclə mübarizə aparmaq lazım olduğunu qonağın diqqətinə çatdırıb. O, avqustun 3-də keçiriləcək Ana Vətən Partiyasının VI Qurultayında da bu haqda danışılacağı və müvafiq sənədin qəbul olunmasının zəruriliyini də qeyd edib.
Modern.az