“Mən Məleykə xanımı şəxsən tanıyıram. Bilirəm ki, o, Azərbaycan təhsili üçün çox əmək verib”.
Bunu Modern.az-a Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, tarixçi alim Anar İsgəndərli Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin yaxın vaxtlarda istefaya göndəriləcəyi barədə xəbərlərə münasibət bildirərkən deyib.
O xatırladıb ki, M.Abbaszadənin işdən çıxarılması səlahiyyəti yalnız Prezidentə məxsusdur:
“Bu qərarı yalnız Prezident verə bilər. Mən Məleykə xanımı şəxsən tanıyan biri olaraq, deyə bilərəm ki, o, Azərbaycan təhsili üçün çox əmək verib. Dövlətin başçısı Məleykə xanımın xidmətlərini görür və qiymətləndirir. Mən Elm və Təhsil Komitəsinin üzvü kimi Məleykə xanımı həmişə təqdir etmişəm və bu gün də ona uğurlar arzu edirəm”.
DİM sədrinin fəaliyyətində nöqsanlara yol verməsi barədə xəbərlərə gəlincə, deputat deyib:
“Birincisi, iş olan yerdə nöqsan olur, ikincisi, son dövrlərdə suallar o dərəcədə də çətin deyil ki, hansısa suala görə kimsə dövlət vəzifəsindən istefaya göndərilsin. Əgər sual səhvdirsə, cavab düzgün qoyulmayıbsa, nəticə abituriyentin xeyrinə həll olunmalıdır. Abituriyent səhv edibsə, sayılmır. Qeyri-adi nə var ki? Burada kütləvi heç nə yoxdur. Mən uzun illərdir bu işin içindəyəm. Bir daha deyirəm, Məleykə xanım kimi bir insan haqqında düşünülmüş qərarı yalnız dövlət başçısı verə bilər”.
Qeyd edək ki, bu gün yerli mətbuatda DİM sədri Məleykə Abbaszadənin istefaya göndəriləcəyi barədə xəbərlər yayılıb. İddia olunur ki, o, ali məktəblərə qəbul imtahanında yol verilmiş nöqsanlara və çoxsaylı şikayətlərə əsasən vəzifəsindən azad ediləcək.
Jalə Rövşən