Modern.az saytı “Milli qəhrəman övladları” layihəsini davam etdirir. Layihəmizin bu dəfəki qonağı Milli Qəhrəman Nadir Əliyevin oğlu Şəhriyar Əliyevdir.
Milli qəhrəman haqda arayış: Əliyev Nadir Alış oğlu 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində anadan olub. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsilini davam etdirib. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinini bitirib. 1991-ci ildən Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləyib.
1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunub. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət edərək, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə iştirak edib. Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərib və qəhrəmancasına həlak olub.
Milli Qəhrəmanın övladı Şəhriyar Əliyevlə söhbəti təqdim edirik.
- Ailəmiz üç nəfərdən ibarətdir: Anam, bacım və mən. Anam evdar qadındır. Gündəlik ev işləri və bizlərə qayğı anamın ən sevdiyi işdir. Mən hərbi yönümlü məktəbdə təhsil alıram. Bacım isə bu il magistraturaya qəbul oldu.
“Atam gözümün önündən getmir”
- Atam rəhmətə gedəndə mənim üç, bacımın isə iki yaşı var idi. O şəhid olandan sonra bütün yaxınlar və dostlar bizə çox kömək oldu. Mən özümü dərk edən gündən çalışıram ki, anamı incitməyim. Çünki tək oğul övladı olaraq, atamdan sonra ailəmizin yeganə dayağı mənəm. Anam danışır ki, atam bütün söhbətlərində vətənimiz üçün və torpaqlarımızın müdafiəsi üçün əlindən gələni edəcəyini və düşmənin bir qarış torpağımızı belə, ala bilməyəcəyini deyirdi....
O deyirdi ki, “bunu üçün gərək düşmən mənim ölümün üstündən keçsin..”.
“Atam vətənimiz üçün unudulmayacaq Milli Qəhrəmandır”
- Atam vətənimiz üçün unudulmayacaq qəhrəmanlıqlar göstərib. Düşmənə qarşı amansızca apardığı mübarizələr və göstərdiyi qəhrəmanlıqlar bu gündə onu yaxından tanıyan insanlar arasında danışılır. Atamın yoxluğunu böyüdükcə daha çox başa düşürəm. Mən də, bacım da hər zaman başımızın üstündə onun isti nəfəsinin olmağını istərdik...
Anam hər zaman atamın bizə qarşı olan sevgisindən danışır. O deyir ki, “bəzən elə olurdu ki, atan sizin tərbiyəli və məsuliyyətli böyüməniz üçün yaşınıza belə, baxmadan tənbeh edərdi. Amma sonradan peşman olar və hər ikinizi doya-doya qucaqlayıb bağrına basardı”.
Mən hələ uşaq ikən silahla oynamağı çox sevərdim. Özümə aid oyuncaq silahlarım var idi. Amma mən onlarla oynayanda hiss edirdim ki, atam bundan narahat olur.
“Vətənini, torpağını canından çox sevən biri kimi yaşananlara qarşı laqeyd qala bilmədi”
- Atam könüllü olaraq hərbi hissəyə yazılanda anam hiss etdirməməyə çalışsa da, narahat olmuşdu. Çünki bilirdi ki, gedib geri dönməyə də bilər. Hər şeydən öncə bizi düşünürdü. Atam vətənini çox sevirdi və nə olursa-olsun müharibəyə gedəcəkdi. Anam bilirmiş ki, nə qədər buna mane olmağa çalışsa da, onun sözünü dinləməyəcək.
Böyüdükcə atamın yoxluğunu dərk edirəm. Bəzən deyirəm ki, kaş bizim də atamız sevincli günlərimizdə yanımızda olaydı. Mən qazandığım və əldə etdiyim uğurlarımı atamla bağlayıram. Kimsə onun qəhrəmanlıqlarından danışanda, mən qürur hissi keçirirəm. Və düşünürəm ki, həyatımda örnək alacağım yeganə insan atamdır.
“Dostlarının maraqlı xatirələri var...”
- Atamın döyüş dostları ilə hər zaman münasibətlərimiz olub və indi də var. Onlar atamın ildönümlərində də bizə gəlib-gedirlər. Mən həm də onların övladları ilə əlaqə saxlayıram. Məni atama çox oxşadırlar və deyirlər ki, “sənin timsalında sanki atanı görürük”.
Onlar atamla bağlı bizə çox maraqlı xatirələr danışırlar. Bir dostu deyir ki, “biz bir dəfə oturub yemək yeyəndə baxdıq ki, Nadir yoxdur. Yarım saat keçəndən sonra gəldi. “Hardan gəlirsən” deyə soruşduğumuzda, süfrədəki şüşədən bir qədəh araq süzüb içərək, “indi partlayacaq erməni bazasının sağlığına” dedi. Üstündən iki dəqiqə keçməmiş güclü partlayış eşidildi və ermənilərin silah bazası yerlə-yeksan oldu”.
Atam çox güclü insan olub. İçində olan güclü vətənpərvərlik hissi onu düşmənə qarşı daha da hirsli, acımasız etmişdi. Atam əsir düşməmək üçün bir çox yollara əl atıb. Amma sonda ayağından yaralanıb. Və ermənilər tərəfindən pusquya salınaraq, öldürülüb.
Döyüş dostları danışırlar ki, o, bir çox bir erməni hərbi bazalarını partladıb. Ona görə də ermənilər atamın başına 1 milyon pul qoymuşdular. Çünki onlara belə bir insanın həyatda olması qətiyyən sərf etmirdi.
Bu yaxınlarda atamın döyüş dostu ilə bir yerdə oturub söhbət edirdik. O mənə atamın o zaman etdiyi qəhrəmanlıqlarından danışırdı. Elə bu zaman başqa bir nəfər bizim stola yaxınlaşdı. Əlimi sıxaraq “sən Nadir Əliyevin oğlusan, çalış ki hər zaman atanın adına layiqli bir övlad olasan” dedi. Belə münasibəti gördükcə atamın doğurdan da necə şərəfli döyüş yolu keçən Milli Qəhrəman olduğunu təsəvvür edirəm. Eyni zamanda belə bir insanın övladı olduğum üçün fəxr edirəm.
Atamla bir yerdə olan dostları ondan soruşurlarmış ki, “Ağdam işğal olunsa, nə edərsən?”. Atam cavabında deyirmiş ki, “ermənilər Ağdamı mənim meyitimin üstündən keçərək ala bilərlər”. Elə dediyi kimi də oldu. Ağdamın işğal günü atam şəhid oldu. Bir həftə sonra isə ad günü olacaqdı....
“İndiki gənclik daha mübariz olmalıdır”
- Keçmiş illərlə müqayisədə indi daha qüdrətli və güclü ordumuz var. Bunu hərbi paradı izləyərkən bir daha şahidi oldum. Bu gün elə gənclərimiz var ki, onlar nəinki müharibəyə getməyə, hətta hərbi xidmət belə, çəkmək istəmirlər. Amma belə olmamalıdır. Gənclərimizdə vətənpərvərlik hisslərini aşılamağa ailədən, orta məktəbdən başlamalıyıq. Vətənpərvər ruhda böyüməyimizdə valideynlərimizin müdaxiləsi yetərincə olmalıdır.
“Milli Qəhrəman övladı olaraq bu adın məsuliyyətini dərk edirəm”
- Mən hansısa addım atanda atamın adını daha çox düşünürəm. Onun daşıdığı şərəfli ada heç vaxt xələl gətirmərəm. Atam mənim üçün örnək olan bir insandır. Hərbiyə meylli olmağım da məhz atamın sayəsində olub. Oxuduğum təhsil ocağında hər zaman onun adına layiq olmağa çalışıram. İmtahanlarımda belə, atama görə mənə hörmət etmələrini istəmirəm. Öz gücümün sayəsində çalışıram ki, bunların öhdəsindən gəlim. Və çox şükür ki, gördüyüm bir çox işlərdə fərqlənirəm. Bu yaxınlarda aldığım mükafatımı atamın mükafatlarının yanına qoyaraq, bir daha Nadir Əliyevin oğlu olmağımla fəxr etdim. Atam bunu görməsə də, hər zaman onu ziyarətə gedəndə sanki eşidirmiş kimi bunları ona danışıram.
“Ad günü sevinci bizə matəm oldu...”
- Atamın ölüm xəbəri ailəmizin faciəsi olmuşdu. Çünki biz atamın ad gününə hazırlaşırdıq. O ad gününə bir həftə qalmış, 31 yaşında düşmənə əsir düşməmək üçün sonadək mübarizə aparıb həlak oldu...
Və belə bir xəbərin verilməsi bütün ailə üçün dəhşət idi. Balaca olduğumuz üçün nə olub-bitdiyi bizə o qədərdə çatmırdı... Amma böyüdükcə atamızın yoxluğunu və ona ehtiyacımız olduğunu daha yaxşı başa düşürük...
Heç kimə bəlli olmayan gündəlik
- Atamın o illərdə yazdığı maraqlı bir gündəliyi bu yaxınlarda əlimə keçdi. Onu məndən başqa hələ indiyədək heç kim oxumayıb... Gündəlikdə yazılan bir söz diqqətimi çəkmişdi...
“Elə kişilər var ki, vətənin dar günündə öz elini-obasını qoyub gediblər. Amma mənə elə gəlir ki, torpağımı dar günündə qoyub getsəm, onun havası, suyu, çörəyi mənə haram olar”-deyə gündəlikdə yazıb.
Pərvin ARZUQIZI