Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasından sonra ermənilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinin "blokadada" olması ilə bağlı miflər yaratmağa başladı.
Ermənistan tərəfi 400 ton "humanitar yardım"ın Qarabağa çatdırılmasına qərar verərək 26 iyul tarixində yüklənmiş TIR-ları Laçın istiqamətinə yığdılar. Təbii ki, həmin yük karvanı haqlı olaraq Azərbaycan ərazisinə buraxılmadı.
Bir müddət sonra Azərbaycan Ermənistana yüklərin daşınması üçün Xankəndi-Ağdam yolunu tövsiyə etdi. Lakin ermənilər buna da qane olmadılar.
"Humanitar yardım" şousu nə vaxta qədər davam edəcək? Azərbaycan hansı addımları ata bilər?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, Ermənistan və onun havadarları Azərbaycan barədə yanlış gümandadırlar:
"İlk növbədə xəyanətkar, cinayətkar, çörəkitirən toplumun havadarlarına səslənmək istəyərdim. Yəni erməniləri himayə edən, onlardan tarixboyu alət kimi istifadə edənlərdən soruşuram, onlar özləri sərhədlərindən icazəsiz, qeyri-qanuni yüklərin daşınmasına icazə verərlərmi? Əlbəttə ki, onlar “yox” cavabını verəcəklər. Çünki hər bir dövlətin ərazisi müqəddəsdir və qanunlarla idarə olunur. Hansısa axmaq, cinayətkar “mənim kefim belə istəyir, yük karvanı düzəldib Azərbaycan ərazisinə keçəcəm” deyə bilməz. Azərbaycan bunlar üçün karvansaraydır?
Qara qarğa dəstəsi kimi yığışıb, Ermənistan sərhədinə gəlib, bizim Laçın sərhəd-buraxılış məntəqəsinə baxan Avropa İttifaqının nümayəndələri, İranın, Fransanın və cürbəcür dövlətlərin səfirliklərinin nümayəndələrinə səslənirəm. Siz Azərbaycanı nə hesab edirsiniz? Bəlkə, Azərbaycan sizin müstəmləkənizdir ki, siz güc tətbiq edib onun ərazisinə qeyri-qanuni yük daxil edəsiniz? Bu, qeyri-mümkündür. Qoy, onlar bunu başa düşsün”.
Deputat söyləyib ki, Qarabağdakı ermənilər Azərbaycan qanunlarını qəbul etməsələr, əcnəbi vətəndaş kimi torpaqlarımızı tərk etməli olacaqlar:
“Cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycanda yaşayan və vətəndaş olan hər kəs milliyyətindən, dinindən, irqindən asılı olmayaraq bir ailədir. Azərbaycanda çoxsaylı etnik və milli azlıqlar var. Hamımız birliklə Azərbaycan xalqıyıq. Qarabağ iqtisadi zonasında 20-30 min erməni yaşayır. Onlar Azərbaycan vətəndaşlığını qəbul etməli, qanunlarımıza tabe olmalıdır. Əks təqdirdə əcnəbi vətəndaş kimi ərazimizi tərk etməlidirlər. Könüllü tərk etməsələr, onlar buna məcbur ediləcəklər. Cənab Prezidentimiz dəfələlərlə qeyd edib ki, Qarabağda yaşayan azsaylı ermənilər vətəndaşlığmızı qəbul edib, qanunlarımıza tabe olduqları təqdirdə, təhlükəsizlik və bütün yaşayış təminatları ilə bugünkündən də min dəfə yüksək səviyyədə təmin olunacaq. Qəbul etmirlərsə, bizim qanunlarımızı bəyənmirlərsə, yol açıqdır. Onların Ermənistan deyə bir dövləti var. Gedə bilərlər”.
Elman Məmmədov Qarabağdakı ermənilərin heç bir humanitar yardıma ehtiyacının olmadığını vurğulayıb:
“Mən Xocalıdanam. O ərazini qarış-qarış tanıyıram. Regionun bütün iqtisadi imkanlarına bələdəm. Kənd təsərrüfatı sahəsində olan imkanlardan xəbərdaram. Mən o məhsuldar torpaqları bilirəm. Mən bir qarabağlı, Xocalı sakini kimi deyirəm ki, orada ərzaqla, kənd təsərrüfatı məhsulları ilə bağlı heç bir problem yoxdur. Humanitar ehtiyacdan söhbət gedə bilməz. Oranın imkanları ilə təminat ən yüksək səviyyədədir. Bu erməni oyunbazlığı və təlxəkliyidir. Erməni bicliyidir. Oradan xəbəri olmayan BMT-nin Quterreş (BMT-nin baş katibi Antonio Quterreş - red.) kimi adamı bəyanat verir. Belə olduğunu deyirsinizsə, cənab Prezident dəfələlərlə bəyan edib ki, sizin bütün ehtiyaclarınızı bu günə qədər təmin edildiyindən 100 dəfə artıq səviyyədə təmin edə bilərik. Ancaq bu bizim qanunlarımız çərçivəsində və dediyimiz yolla olmalıdır. Sən Azərbaycan ərazisində yaşadığın halda qanunlarımızın əleyhinə getmək, kimlərinsə himayəsində olub, onların yardımları ilə yaşamaq istəyirsən. Bu olmayacaq. Bu 44 günlük müharibəyə qədər idi. Separatçılar, terrorçular, cinayətkarlar tamamilə ərazimizdən rədd olub getməlidir. Qalan əhali də bizim qanunlarımızla yaşamalıdır. Əks təqdirdə, yol açıqdır, onlar da sizin arxanızca gedə bilərlər”.
Milli Məclisin Qarabağdan olan digər bir deputatı Aqil Məmmədov isə vurğulayıb ki, ölkə daxilində baş verən bütün hadisələrə birbaşa Azərbaycan dövləti cavabdehdir:
“Qarabağa humanitar yardımın daşınması, yaxud hansısa köməyin verilməsi, beynəlxalq qurumların o bölgəyə səfərləri Azərbaycan tərəfindən həyata keçirilməlidir. Ermənistan Laçından hansısa yardım göndərirsə, bu mütləq Azərbaycan tərəfi ilə əvvəlcədən razılaşdırılmalıdır. Razılıq verildiyi təqdirdə o addım atıla bilər. Ermənistan isə Azərbaycanla heç bir danışıq aparmadan öz ərazisiymiş kimi oradan humanitar yardımlar göndərirlər. Əslində, Ermənistan yaxşı bilirdi ki, o TIR-ların qarşısı alınacaq. Sadəcə məqsədli şəkildə bu addımı atır ki, bütün dünyanın diqqəti ora yönəlsin. Bununla da, dünyada belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya Azərbaycan ərazini blokadada saxlayır və heç bir humanitar yardımın aparılmasına icazə vermir. Əslində bu olduqca absurddur. Bütün dünya da bilir ki, Azərbaycan onlara təklif edir ki, humanitar yardım üçün Xankəndi-Ağdam yolu daha əlverişlidir, yaxın və asandır. Orada artıq təmir işləri də demək olar ki, başa çatdırılır. Sadəcə olaraq, Ermənistan və ona havadarıq edənlər bu təxribat prosesini məqsədli şəkildə aparırlar”.
A.Məmmədov vurğulayıb ki, dəfələrlə ermənilərə Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda hər cür şəraitlə təmin olunacaqları bildirilib:
“Azərbaycan vətəndaşı olan ermənilərə istənilən yardım ediləcək və digər vətəndaşlarımız kimi konstitusion hüquqlarla təmin olunacaqlar. Ermənistan tərəfi gec-tez bu addımı atmalıdır. Çünki onların başqa çıxış yolu yoxdur. Cənab Prezident dəfələrlə vurğulayıb ki, Qarabağda yaşamaq istəyənlərə də, yaşamaq istəməyənlərə də imkan veriləcək.
Ermənilər Azərbaycan vətəndaşlığına nə vaxtsa keçəcək. Amma nə zaman bilinmir. Onların xarakterlərini nəzərə alsaq, deyə bilərik ki, təkrar başlarına yumruq dəyəndən sonra məcbur olub 10 noyabr sənədi kimi bu addımı da atacaqlar. Əllərini qaldıracaqlar. Azərbaycan erməni icması ilə danışıqları aparıb. Bir dəfə Xankəndidə Rusiya sülhməramlıların nəzarəti altında belə bir görüş alındı. İkinci dəfə biz yenə də təklif etdik ki, bu danışıqlar keçirilsin. Müəyyən razılıqlar əldə edilsin. Bu yardımların orada keçirilməsi, orada paylanması onlar tərəfdən qəbul olunsun. Onlar buna hələlik etiraz edirlər. Qəbul etmək istəmirlər. Onlar həm də sərbəst fikir yürüdə bilmirlər. Çünki təzyiq altındadırlar. Orada yaşayan erməni icması, bizim erməni vətəndaşlarımız bunu istəyirlər. Lakin məcburiyyət qarşısında bu təklifləri qəbul edə bilmirlər. Gec-tez onlar da başa düşəcəklər ki, başqa çıxış yolları yoxdur. Azərbaycanın şərtlərini qəbul etməli, bu ölkənin pasportlarını öz üzərlərində gəzdirməlidirlər. Yaxud başqa ölkədə gedib yaşaya bilirlər”.