Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərlə yanaşı, Azərbaycanın digər bölgələrində də infrastruktur layihələrinin həyata keçirilməsi, səhiyyə, mədəniyyət, təhsil müəssisələrinin inşası, sosial xarakterli təsisatların açılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərin vahid strategiya əsasında gerçəkləşdirildiyini bir daha təsdiqləyir.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.
Prezident İlham Əliyevin Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfərini və bu səfər çərçivəsində reallaşan açılış mərasimlərini dəyərləndirən millət vəkili sözügedən rayonlarda həyata keçirilən quruculuq-abadlıq işlərinin Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən layihələrlə birbaşa əlaqəli olduğunu bildirib:
“Bərdə rayonu Qarabağ iqtisadi rayonuna daxil olsa da, həm Gəncə-Daşkəsən, həm də Mərkəzi Aran iqtisadi rayonlarının kəsişmə nöqtəsində yerləşir və logistik baxımdan olduqca mühüm mövqeyə malikdir. Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı, həm Qarabağ, həm də Gəncə-Daşkəsən və Mərkəzi Aran iqtisadi rayonlarında həyata keçirilən layihələrin perspektivi, məşğulluq problemlərinin həlli və sözügedən rayonlar arasında iqtisadi əlaqələrin genişləndirilməsi, sosial-iqtisadi reinteqrasiyanın təmin edilməsi baxımından mühüm strateji əhəmiyyətə malikdir”.
Azər Kərimli cənab Prezidentin səfəri çərçivəsində həm Ermənistanla sərhəddə, həm də strateji əhəmiyyət daşıyan nəqliyyat və enerji marşrutlarının keçdiyi ərazidə yerləşən Qazax rayonunda bir sıra mühüm layihələrinin açılışlarının gerçəkləşdirildiyini və bunun vahid inkişaf planının tərkib hissəsi olduğunu vurğulayıb: “Prezidentin səfəri zamanı Qazax rayonunda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun, Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin açılış mərasimləri keçirildi və məlum olduğu kimi, Qazax rayonunda nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı layihələrin icrası davam etdirilməkdədir. Ermənistanla sülh müqaviləsinin imzalanacağı və kommunikasiyaların açılacağı təqdirdə Qazax rayonu Cənibi Qafqazın nəqliyyat habına, kommunikasiya mərkəzinə çevriləcək. Hazırda həyata keçirilən yol infrastruktur layihələri də bu prosesin tərkib hissəsi hesab oluna bilər”.
Prezident İlham Əliyevin Qazaxa səfəri çərçivəsində “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksinə baş çəkdiyini xatırladan millət vəkili, bu addımın Ermənistan mediasında ciddi rezonans doğurduğunu və rəsmi İrəvana ünvanlanmış mesaj kimi qəbul olunduğunu bildirib: “Erməni sərhədçilərinin çadırlarda yaşadığını qeyd edən Ermənistan mediası “Qazax” Əlahiddə Sərhəd Diviziyasının yüksək hərbi potensiala malik olduğunu, anklavlara cəmi 10 kilometr məsafədə yerləşdiyini xatırladıb. Burada birbaşa və məqsədyönlü mesajın olduğunu söyləmək çox çətindir. Prinsip etibarilə, Azərbaycan öz ərazisində atdığı bütün addımlarda, ilk növbədə vətəndaşlarının təhlükəsizliyini, rifahını, ölkənin inkişafını nəzərdə tutur. Ermənsitandan fərqli olaraq, bizim daxili gündəliyimizdə başqa dövlətlərin baxış bucaqları və yaxud maraqları yer almır. Amma təbii ki, Ermənistanın qütblərarası uğursuz manevrlərindən əl çəkəcəyi və beynəlxalq hüquqa, regiondakı reallıqlara uyğun mövqe sərgiləyəcəyi təqdirdə, bu ölkə də Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdən faydalana biləcək. Əks təqdirdə, tarixi ədalət bərqərar olunanadək çadırlarının yerini içəriyə doğru tez-tez dəyişməli olacaqlar”.