Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə bütün ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları başa çatıb və nəticələr elan olunub. Abituriyentlər üçün növbəti önəmli mərhələ ixtisas seçimidir. Bu seçimi bəzi abituriyentlər özləri edir, bəziləri isə müxtəlif insanlardan ödənişli dəstək alır.
Ancaq bəzən bu dəstək faydadan çox ziyan gətirir. Özlərini "mütəxəssis" kimi təqdim edən bir sıra insanlar abituriyentlərin ixtisas seçimini düzgün aparmır, nəticə bəzən fəlakətli olur.
Abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidir? Proses zamanı kimlərə güvənmək olar?
Təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında bildirir ki, abituriyentlər ixtisas seçimində çətinlik çəkirlərsə, ekspertlərə müraciət edə bilər.
“Bu prosesdə öhdəlik götürmək və ya vəd vermək doğru yanaşma deyil. Əgər valideynlər konkret olaraq mütəxəssis rəyi alırlarsa, əmək bazarını araşdırmalı, hansı ixtisaslara tələbat varsa, həmin ixtisaslara üstünlük verməlidirlər. Bu prosesi özləri də edə bilər, o halda ki, onlar ixtisaslar, proses barədə tam ətraflı informasiyaya sahib olsunlar. Amma təəssüflər olsun ki, bu çox cüzi hissəni təşkil edir. Yəni elə bir vəziyyət formalaşıb ki, onlar ixtisaslar barədə tam məlumata sahib deyil. Onlar bu prosesin necə tənzimləndiyini bilmirlər. Hansı balın əsas götürülməli olduğunu bilmirlər. Bu kimi məqamlar yekunda səhv etmələri ilə nəticələnə bilər. Ona görə diqqətli olmalıdırlar", - o qeyd edib.
Ekspert deyir ki, ixtisas seçimi edərkən xüsusi plan yerlərinə baxılmalı, illik təhsil haqqları nəzərə alınmalıdır.
"Məsələn abituriyent illik ödənişi 4000-5000 olan ixtisasa qəbul olur, onu ailə ödəyə bilmir. Belə olan halda biz əlbəttə nəzərə almalıyıq ki, ailə büdcəmiz nə qədər imkan verir təhsil haqqını ödəməyə. Əgər ödəyə bilməyəcəyik, təhsilimiz yarımçıq qalacaqsa, o zaman həmin ixtisası yazmağın mənası yoxdur. Bu məqamlar diqqətə alınmalıdır”.
Təhsil eksperti Kamran Əsədov isə deyir ki, ixtisas seçimi ciddi məsələdir, ixtisas seçimini özləri edə bilməyən abituriyentlər başqa insanlardan kömək ala bilər, amma kifayət qədər bu sahədə təcrübəli olan şəxslərə müraciət etmək lazımdır.
“İxtisas seçimi qəbul imtahanlarından da ciddi məsələdir. Çox təəssüflər olsun ki, ölkədə bir çox insanın bu sahədə təcrübəsinin olmamasına baxmayaraq, abituriyentlərə ixtisas seçimi xidmətləri təklifi edir. Hər kəs elə hesab edir ki, onlar “Abituriyent” jurnalını götürüb, ordakı ballar və əvvəlki illərdə formalaşmış keçid balları ilə abituriyentlərə tövsiyə verə bilərlər. Təsadüf nəticəsində uğur əldə edilə bilər. Biz bunu hər zaman görmüşük. Amma ixtisas seçimi ciddi məsələdir. İxtisas seçimi etməklə bağlı öz xidmətini təklif edən insanların 1 il ərzində təhsillə bağlı hər hansı tədqiqatlarını, təhlillərini görmüsünüzmü? Birmənalı şəkildə xeyr. Hər il qəbul imtahanlarının qaydalarının dəyişməsi, müəyyən yeniliklərin olması valideynlərdə çaşqınlıq yaradır. Bu zaman müəllimlər, xüsusi ilə repititor xidməti göstərənlər müəyyən qədər qəbul prosesinin içində olduqlarına görə hesab edirlər ki, onlar da “Abituriyent” jurnalını götürüb, ixtisas seçimi xidməti təkliflərini verə bilərlər. Bu barədə kiməsə məhdudiyyət qoymaq olmaz, amma il ərzində bir dəfə belə hər hansı qəbulla bağlı məsələyə münasibət bildirməyən, təhlili, analizi olmayanın ixtisas seçimi etməsi həmin abituriyentin taleyi ilə oynamaqdan başqa bir şey deyil”.
O həmçinin, abituriyentlərin ixtisas seçimində hansı məqamlara diqqət etməli olduqlarını açıqlayıb:
“İxtisas seçimi zamanı ciddi statistik təhlillər var. Əvvəlki illərdə keçid ballarını formalaşdıran abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerlərinin sayı kimi məsələlər ciddidir. Bunun nəticəsidir ki, hər il müxtəlif şəxslər xidmətlər göstərirlər. 600, 500-dən yuxarı bal toplayan yüzlərlə şəxs ali məktəbə qəbul ola bilməyib və ya qəbul olduğu ixtisas arzusunda olmadığı ixtisas olub. Bir çox hallarda abituriyentlər yüksək balla aşağı keçid balı formalaşan ixtisaslara qəbul olurlar, və yaxud zaman-zaman görürük ki, dövlət sifarişli yəni pulsuz ixtisaslara qəbul ola biləcəyi halda məhz təcrübəsiz insanların sayəsində ödənişli ixtisaslara, özəl universitetlərə qəbul olurlar. Abituriyent ixtisas seçimi edən zaman təkcə əvvəlki ilin keçid balı formalaşan jurnalını yox, mütləq şəkildə plan yerlərinin, abituriyentlərin sayını, onların ballarının paylanma əmsallarını nəzərə almalıdır. Deyə bilmərik ki, kimsə bunun ödənişli edir deyə yanlışdır. Valideynlərin seçimlərdir. Onlar diqqətli olmalıdır. Biz daha sonra fevral, iyun ayında görürük ki, həmin valideynlər başqa qapılara gedirlər və tələbələrin köçürülməsi ilə bağlı ixtisas seçimini etmək istəyirlər”.
Jalə Rövşən