Bir müddət əvvəl Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə tərəfindən isə “TUSAŞ”ın baş meneceri Temel Kotil və Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi idarəsinin rəisi Haluk Görgün arasında “KAAN” layihəsinə dair əməkdaşlıq protokolu imzalanıb.
Protokola əsasən, Azərbaycan və Türkiyə milli döyüş təyyarələrinin istehsalı çərçivəsində mühəndislərin yetişdirilməsi nəzərdə tutulur.
Bundan əvvəl, Azərbaycanda "Bayraktar TB2" mərkəzinin yaxın gələcəkdə yaradılacağı qeyd edilmişdi.
Azərbaycan və Türkiyənin müdafiə sənayesində işbirliyi nə vəd edir?
Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyənin təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, Azərbaycanın "Bayraktar TB2" layihəsində iştirakı Türkiyə və türk dünyası üçün əhəmiyyətlidir:
"Bayraktar TB2" Türkiyənin olduğu kimi, can Azərbaycanın da qürurudur. 44 günlük müharibə zamanı Qarabağın azad edilməsində "Bayraktar TB2" PUA-larının önəmli rolu var. Qısa müddət öncə cənab Prezident Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı kralı Ciddə şəhərində çox böyük layihəyə imza atdılar. "Bayraktar AKINCI"nın istehsalı bundan sonra Səudiyyə Ərəbistanında ediləcək. Belə bir protokolun imzalandığı ilk ölkə Azərbaycandır. PUA-larımız Azərbaycan səmasında ermənilərə qarşı istifadə edildi. Müdafiə sənayesi ölkələrin dayanıqlılıq məsələsidir. Ölkələri ayaqda tutan təməl dəyərdir. Bunun üçün belə layihədə Azərbaycanın iştirakı həm bu ölkə, həm Türkiyə, həm də digər türk dövlətləri baxımından çox vacibdir. 30-dan çox ölkə “Bayraktar”dan PUA-lar tələb edir".
O, Türkiyənin ilk qırıcı təyyarəsi olan "KAAN"ın istehsalında Azərbaycanın da iştirakından söz açıb:
"KAAN" bizim ilk hərbi qırıcı təyyarəmiz olacaq. Bu da "Bayraktar" kimi, vacib həmlədir. Türkiyənin uzun müddətdir ki, f-35 layihəsi var idi. Amerika müxtəlif yalan bəyanları ilə Türkiyəni kənarda qoydu. “Pis ev sahibi, kirayəçini ev sahibi edir” misalı ilə məsələyə yanaşsaq, Türkiyə bu gün öz milli tankını, təyyarəsini, eyni zamanda digər mühhimatlarını hazırlamaqdadır. Ona görə də, Azərbaycanın da "KAAN" layihəsində yer alması Türkiyə üçün çox mühümdür. Bir millət, iki dövlət fəlsəfəsi ilə bütün sahələrdə eləcə də, müdafiə sənayesində əlaqələrimizin sıx olması Türkiyə və Azərbaycan üçün qürurverici hadisədir".
Hərbi ekspert Üzeyir Cəfərov isə vurğulayıb ki, son illər müdafiə sənayesi sahəsində birgə böyük addımlar atılıb:
"Bu addımlar artıq gündəlik həyatımızda demək olar ki, tez-tez səslənir. Bundan sonra adi iş qaydası olacaq. Türk mütəxəssisləri Azərbaycanda, Azərbaycan mütəxəssisləri Türkiyədə olacaq. Türkiyədə birgə hərbi sənaye kompleksinin inkişafı və hərbi avadanlıqların birgə istehsalı həyata keçiriləcək. Bunu Türkiyə Prezidenti də bəyan etdi. Ötən həftələrdə sərgi keçirildi. Azərbaycanın üç güc strukturunun rəhbərləri orada iştirak etdilər. Müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin sədri və müdafiə sənayesi naziri orada iştirak etdilər. Orada müqavilələr imzalandı və razılıqlar əldə olundu. Razılıqlardan biri müdafiə sənayemizin birgə inkişafı və yeni məhsulların buraxılışıdır.
Türkiyə NATO sistemində tanınmış ölkədir. İkinci böyük gücə malik ölkədir. İqtisadi imkanları kifayət qədər böyük olan dövlətdir. Bizim mütəxəssislərimiz Türkiyədə öyrənilər. Türk mütəxəssislər artıq Azərbaycanda müəyyən müştərək qaydada işləri həyata keçirirlər. 2023-cü ildə hələ biz xeyli məhsullar haqqında məlumatlar eşidəcəyik. Ukrayna müharibəsindən sonra Türkiyə Ukraynada da "Bayraktar TB2" zavodu tikir. Onun tikintisi sürətlə həyata keçirilir. Özbəkistanda da belə bir layihə həyata keçirilir. Ümumiyyətlə, türk dövlətlərində hərbi sənayenin inkişafı üçün önəmli addımlar atılır".
Ü.Cəfərov qeyd edib ki, birgə buraxılan məhsullar keyfiyyətli olmasına görə dünya silah-sursat sərgilərində, yaxud bazarında özünə layiqli alıcalar qazanacaq:
"Bu davamlı olacaq. Dünyada xeyli ölkələr var ki bu sahəyə xüsusi diqqət ayırırlar. İsrail,Cənubi Afrika, Pakistan, həta bizim cənub qonşumuz İran da son vaxtlar bu sahəyə xüsusi diqqət ayırır. Ona görə də, birgə məhsul mənə elə gəlir ki, keyfiyyətli olacaq. Həm də brenddir. Azərbaycanın da adının qardaş Türkiyə ilə bərabər silah sursatın, texnikanın üzərində olması bu sahəyə ayırılan pulların qısa müddət ərzində özünü doğrultmasına imkan verəcək. Düşünürəm ki, bizim mütəxəssislər hələ bundan sonra daha yeni avadanlıqlar, daha yeni texnikaları birgə işləyib ərsəyə gətiəcəklər".