Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasından sonra ermənilər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinin "blokadada" olması ilə bağlı miflər yaratmağa başladı. Beynəlxalq təşkilatlar və bir sıra Avropa dövlətləri Ermənistanın bu blokada miflərinə həqiqət kimi yanaşaraq, Azərbaycan əleyhinə açıqlamalar yayıblar.
Lakin nə beynəlxalq təşkilatlar, nə də Avropa ölkələri 30 ildən artıqdır ki, Ermənistanın Naxçıvanı blokadada saxlamasına reaksiya vermir. Azərbaycan vətəndaşları ölkənin bir yerindən digərinə getmək üçün üçüncü-dördüncü dövlətlərin ərazisindən keçmək məcburiyyətində qalırlar.
Həqiqətən, Naxçıvan sakinləri 30 ildir blokda şəraitində yaşayır və bu illər ərzində Muxtar Respublikada həyat həddindən artıq çətin olub.
Dünya ictimaiyyətinin Naxçıvanın blokadada olmasına münasibət bildirməməsinin səbəbi nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, Naxçıvanın ermənilər tərəfindən blokadada saxlanması bütün dünyaya məlumdur:
“Naxçıvan Muxtar Respublikası 30 ildən artıqdır ki, blokadadır. Bunu bütün dünya bilir. Yəni Azərbaycanın əsas hissəsindən ayrı düşüb. Azərbaycanlılar bir yerdən başqa yerə getmək üçün mütləq üçüncü, dördüncü dövlətin ərazisindən keçməlidirlər. Həm iqtisadi, həm də digər məsələlərlə bağlı ciddi problemlər var.
Qarabağ isə blokadada deyil. Rusiya sülhməramlılarının nəzarət etdiyi Qarabağ ərazisindən Ermənistan istiqamətinə Laçın yolu vasitəsilə getmək mümkündür. Eyni zamanda Azərbaycan alternativ olaraq, Ağdam-Xankəndi yolunu təklif edir. Bu daha uyğun, coğrafi baxımdan asan relyefə malik qısa yoldur. Nəzərə almaq lazımdır ki, sülhməramlılar fəaliyyətə başlayan ilk andan bu yoldan istifadə ediblər. Azərbaycana hava yolu ilə gətirilən mallar Gəncə aeroportuna daxil olub. Buradan da təbii ki, həmin magistiral yolla Qarabağa yüklərini daşıyıblar. Ancaq ermənilər həmin yolu bağlayıblar. Ermənilər müxtəlif dəmir beton konstruksiyalardan istifadə edərək Ağdam-Xankəndi yolunu bağladılar. Bu da faktdır”.
Deputat avqustun 16-da ermənilərin təsiri ilə BMT TŞ-nin məsələni müzakirə edəcəyini söyləyib:
“Avqustun 16-da Ermənistanın və dünya erməniliyinin, lobbi təşkilatlarının təhriki ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında bu məsələyə baxılacaq. Əgər obyektiv, adil yanaşma olsa, Ermənistan həmin təşkilatın 1993-cü ildə qəbul etdiyi qətnamələrinin icrasını təmin etməlidir. İlk növbədə təşkilatın nizamnaməsinə uyğun olaraq, digər dövlətin ərazisinə müdaxilə etməməlidirlər. İndiki halda 10 minə yaxın silahlı terrorçunun Qarabağdan çıxarılmasını təmin etməlidirlər. Bu məsələnin ədalətli həlli hər iki tərəfdən beynəlxalq qanunlara uyğun olaraq kommunikasiyaların açılması olardı. Azərbaycanın müstəqil dövlət olaraq, öz suveren ərazisini təmin etməsi üçün Laçın ərazisində qurduğu sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərməlidir. Qəti sürətdə hərbi yüklərin daşınmasının, silahlıların ora keçirilməsinin, onların lokasiyasının qarşısını almalıyıq. Eyni zamanda hər bir suveren dövlət kimi qanunsuz keçirilən malların da qarşısı alınmalıdır".
N.Məhəməliyev beynəlxalq təşkilatların ikili standartlardan çıxış etdiyini vurğulayıb:
"İndiki vəziyyətdə kollektiv Qərblə Rusiya arasında düşmənlik siyasəti aparılır. Barışmaz konfrantasiya mövcuddur. Nə qədər paradoksal olsa da, erməni məsələsində bunlar eyni mövqedən çıxış edirlər. Digər bir qəribəlik də bizim cənub qonşumuz İranla bağlıdır. Amerika və İran həmin düşmənlik siyasətini 40 ildən çox aparırlar. Amma erməni məsələsində İran-Fransa münasibətləri Rusiya-İran münasibətləri ilə üst-üstə düşür. Bu o anlama gəlir ki, regiona maraqlar var. Bu maraqları həyata keçirmək üçün böyük güclər çox böyük rəqabət aparırlar. Bu maraqların təmin olunması üçün sözügedən böyük qüvvələr Ermənistandan alət kimi istifadə edir. Erməni xalqı 150 ildən bəri danışdıqları yalanların girovuna çevriliblər. Onlarda milliyyətçilik düşüncəsi o qədər dərinə işləyib ki, artıq kiçikdən böyüyə cəmiyyət erməni yalanları ilə xəstələnib. Bu da öz siyasətini həyata keçirmək istəyən qüvvələrə bir şans verir. Onlar deyir ki, "bizdən istifadə edin, biz də dediyinizi qul kimi yerinə yetirəcəyik". Nə qədər ki, beynəlxalq təşkilatlar ikili standart xəstəliyindən azad olmayıb, bu proseslər gedəcək".
Milli Məclisin digər bir deputatı Elşad Mirbəşiroğlu vurğulayıb ki, beynəlxalq təşkilatlar, Avropa siyasi dairələri ikiüzlü davranır:
"Ermənistan Avropadakı dəstəkçiləri vasitəsilə Azərbaycana qarşı yeni siyasi təxribatlar kampaniyasına başlayıb. Beynəlxalq təşkilatların, Avropa siyasi dairələrinin guya Azərbaycanın Laçın yolunu bağlaması ilə bağlı iddiaları bir daha onların riyakarlığına və ikili standartlar siyasətinə işarədir. Bir tərəfdən onlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmağa hazır olduğunu nümayiş etdirirlər. Digər yandan Azərbaycanla Ermənistan arasında gərginliyin saxlanması üçün əllərindən gələni edirlər. Əslində, Avropa siyasi dairələrinin və ABŞ-ın məqsədi Cənubi Qafqaz regionunda öz missiyalarını həyata keçirməkdir. Bir qayda olaraq, onlar bu və ya digər coğrafiyada öz geosiyasi ambisiyalarını həyata keçirmək istəyərkən həmin coğrafiyadakı xalqlardan, dövlətlərdən alət kimi istifadə etməyə çalışırlar. Bu da təbii ki, olduqca acı nəticələrə gətirib çıxarır. Yenə də Laçın yolu ətrafında, yəni Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti məsələsi ətrafında Ermənistan və Qərb dairələri siyasi spekulasiyaya yol veriblər. Azərbaycan elə Avropa platformasında, Brüssel görüşündə, dəfələrlə bəyan edib ki, ermənilər Azərbaycanda həmişə digər xalqlar kimi tam təhlükəsiz yaşayıblar. Onlar tam təhlükəsiz şəkildə mövcudluqlarını və inkişaflarını davam etdirə bilərlər. Düşünürəm ki, buna heç kəsin şübhəsi yoxdur. Çünki həm Avropa, həm də ABŞ-da, eləcə də Ermənistanda bilinir ki, Azərbaycan dünyanın ən effektiv multikultural ölkəsidir. Burada heç vaxt hansısa xalqın nümayəndələrinə qarşı diskriminasiya olmayıb. Azərbaycanda bütün xalqların nümayəndələri öz milli identikliklərini qoruyub-saxlamaq, inkişaf etdirmək imkanlarına malikdirlər".
E.Mirbəşiroğlu vurğulayıb ki, əslində, Ermənistan Naxçıvan Muxtar Respublikasını blokadada saxlayır:
"Reallıqda Naxçıvan 30 ildən artıq müddətdir ki, blokada şəraitindədir. Soydaşlarımız öz torpaqlarına başqa ölkənin ərazisindən istifadə edərək gedib gəlməkdədir. Bir dəfə də olsun heç bir beynəlxalq təşkilat, Avropa dövləti Ermənistan tərəfindən Naxçıvanın blokadada saxlanıldığını dilə gətirməyib. Bu cür riyakarlıqla onlar regionda hansısa məsələləri həll etməyə cəhd göstərirlər. Bu bir daha onun göstəricisidir ki, onların həll edəcəyi məsələlər bizim üçün yaxşı heç nə vəd edə bilməz. Naxçıvan blokadada saxlanıldığı halda Azərbaycanın öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsi qurmasını beynəlxalq təşkilatlar, Avropa dövlətləri ermənilərə qarşı soyqırımı kimi səciyyləndirir. Halbuki əsl soyqırımını, terroru Ermənistan dəfələrlə Azərbaycan xalqına qarşı həyata keçirib. Həmişə də beynəlxalq təşkilatlar, Avropa ölkələri bunu görməzdən gəliblər. Belə olan halda təbii ki, biz məqbul bildiyimiz yollarla öz ərazilərimizdə suverenliyimizi tam bərpa etmək istiqamətində addımlar atmaqdayıq. Azərbaycan Ermənistandan fərqli olaraq, Xankəndiyə aparan alternativ yol təklif edir. Bu,bir daha onun göstəricisidir ki, Azərbaycan həmişə humanizm prinsiplərinə söykənir. Öz addımları ilə nümayiş etdirir ki, həqiqətən, səmimiyyətlə sülhün və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır və bu istiqamətdə addımlar atmaqdadır. Azərbaycanı əsassız ittiham edənlər isə Cənubi Qafqaz regionunda gərginliyin saxlanılmasında maraqlı olan tərəflərdir".