Modern.az

Erməni yalanına inanan Avropa İttifaqı: Qərəz və tərəfkeşlik

Erməni yalanına inanan Avropa İttifaqı: Qərəz və tərəfkeşlik

Parlament

16 Avqust 2023, 17:51

Ötən gün Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə deziformasiya yayıb. Belə ki, İrəvan Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açıldığını iddia edib. Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edib və bildirib ki, erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil.

 

"Bildiririk ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır", - Nazirlik bildirib.
 

Avropa İttifaqının Ermənistandakı missiyası əvvəlcə Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib etdi.  "Avropa İttifaqı Missiyasının patruluna heç bir atəş açılmayıb. Biz sərhəd boyunca patrul aparırırq və məsuliyyət zonasındakı atəş açılması halları da daxil olmaqla, hərbi yenilikləri Brüsselə məruzə edirik", - deyə açıqlamada qeyd olunub.

 

Ancaq Missiyanın sosial media hesabında bir müddət sonra bu paylaşım silindi və guya Azəbaycanın müşahidəçilərə atəş açması barədə erməni yalanı təkrarlandı.

 

Maraqlıdır, Avropa İttifaqının Misssiyasının "təkzibini təkzib" etməsinə səbəb nə olub? Erməni tərəfi Avropanın ölkəsindəki missiyasına təzyiq edir? Yoxsa başqa səbəblər var...

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Avropanın Ermənistandakı missiyasının dolaşıq cavabı Azərbaycana  təzyiq məqsədi daşıyır:

 

"Erməni saytlarında Ermənistan-Azərbaycan sərhədində müşahidə aparan Avropa Missiyası üzvlərinə guya Azərbaycan əsgərləri tərəfindən atəş açılması barədə yalan məlumatlar yayılıb. Avropa Missiyasının üzvləri buna dolaşıq reaksiya veriblər. Gah deyirlər belə bir şey olmayıb, gah da deyirlər ki, belə bir şey olub. Bütün bunlar Azərbaycan əleyhinə təzyiq vasitəsidir. BMT TŞ-də də guya Azərbaycanın Qarabağın dağlıq hissəsindəki erməniləri blokadada saxlaması ilə bağlı məsələyə baxmaq gündəmdədir. Bundan başqa Parisin, İranın müxtəlif səviyyələrdə canfəşanlığı da ortadadır. Məqsəd aydındır. Məqsəd Azərbaycana siyasi, diplomatik yolla təzyiq etmək, Ermənistana dəstək göstərməklə bölgədə yenə də sakitliyin, əmin-amanlığın pozulmasına rəvac verməkdir. Yeni müharibə alovlandırmaq və bölgədə daimi sülhə mane olmaq məqsədi güdülür. Suyu bulandıraraq hər kəs balıq tutmaq və özünün siyasi-iqtisadi maraqlarını təmin etmək istəyir".

Musa Quliyev vurğulayıb ki, bütün bu addımların heç biri nəticə verməyəcək:

 

"2020-ci ildəki 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu məsələni birdəfəlik kökündən həll edib. Ermənistan tərəfi də ağıllı davranmalıdır. Ermənistan sülh müqaviləsinin bağlanması istiqamətində ciddi addımlar atmalıdır.Paşinyan bir neçə dəfə Azərbaycan ərazisini tanıdığını bəyan edib. O, hətta 86,6 min kvadrat kilometr ərazi sözünü də işlədib. Qarabağı da Azərbaycanın ərazisi olmaqla tanıdığını bildirib. Amma işə gələndə nəticə yoxdur. Delimitasiya və demarkasiya prosesi ilə bağlı addım atmırlar. 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın müddəalarına riayət etmirlər. Qarabağdakı silahlı erməni quldurlarını oradan çıxarmırlar.Bütün bunlar hamısı onu göstərir ki, bölgədə əbədi, daimi sülhün olmasını istəməyən qüvvələr fəallaşıblar".

 

Deputat Azərbaycana növbəti iftiranın atıldığını söyləyib:

 

"Bizə atəş açılıbdır deyən Missiyaya sual vermək lazımdır ki, “Sənin orada nə işin qalıb, sənin orada nə itin azıb?” Ortada üçtərəfli bəyanat var və onun bəndlərinə görə Rusiya sülhməramlıları fəaliyyət göstərir, monitorinqi də Rusiya və Türkiyə  hərbçiləri bir yerdə həyata keçirirlər. Hesab edirəm ki, bu, növbəti bir iftiradır. Bu iftiraya cavab vermək çox rahat və asandır. İndi elə bir dövr deyil ki, kimsə kiməsə "mənə raket atdılar, atəş açdılar" deyə şər-böhtan atsın. Peyklər var. Bu məsələləri göydən izləmək mümkündür. Məsələni müxtəlif hərbi vasitələrlə tam aydınlaşdırmaq da olar. Digər yandan Azərbaycan əsgərinin nəyinə lazmıdır ki, missiyaya atəş açsın? Əlbəttə, sərhədi pozan olacaqsa, buna qarşı da tədbir görüləcək. Azərbaycan qətiyyətlə öz sözünü deyib. Bundan sonra da deyəcək. Amma yaxşı olardı ki, bundan sonra məsələləri biz sülh yolu ilə çözək.Cənab Prezidentin də istəyi və çağırışları bundan ibarətdir. Əgər onlar sülh yolu ilə məsələni birdəfəlik çözmək, yaxud sülh müqaviləsi imzalamaqdan yayınacaqsa, deməli, növbəti dəfə onlar kapitulyasiyaya hazırlaşmalıdır. Bizim növbəti həmləmiz daha ciddi və daha həlledici olacaqdır”.

 

Milli Məclisin digər bir deputatı Anar İsgəndərli söyləyib ki, Ermənistan Aİ-yə hədə-qorxu gəlib:

 

"Bu günə qədər Avropa bizim xeyrimizə nəsə deyibmi? Ermənilər 30 il ərzində Azərbaycan ərazilərini işğal edərkən hansı Avropa rəsmisi Azərbaycanın haqqını müdafiə etdi? Heç biri. Bu gün də təbii ki, Avropanın Ermənistandakı missiyası bu ölkənin marağına xidmət edir. Biz bunlardan ədalət gözləməməliyik. Onların mövqeyi ədalətli ola bilməz.Ona görə də bir gün qabaq elan edir ki, bəli, Azərbaycan ordusu tərəfindən atəş açılmayıb, bir neçə saat keçir, deyir ki, atəş açılıb.Ermənilər göz yaşı tökən, hədə qorxu gələn kimi Avropa İttifaqının Missiyası fikirlərini dəyişdi.  Deməli onlar Ermənistanı bəsləyirlər.  Onlar Ermənsitanı özləri üçün  doğma sayırlar.  Onlar üçün  haqq-ədalət yoxdur. Onlar üçün xristian amili, xristian birgəyaşayışı amili var.  Ermənilərin bu ərazilərə köçü də bu xristian birgəyaşayışı amili bağlı idi. Yoxsa ermənilər burada nə gəzirdi? Ona görə deyirəm ki, Avropadan bu gün haqq-ədalət gözləməyimiz sadəlövhlükdür. Deməli, bu mövqe Avropanın bizə bu günə qədər olan  münasibətidir. İkili standart məhz budur. Amma bu gün Azərbaycan 30 il əvvəlki deyil. Nə Avropanın dediyi onun üçün qanundur, nə də  Avropanın dediyinə o sağol deyir".

Deputat vurğulayıb ki,  30 illik təcrübə Azərbaycana yalnız özünə arxayın olmağı öyrədib:

 

"Sadəcə olaraq 30 illik təcrübə onu göstərdi ki, Azərbaycan öz gücünə arxayın olmalıdır. Azərbaycan dəmir yumruq kimi birləşdi ki, 44 günlük müharibədən qalib dövlət kimi ayrıldıq. Bu gün Avropa ölkələri ədalətdən çox göz yaşı tökən Ermənistana dəstək olur. Ermənistanın 30 il etdiklərini yada salmır, dağıtdıqlarını demirlər.  Amma  deyirlər ki, “Azərbaycan ədalətli olmalıdır”, Azərbaycan Qarabağdakı erməniləri aclıqla imtahan etməməlidir”.  Bu da Avropanın növbəti böhtanı, iftirasıdır.  Azərbaycan deyir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanununu qəbul edirsə, orada da yaşasın. Separatçı əməllərlə məşğul olmaq istəyənlərə isə burada yer yoxdur. Bunu Avropa da, Amerika da, Ermənistan özü də bilir".  

 

Milli Məclisin deputatı Vüqar İskəndərov vurğulayıb ki, ermənilərin Aİ missiyasına təzyiq göstərdiyi açıqdır:

 

“Ermənilərin tamaşası, bununla bağlı öz fikirlərində etdikləri təzyiq davam edir.  Təəssüflər olsun ki, bu oyunlara Avropa İttifaqını da, Ermənistanda akkreditasiya olunmuş səfirliklərin nümayəndəliyini də qatırlar. Artıq son günlər Avropa İttifaqının Ermənistanda olan təqaüdçü jandrmları, nümayəndələri açıqlama verirlər. Elə bir təəssürat yaranır ki, həmin açıqlamalar Ermənistan Xarici İşlər Nazirliyinin bülletenidir. Hər biri onu deməyə əsas verir ki, hazırda erməni yalan maşını sürətlə işləyir və ona dəstək verən qüvvələrlə birlikdə  manipulyasiya oyunları davam edir. Avropa İttifaqının ötən gün Azərbaycan tərəfdən onların nümayəndələrinə atəş açılmasının yalan olduğu ilə bağlı tviti, biraz sonra  isə onun silinməsi konkret olaraq onu deməyə əsas verir ki, bu, erməni tərəfinin təzyiqi ilə baş verib. Onların Fransada oturan başbilənlərinin göstərişi ilə həmin yazı silinib. Bunun baş verdiyi söylənilib”.

 

Deputat bu gün BMT TŞ-də bu məsələlərə baxılacağını, lakin bunun absurd olduğunu vurğulayıb:

 

“TIR şousu Parisdə, digər yerlərdə senari kimi yazılıb ermənilərə ötürülüb. Hazırda həmin senarinin davamı gedir. Yenə də bu qüvvələrin yazdığı çirkin təxribat oyunları BMT TŞ-nin iclasına təzyiq və təsir göstərmək cəhdləridir. Düşünürük ki, Təhlükəsizlik Şurasının iclasında məsələyə rasional düşüncəli yanaşacaq dövlətlərin nümayəndələri də olacaq. Onlar başa düşürlər ki, bütün bu məsələlər bir oyundur və  Azərbaycanın öz daxili işidir. Azərbaycan öz sərhədləri daxilində haranın açılıb, haranın bağlanmasına özü qərar verir. Bu məsələlərin BMT-də baxılıb, müzakirə olunması özü absurddur. Hələ də biz bu absurd teatr tamaşalarını seyr etməkdəyik”.

 

V.İskəndərov rəsmi Bakının müəyyən tədbirlər gördüyünü diqqətə çatdırıb:

 

“Təbii ki, rəsmi Bakı bununla əlaqədar vacib işlər görür. Azərbaycan Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, müvafiq orqanlar, ictimai təşkilatlar, Ombdusman və Milli Məclis hər biri öz  xətti ilə bu yalanların ifşa olunması üçün hərəkətdədir.  Biz düşünürük ki, bütün bu təxribatlara BMT-nin bu iclasında son qoyulacaq. Sual oluna bilər ki, BMT-də bununla bağlı ermənilərin xeyrinə qərar verilsə, nə baş verəcək? Cavab odur ki, heç nə. 30 il ərzində BMT-nin 4 qətnaməsinin aqibəti necə oldu ki, bundan sonra bu təşkilatın verdiyi qərar hansısa nəticə ilə sonlansın”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi