ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın XİN başçısı Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Laçına göndərmək istəyir.
Modern.az xəbər verir ki, Osmani bu barədə X platformasında paylaşım edib.
"Keçən həftəki telefon danışıqlarımın ardınca mən ATƏT-in fəaliyyətdə olan sədri olaraq şəxsi nümayəndəm Anjey Kaspşikdən xahiş etdim ki, Laçın ərazisinə baş çəksin və mövcud vəziyyətlə bağlı mənə məruzə eləsin", - deyə o qeyd edib.
Xatırladaq ki, avqustun 10-da xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı aparıb.
Telefon danışığı zamanı ATƏT çərçivəsində əməkdaşlıq məsələləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesi və bölgədə mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatların sülh prosesinin irəliləməsinin qarşısının alınmasına hesablandığını diqqətə çatdırıb. Xüsusilə, Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya səylərinə təhdid törədən Laçın sərhəd keçid məntəqəsinə qarşı törətdiyi təxribatlarının bu ölkənin sülh prosesində maraqlı olmadığını göstərdiyi bildirilib.
Following up to my phone conversations from last week, as @OSCECiO I requested my Personal Representative Andrzej #Kasprzyk to visit the #Lachin area and to report back to me on the current situation on the ground. (1/2)
— Bujar Osmani (@Bujar_O) August 16, 2023