Ötən gün Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. Şuranın təcili iclasında Laçın yolu ətrafında vəziyyətlə bağlı müzakirələr və dinləmələr aparılıb.
Lakin iclasda ermənilərin xeyrinə nəticə çıxmayıb. Azərbaycanın əleyhinə qərar qəbul olunmayıb. Ermənistanın istəkləri bu dəfə də fiaskoya uğrayıb. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu.
"Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir", - bəyanatda deyilir.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, BMT TŞ-nin iclasında ermənilərin istəklərinə nail olmayacağı məlum idi:
"BMT TŞ-nin dünənki iclasının bu nəticə ilə yekunlaşması gözlənilənilən idi. Bizim oradakı nümayəndəmiz Yaşar Əliyevin tam çıxışını oxudum. Onun çıxışı çox güclü, arqumentli və əsaslandırılmış oldu. Qarabağla bağlı prosesləri, 30 il ərzində nə baş verdiyini çox gözəl əsaslandırdı. BMT TŞ-nin qəbul etdiyi qətnamələr var. Eləcə də, Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixində ermənilərin Laçın-Xankəndi yolu ilə bağlı iddiasına müsbət cavab verməyib. Bütün beynəlxalq sənədlərin Azərbaycanın xeyrinə olduğu aşkardır. Dünənki iclasın nəticəsi bu baxımdan da məntiqidir".
Komitə sədri ermənilərin məsələləri BMT TŞ-nin iclasına çıxarmaqda məqsədindən də söhbət açıb:
"Ermənistan sülh müqaviləsinin imzalanmasını istəmir. Bunun fonunda Azərbaycanla Ermənistanın şərti sərhədlərində, eyni zamanda Qarabağın özündə ermənilərin təxribatları intensivləşib. Bütün bunlara beynəlxalq miqyasda dəstək almaq üçün məsələləri BMT TŞ-yə çıxardılar. Burada hansısa qərarın qəbul olunmasını, beləliklə daha da qızışmağı arzu edirdilər. Ancaq onların bu istəyi fiaskoya uğradı. Xəyal qırıqlığına düçar oldular. Orada çıxış edən nümayəndəmizin, eləcə də digər dövlətlərin nümayəndələrinin əsas fikri ondan ibarət oldu ki, ermənilər Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər. Məsələnin sülh yolu ilə iki ölkə arasında çözülməsini tövsiyə etdilər. Əslində Ermənistana əvvəldən təklif etmişik ki, gəlin,oturaq məsələni həll edək. Vasitəçilərdən bir şey çıxmayacaq. Hərəsi bir hava çalır. Hərəsinin öz problemi var. Vasitəçilər də bunların başını yeyir. Ermənistanda da onsuz bir baş bilən yoxdur. Ermənistanın maraqlarını Ermənistanda bilən və müdafiə edən yoxdur. Görək, bundan sonra nə edəcəklər, nə deyəcəklər? Amma hər bir halda onu demək istəyirəm ki, bunların buynuzları qalxan kimi qırılmalıdır. Çünki bunlar danışıq, diplomatiya, siyasət bilmirlər. Ancaq güc dilindən başa düşürlər".
Z.Əsgərov BMT qərargahı önündə dinc aksiya keçirən azərbaycanlı fəallara ermənilərin hücum etməsinə də reaksiya bildirib:
"Bunlar hər yerdə təxribat törədir. Bunlara belə sifariş gəlib ki, həm sərhəddə, həm Qarabağda, harada Azərbaycanla bağlı tədbir gedirsə, orada təxribat törədin. Bu dinc nümayişdir. Diaspor nümayəndələri öz dövlətini müdafiə edir, öz dövlətinə dəstək verir, erməni separatizminə yox deyir, erməni təxribatına yox deyir. Burada nə var ki? Bu sırf sakit aksiyadır. Buna qarşı təxribat törətmək, insident yaratmaq istəyiblər. Bunların bütün istəkləri fiaskoya uğrayıb. Haqq-ədalət həmişə Azərbaycanın tərəfində olub, bundan sonra da belə olacaq”.
Milli Məclisin digər bir deputatı Elşad Mirbəşiroğlu isə qeyd edib ki, ermənilərin iddiaları əsasında müzakirələrin keçirilməsi BMT-nin imicinə zərər vurur:
"Onsuz da BMT bir təşkilat kimi funksionallağını artıq kifayət qədər itirib. Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, BMT-nin strukturunda dəyişikliklərin aparılması qaçılmazdır. Həqiqətən də, bu təşkilatın sərgilədiyi mövqe, onun söykəndiyi prinsiplər onun ayrı-ayrı dairələrin maraqlarının təmin olunması istiqamətində fəaliyyət nümayiş etdirdiyini göstərir. Baxın, Ermənistan rahatlıqla BMT kimi təşkilatı özünün manipulyasiyalarının alətinə çeviməkdədir. 2020-ci ildə biz torpaqlarımızı işğaldan azad etməklə həm də BMT TŞ-nin qəbul etdiyi dörd qətnamənin icrasını reallaşdırdıq. BMT Azərbaycana çox sağol demək əvəzinə,yenə də, bizə qarşı qərəzli müzakirələr təşkil etdi. Ancaq heç bir nəticə əldə olunmadı. Bütün bunlar bir daha göstərir ki, BMT ayrı-ayrı siyasi dairələrin ambisiyalarının gerçəkləşdirilməsinin alətinə çevrilib. Ümumiyyətlə, müstəqil bir təşkilat da deyil. Avqust ayının 11-də Ermənistan BMT TŞ-nin fövqəladə iclasının keçirilməsi ilə bağlı müraciət edib. Təşkilat çox operativ reaksiya nümayiş etdirib. Bunun özü də qəribədir. Cəmi beş gün sonra iclas keçirildi. Ümumiyyətlə, BMT platforması ayrı-ayrı mənfi maraqların müdafiə olunduğu arenaya çevrilməkdədir".
Deputat vurğulayıb ki, dünənki müzakirələr yenə də haqlı tərəf olan Azərbaycanın mahiyyət etibarilə uğuru kimi qiymətləndiriləcək nəticələrlə yekunlaşıb:
"Birincisi, Azərbaycana qarşı Ermənistanın gözlədiyinin əksi olaraq yekun sənəd qəbul olunmadı. Hətta ciddi tövsiyələrin olduğunu demək də düzgün deyil. Azərbaycan təmsilçisi Ermənistanın destruktiv fəaliyyəti haqqında olduqca geniş, əsaslandırılmış məlumat vermişdi. Ermənistan belə bir platfomanı formalaşdırdı ki, Azərbaycana qarşı siyasi mövqe yaratsın. Tam əksinə oldu. Biz bu platformadan erməni riyakarlığını, Ermənistanın qeyri-konstruktiv davranışlarını bir daha ifşa edərək, dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün istifadə etdik. Diqqət etsəniz görərsiniz ki, Yaşar Əliyev Azərbaycan tərəfinin atmış olduğu konstruktiv addımları, eləcə də Ermənistan və onun havadarlarının destruktiv, pozucu fəaliyyətini çox yaxşı arqumentləşdirdi. Bu da bizim bir uğurumuz oldu ki, Azərbaycan tərəfi haqlıdır. Əsl sülh gündəliyini formalaşdıran və irəli aparan məhz Azərbaycan tərəfidir. Məhz Azərbaycan tərəfi əsaslandırdı ki, ölkəmiz Xankəndiyə humanitar yülklərin daşınması üçün əlavə marşrutlar təklif edir. Əgər həqiqətən, məqsəd humanitar yardımdırsa, nəyə görə Azərbaycanın təklifləri ümumiyyətlə qulaq ardına vurulur. Azərbaycan onu da göstərdi ki, Ermənistan tərəfi həmişə olduğu kimi, əldə olunan razılıqlara əməl etmir. Azərbaycanın təklifi həm Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən etiraf olunmuş və məqbul sayılmışdı, həm də Ermənistan tərəfi Ağdam-Xankəndi istiqamətində hərəkətin mümkünlüyünü qəbul etmişdi. Ancaq daha sonra məsələyə toxunulmadı, onun üstündən keçildi. Daha sonra Jozef Borel öz mövqeyini bildirirərək dedi ki, “ Xankəndi-Ağdam yolu Laçın dəhlizinin alternativi ola bilməz"".
E.Mirbəşiroğlunun sözlərinə görə, bu onu göstərir ki, Ermənistan kənardan dəstək almaqdadır:
"BMT TŞ-də müzakirələrin operativ təşkili bir daha nümayiş etdirdi ki, Ermənistan Azərbaycana qarşı təxribatlarında tək deyil. Onu yaxından dəstəkləyən dairələr var. Amma Azərbaycanın da haqlı mövqeyini dəstəkləyən kifayət qədər dostları mövcuddur. BMT TŞ-nin iclasında nümayiş etdirdik ki, biz öz mövqelərimizi qorumaq iqtidarındayıq.
Müzakirələr zamanı Azərbaycanlı aktivistlərin aksiya zamanı yenə də ermənilərin aqressiyasına məruz qalması bir daha nümayiş etdirdi ki, ermənilərlə dinc dialoq olduqca çətin, hətta qeyri-mümkündür. BMT TŞ-dəki müzakirələr göstərdi ki, Azərbaycanın güclü mövqeləri var və daha da güclənməkdədir".
Milli Məclisin deputatı Nəsib Məhəməliyev də dünən keçirilən iclası Azərbaycan diplomatiyasının növbəti uğuru hesab edir:
"BMT TŞ-dəki iclasın nəticələrinə diqqət yetirdikdə, birmənalı olaraq deyə bilərik ki, bu Azərbaycan diplomatiyasının, Prezident İlham Əliyevin siyasi qələbəsidir. Çünki müzakirələrdən əvvəl erməni təxribat maşını, dünya erməniliyi, lobbi təşkilatları informasiya müharibəsini genişləndirmişdilər. Təsəvvür yaratmışdılar ki, BMT TŞ artıq Azərbaycan əleyhinə hansısa qətnamələr hazırlayır və Azərbaycana qarşı ciddi təzyiqlər olacaq. Laçın sərhəd-buraxılış məntəqəsi tamamilə götürüləcək. Ancaq olduqca xoş oldu ki, müzakirələr bəzi istisnalar olmaqla obyektiv şəraitdə keçdi. Azərbaycan əleyhinə ciddi çağırışları eşitmədik. Ermənilərin istinad etdikləri, blokada, soyqırımı, humanitar böhran kəlimələrini heç bir dövlət praktiki olaraq işlətmədi. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çox samballı, təkcə faktlara söykənən çıxışı erməni təbliğat maşınını darmadağın etdi. Bir daha dünya birliyi əmin oldu ki, ermənilər yalanlarla, iftiralarla belə bir kampaniyaya başlamışdılar. Bu kampaniya da prakitiki olaraq Azərbaycanın qələbəsini, reallıqlarını təsdiq etmiş oldu.Biz cəmiyyət olaraq, Ermənistanın təkidli tələbi ilə fövqəladə iclas keçirilməsindən narahat idik. Hesab edirəm ki, erməni təbliğat maşını o kartdan istifadə etdi. BMT-də öz fikrini bildirdi. Biz bununla arxayınlaşmamalıyıq. Ermənilər və onlara himayədarlıq edən qüvvələr öz məkrli siyasətindən əl çəkməyib və çəkməyəcəklər.
Qarabağdakı separatçılar BMT TŞ-nin bu iclasından sonra da ağıllanamasa təbii ki, biz öz legitim, hüquqi addımlarımızı atmalıyıq. Hesab edirəm ki, Qarabağdakı ermənilərin, eləcə də Ermənistandakı erməni millətçilərinin, daşnakların müharibə ritorikasından əl çəkmək niyyəti yoxdur. Biz buna hazır olmalıyıq".
Deputat ermənilərin azərbaycanlı fəalların aksiyasına hücumunu da şərh edib:
"Ermənilər aksiyalara daha əvvəl başlamışdılar. Nyu Yorkdan xeyli uzaqda yerləşən Los Anclesdə 10 gün olar ki, belə bir kampaniya başlamışdı. Bir nəfər də olsun azərbaycanlı bunlara müdaxilə etmədi.Təxribat törədəcək hallara yol verilmədi. Ermənilərin azərbaycanlı gənclərə qarşı davranışları onların xislətindən irəli gəlir. Hər zaman məğlub olan, haqsız tərəf şantajlara, provakasiyalara, şər-böhtana əl atırlar. Məsələni əsas mahiyyətindən diqqəti yayındarmaq üçün belə cılız hərəkətlərə yol verir. 44 günlük Vətən müharibəsi zamanı Avropada, dünyanın digər şəhərlərində dinc aksiya keçirildikdə də ermənilər belə hücumlar edirdilər. Bu yeni bir hal deyil. Gələcəkdə də təbii ki, bunlara adekvat cavab verməliyik. Məsələ o deyil ki, kimsə gəlib bizə hücum etdi. Biz öz siyasətimizi davam etdirməliyik. Belə xırda-para hücumlar gənclərimizi qorxutmamalıdır. Biz nəticə çıxarmalıyıq. Gələcək aksiyalarda daha mütəşəkkil olmalıyıq. Erməni milliyyətçilərinin hücumlarına özümüzün əks tədbirlərimiz olmalıdır".