Modern.az

Bu su kəməri Hacıqabul və Şirvanı içməli su ilə təmin edəcək FOTOLAR

Bu su kəməri Hacıqabul və Şirvanı içməli su ilə təmin edəcək FOTOLAR

6 Avqust 2013, 16:46

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir. Hazırda 38 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. “Azərsu” ASC – nin mətbuat xidmətindən Modern.az – a verilən məlumata görə, regionlarda reallaşdırılan layihələr rayon mərkəzlərinin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən artıq kəndi də əhatə edəcək. İstehlakçıların keyfiyyətli və dayanıqlı içməli su ilə təchiz etmək üçün yeni infrastrukturlar yaradılır.

  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Kürətrafı rayonlarda içməli su probleminin həll edilməsi məqsədi ilə inşa edilən Şirvan-Muğan qrup su kəmərinin inşası yekunlaşmaq üzrədir. Təməli 16 iyul 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidi. Tikinti işləri başlanandan indiyə qədər ümumi uzunluğu 107 km olan magistral kəmərin 100 km-lik hissəsində işlər tam başa çatıb. Kəmərin 55 km hissəsi 1200 və 1000 mm diametrli metal, 52 km-lik hissəsi isə 710 mm diametrli polietilen borularla çəkilir.

Kəmərin marşrutu boyunca  su alacaq kəndləri su ilə təmin etmək üçün çıxışlar verilir.  Ətraf kənd və qəsəbələri davamlı və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə kəmər boyunca ümumi tutumu 50 min kubmetr olan su anbarları da inşa edilir.

Şirvan-Muğan qrup su kəmərinin inşasının avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da Salyan və Biləsuvar şəhələrinə içməli suyun verilməsi təmin ediləcək. Artıq magistral su kəmərinin bir hissəsinin istismara verilməsi ilə Hacıqabul və  Şirvan şəhərlərinə içməli suyun verilməsinə başlanılıb. Yeni mənbədən içməli suyun verilməsi ilə Hacıqabulda 8 min nəfərin, Şirvan şəhərində isə 15 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb. Hazırda Hacıqabul və Biləsuvar şəhərlərində su təchizatı şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Yaxın gələcəkdə Şirvan, Salyan və Neftçala şəhərlərində də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq. 

Magistral kəmərin  istismara verilməsi ilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin 470 min nəfər sakini  keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunacaq.


  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı