Modern.az

Azadlıq və sülh arzusu - BMT-də Azərbaycanı müdafiə edən alban diplomat KİMDİR...

Azadlıq və sülh arzusu - BMT-də Azərbaycanı müdafiə edən alban diplomat KİMDİR...

Analitika

18 Avqust 2023, 11:12

Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Qarabağla bağlı toplantısında Azərbaycanın haqlı mövqeyini müdafiə edən, Ağdam-Xankəndi yolundan humanitar məqsədlər üçün istifadəni dəstəkləyən ölkələrdən biri də Albaniya idi.

 

Balkan yarımadasında yerləşən, uzun müddət Osmanlı dövlətinin tərkibində yaşayan alban xalqının 1912-ci ildə qurduğu dövləti BMT-də təmsil edən daimi nümayəndə Ferit Hocanın çıxışı xüsusilə seçilirdi:

 

"Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin həlli üçün sui-istifadə olunmamalıdır. Söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək mümkündür. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi - Ağdam yolu da daxildir. Albaniya mayın əvvəlində ABŞ-də baş tutan sülh danışıqlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayır".

 

Modern.az oxucuların marağını nəzərə alaraq alban diplomat Ferit Hocanın həyat və fəaliyyətini araşdırıb.

 

Ferit Hoca 22 fevral 1967-ci ildə Albaniyanın Koplik şəhərində anadan olub. Tirana Universitetini fransız dili və sivilizasiyası ixtisasını bitirib. Daha sonra təhsilini Niderland Beynəlxalq Münasibətlər İnstitutunda davam etdirib. ABŞ-ın Merilend ştatında araşdırma mərkəzində təlim keçib, Corctaun Universitetində yüksək səviyyəli idarəetmə kursunda iştirak edib.

 

Diplomatik karyerasına 1991-ci ildə başlayıb. 1993-1995-ci illərdə Albaniyada Xarici İşlər Nazirliyində çoxtərəfli əməkdaşlıq və beynəlxalq əlaqələr şöbəsində müdir müavini olub. 1995-ci ildə Albaniyanın Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin müşaviri vəzifəsində çalışıb. 1996-1998-ci illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli əməkdaşlıq və beynəlxalq əlaqələr şöbəsinin müdiri olub.

 

1998-2001-ci illərdə F.Hoca Albaniyanın Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri və eyni zamanda 1999-2001-ci illərdə Belçika və Lüksemburqda səfir olub. Daha sonra o, diplomatik fəaliyyətini Fransa və Portuqaliyada səfir kimi davam etdirib, beynəlxalq Frankofoniya Təşkilatının Daimi Şurasında Albaniyanı təmsil edib. 2006-2009-cu illərdə Xarici İşlər Nazirliyinin baş katibi olub. Bu müddət ərzində o, eyni zamanda müxtəlif beynəlxalq layihələrin milli əlaqələndiricisi və koordinatoru olaraq çalışıb. Daha sonra isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) fəaliyyət göstərib.

 

 

O, 2009-2015-ci illərdə Albaniyanın BMT-dəki daimi nümayəndəsi olub. 2015-2021-ci illərdə Albaniya Xarici İşlər Nazirliyində siyasi və strateji məsələlər üzrə baş idarənin direktoru olub. O, 2021-ci ilin oktyabrında yenidən BMT-yə daimi nümayəndə kimi qayıdıb. Fəaliyyəti dövründə F.Hoca BMT-də rotasiya qaydasında bir neçə vəzifə tutub. Fransa, İtaliya və Albaniya tərəfindən müxtəlif vaxtlarda təltif olunub. Evlidir, 2 övladı var.

 

Müsahibələrinin birində o, 1985-ci ilə - ölümünə qədər Albaniyanı idarə etmiş kommunist rejimin başçısı Ənvər Hoca dönəmini xatırlayaraq deyir: “Mən elə bir ölkədə böyümüşəm ki, sizin bir qəzetiniz, bir səsiniz, bir xəttiniz var və sizə düşünməyə icazə verilmir. Valideynlərim mənə dedilər ki, nə dediyimi və kimə dediyimi 2 dəfə düşünüm. Azadlıq eşitdiklərinə şübhə edəndə başlayır. Azadlıq o demək deyil ki, istədiyiniz hər şeyi edə bilərsiniz. Xeyr, azadlıq institutlar, qanunlar, qaydalar, hesabatlılıq, ədalət vasitəsilə qurulur. Əlbəttə, siz kiçik bir ölkə olanda və vacib olmayanda sadəcə unudulursunuz. Ola bilsin ki, özünü dünyanın mərkəzi hesab edirsiniz, amma əslində unudulursunuz. Son 30 ildə Albaniyanı transformasiya olundu və beynəlxalq arenada ümumbəşəri dəyərlərin fəal müdafiəçisinə çevrildi".

 

Beynəlxalq mətbuatda F.Hocanın BMT-də, xüsusən Təhlükəsizlik Şurasındakı nitqlərinə xüsusi yer verilir. Məsələn, "Arab News" nəşri yazır: "Onun ehtiraslı çıxışları içində yaşanmış təcrübənin inamını daşıyır. O, öz bəyanatlarında BMT Nizamnaməsini və ümumbəşəri prinsipləri vurğuladıqda, yeni məna kəsb edir. Onun sözləri həqiqət və aydınlıq mahiyyəti daşıyır".

 

 

Qeyd etmək lazımdır ki, F.Hoca təkcə Qarabağla bağlı yox, BMT Təhlükəsizlik Şurasının toplantılarında ən müxtəlif məsələlərlə bağlı ədalətli, bəşəri və beynəlxalq hüquqa söykənən siyasi mövqe sərgiləyir. Məsələn, Suriya ilə bağlı mövzunun müzakirəsi zamanı onun çıxışına nəzər salaq: 

 

“Əgər mən bu gün Suriyada yetkin bir vətəndaş olsaydım, nə qədər əziyyət çəksəydim də, ailəmin nə qədər üzvü ölmüş və ya itkin düşmüş olsa da, ailəmin üzvləri rejimin bədnam həbsxanalarında olsa da, bu sualı verərdim: Gələcəyimi eyni insanlarla qura bilərəmmi? Ölkənin bir kəsiminin hər şey üzərində hökmranlığı ilə öz gələcəyimi qura bilərəmmi? Cavab "bəli" olarsa, o zaman müharibənin növbəti mərhələsinin başladığını görəcəyik. Çünki Albaniyanın tarixindən öyrəndiyimiz bir şey var. Biz nə etsək də, insanlar azadlıq, sülh və firavanlıq istəyirlər. Həqiqətən ləyaqətli bir həyat yaşamaq üçün dərin arzular daşıyırlar. Yer üzündə bunu arzulamayan heç bir insan yoxdur".

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər