Modern.az

Qarabağ iqtisadiyyatı: Hansı sahələrdə perspektiv var?

Qarabağ iqtisadiyyatı: Hansı sahələrdə perspektiv var?

Analitika

18 Avqust 2023, 16:57

Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın ən müxtəlif sahələri ilə bağlı inkişaf imkanları var.

 

Modern.az ayrı-ayrı sahələr üzrə bölgənin iqtisadi perspektivlərini araşdırıb.

 

Kənd təsərrüfatı sahəsinə nəzər yetirsək, bitkiçilik və heyvandarlıq sahələrinin kifayət qədər rentabelli ola biləcəyinə şahid olarıq. İşğal dövründə bəzi bölgələrdə təbiət zərər görsə də, həmin ərazilərin rekultivasiyası ilə məqsədə nail olmaq mümkündür. 

 

Qarabağda taxılçılıq, pambıqçılıq, tütünçülük, baramaçılıq, meyvəçilik, bostan bitkiləri və tərəvizçilik, o cümlədən bitkiçiliyin digər sahələri üzrə imkanlardan istifadə edilməlidir. Bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ixtisaslı kadr problemi, müasir metod və texnoloji imkanların tətbiqinin genişləndirilməsi, toxumçuluğa diqqətin artırılması vacibdir. 

 

 

Hələlik Qarabağda su çatışmazlığı problemi o qədər də hiss olunmasa da, bölgə üzrə hidroehtiyatlar proporsional paylanmayıb. Dağlıq hissədə su problemi yoxdur, amma aranda suvarma məsələsi gələcəkdə ciddi problem halına gələ bilər. Məhz buna görə də sudan qənaətlə istifadəyə, hidroloji qurğu və sistemlərin yenilənməsinə və su istehlakının səmərəli təşkilinə gərək var.

 

Ərzaq təhlükəsizliyi kontekstində xüsusən, taxılçılığa diqqətin artırılması, bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi və dəstək metodlarının yenidən nəzərdən keçirilərək təhlillərə əsaslanan təkmilləşdirilməsi və digər addımlar atılmalıdır. Heyvandarlıqla bağlı südlük-ətlik istiqamət, eləcə də bal istehsalı stimullaşdırılmalıdır.

 

Turizm sferasına gəldikdə, abidələrin vandallığa məruz qalması, təbii-antropogen turizm potensialının ziyan görməsinə baxmayaraq böyük imkanlar mövcuddur. Qarabağ iqtisadi rayonunda Ağdam cümə məscidi, Şahbulaq qalası, Pənahəli xan sarayı, Çörək muzeyi, Qutlu Musa türbəsi, Azıx mağarası, Amaras monastırı, Tağlar mağarası, Dizaq məliyinin sarayı, Ktişvəng monastırı, Ağ xaç kilsəsi, Qırmızı kilsə, Yeddi Qapı monastırı, Şeyx Babı türbəsi, Şah Abbas karvansarayı, Mirəli türbəsi, Alı körpüsü, Kərəm körpüsü, Bərdə İmamzadə türbəsi, Müqəddəs Yelisey monastırı, Tərtərçaydakı qədim körpü kimi tarixi abidələr var.

 

 

Təkcə Şuşa rayonu ərazisində Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi, Natavan sarayı Qarabağ xan sarayı, Molla Pənah Vaqif türbəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası, Üzeyir Hacıbəylinin ev muzeyi, Bülbülün ev muzeyi, Qara Böyükxanım bürcü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı, İkimərtəbəli karvansaray, Qazançı kilsəsi və digər görməli yerlər, İsa bulağı, Turşsu, Şırlan, Çətir şəlaləsi, Cıdır düzü kimi təbii məkanlar mövcuddur.

 

Dövlət tərəfindən regionda turizmin inkişafı üçün işğalın fəsadlarının aradan qaldırılması və digər addımlar atılmalıdır. Beynəlxalq miqyasda piar aksiyalarının təşkili, xarici turizm təşkilatları ilə birgə bölgənin təbiətinin, görməli yerlərinin tərənnümü və qlobal “booking” platformalarında region mehmanxanalarının yerləşdirilməsi və s. buna daxildir. Füzuli hava limanının istifadəyə verilməsi bu sahənin inkişafına mühüm təkan verən amil kimi çıxış edir. Viza prosedurlarının sadələşdirilməsi və mümkün olduğu təqdirdə tamamilə ləğvi də önəmli olardı.

Bu xəbər ilə bağlı
Qarabağ iqtisadiyyatı: İnkişaf üçün daha nələrə ehtiyac var?
Xəbəri oxu

 

Qarabağ iqtisadi rayonunda informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf üçün dövlətin müvafiq sahəvi infrastrukturu formalaşdırmasına ehtiyac var. Bu hal baş verərsə, təkcə rabitə və informasiya yox, digər sahələr üçün də imkanlar artmış olar. Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkələrdən olan sahə üzrə kadr və firmaların regiona cəlbi, onlar üçün uyğun sosial-mədəni şəraitin formalaşdırılması böyük önəm daşıyır.

 

 

Nəqliyyat-logistika sahəsində perspektivlər regionun iqtisadi-coğrafi mövqeyi ilə əlaqədardır. Sərhədlərə yaxınlıq və yaxın gələcəkdə Zəngəzurdan kommunikasiya əlaqələrindən istifadə imkanlarının yaranması Qarabağı haba çevirə bilər.

 

Regionda yüngül-yeyinti sənayesi sferasında keçmiş ənənələri dirçəltməklə, inkişafa nail olmaq olar. Bölgədə üzümçülüyün inkişafı şərabçılığın da inkişafına zəmin yaradır. Konserv və tekstil, xalı istehsalı da diqqət ayrılarsa, inkişaf edə bilər.

 

Onu da vurğulayaq ki, Qarabağ iqtisadi rayonunda başqa sahələrdə də perspektivlər var İqtisadiyyatın bütün sferalarında bölgənin inkişafı üçün işğal faktorunun zəiflətdiyi regionda dövlət dəstəyi həyati əhəmiyyətə malikdir. İqtisadi, hüquqi, hərbi-siyasi problemlərin həlli, “Böyük Qayıdış”ın sürətləndirilməsi, xarici yatırımların cəlbi, rəqabətli şəraitin təşkili məhz dövlətin üzərinə düşür. Paralel olaraq, qeyri-hökumət təşkilatlarının və təsis olunacaq yerli özünüidarəetmə orqanlarının səylərini koordinasiyalı şəkildə prosesə cəlb etmək məqsədəuyğundur.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər